Türkiyəli TIR sürücüləri -“Naxçıvan və Azərbaycan gömrükləri bizə zülm edirlər” – VİDEO
Sosial şəbəkələrdə Türkiyəli yük avtomobillərinin sürücülərinin Azərbaycanın gömrük keçid məntəqələrində üzləşdikləri problemlər, pis rəftar və onlardan tələb olunan əlavə qanunsuz rüsumlarla bağlı iddiaları yayılıb.
Yenixeber.org: Onlar bu halların xüsusilə Vətən müharibəsindən sonra baş verdiyini iddia edirlər. Kimliyi məlum olmayan sürücülərdən biri iddia edir ki, son aylarda onlardan tələb olunan rüsum 2 dəfədən çox artırılıb:
“İki dövlət, bir millət dediyimiz Azərbaycan, həqiqətən də, burada bizə çox haqsızlıq edir, haqsızlıqlar görürük. Buraya atdığımız ilk addımda bizimlə kobud rəftar edirlər. Bu bizə ağır gəlir. Ötən gün oradakı məmurlardan birinə dedim ki, sizin bizimlə bu rəftarınız məni öldürür.
Əvvəllər gediş-gəlişə 235 dollar ödəyirdik. İndi sadəcə gedişi ediblər 360 dollar, yəni gediş-gəliş edir 720 dollar. Heç yükdən 720 dollar qalmır, sən necə 720 dollar alırsan? Deyəndə də, deyirlər ki, belədir, işinə gəlirsə.
Bundan sonra gələnlər Bazargan (İranın vilayəti) üzərindən gələcək, hansı ki, mən də belə etdim.
Nə yükləyirsən yüklə, deyirlər yanıcı maddədir. Bişmiş kərpicin üzərinə türkcə “ateş tuğlası” yazdığı üçün deyir ki, bax, ateş yazdığı üçün yanıcıdır. Və buna görə 100 dollar “yanıcı maddə pulu” alır. Yanacaq çəninə görə pul alırlar. Heç yanacaq çəni olmasa belə o pulu alacaq. Belə qardaşlıq olar? Qardaşımın həyətindən keçəndə pul verib keçirəm, belə fikirləşin. Bu necə qardaşlıqdı? Burada bizə haqsızlıq edilir. Pasporta möhür vurur, deyir 10 dollar möhürpulu verəcəksən. Etiraz etdiyimiz üçün yolpulunu, yəni dozvola adlı keçid sənədinə görə 50 dollardan 70 dollara qaldırdılar, dedilər ki, artıq sizdən “möhürpulu” almayacağıq. Sən kimi aldadırsan?
Naxçıvan və Azərbaycan gömrükləri bizə zülm edirlər. Xüsusilə də bu müharibədən sonra. Qarabağı aldıqdan sonra bizə qarşı rəftar tamamilə dəyişib”.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən tanınmış iqtisadçı Natiq Cəfərli bildirdi ki, belə hallarla bağlı ona da müraciətlər edilir:
“Bu məsələnin ciddi araşdırılmasına ehtiyac var. Çünki bu yaxınlarda Gömrük Komitəsinin sədri belə bir açıqlama vermişdi ki, biz yeni inzibati binanı büdcədənkənar gəlirlərimiz hesabına tikirik. Bu nə deməkdir? Gömrüyün büdcədənkənar nə gəliri ola bilər?
Bir çox iş adamları şikayət edirlər ki, gömrük xidməti haqqı adı altında dırnaqarası müxtəlif daxili qaydalar kəşf ediblər və son dövrlərdə müxtəlif ödəniş növləri yaradılıb. Xüsusilə bu ilin yanvar ayından etibarən yerli iş adamları tərəfindən belə şikayətlər artıb. Mənim özümə də sosial şəbəkələr vasitəsilə müraciətlər edilib. Bildirirlər ki, əvvəllər olmayan xərclər, indi gömrük xidməti göstərilməsi adı altında onlardan tələb olunur. Ola bilər ki, bu rüşvət deyil, amma ödənişin büdcədənkənar gömrük hesabına yönləndirilməsi də mümkündür. Amma bu, ən azından qanuni deyil. Çünki hər hansı bir rüsumun tətbiqi və ya artırılması ilə bağlı qərarı ya Nazirlər Kabineti verə bilər, ya da parlament qəbul edə bilər. Amma Gömrük Komitəsinin belə bir səlahiyyəti yoxdur. Gömrük Komitəsi icra qurumudur. İcra qurumunun özündən yeni ödəniş növləri kəşf etməsi mümkün də deyil, doğru da deyil, qanuni də deyil.
Belə iddialar kifayət qədər çoxdur, həm yerli, həm də xarici iş adamlarından, sürücülərdən, logistika ilə məşğul olanlardan. Bunun ciddi yoxlanılmasına ehtiyac var. Məsələn iddialar var ki, gömrük terminalına daxil olarkən hər avtomobildən “gömrük terminalına daxil olma” rüsumu tələb edirlər. Bundan başqa yükləri boşaltmaq istəyirlərsə, ancaq özlərinin fəhlələrinə bunu boşaltdırmalısan. Bunun üçün də ayrıca ödəniş istəyirlər”.
N. Cəfərli bildirib ki, bu iddialar hüququ–mühafizə orqanları tərəfindən araşdırılmalıdır:
“Gömrük Komitəsinin bu fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları da ciddi yoxlamalar aparmalıdırlar. Hesablama Palatası da müəyyən dərəcədə məsələyə müdaxilə edə bilər.
Çünki bu, həm ölkənin imicinə mənfi təsir göstərir, həm də iş adamlarının incidilməsi ölkədə istənilən halda iqtisadi münasibətlərə mənfi təsir göstərir. Bundan əlavə istənilən əlavə ödənişlər nəticə etibarı ilə, bizim cibimizdən çıxır. Çünki istənilən iş adamı və ya yükdaşımalarla məşğul olan şirkətlər, ölkəyə gətirilən məhsullarla bağlı əlavə nə qədər xərc çəkirsə, o xərci öz gətirdiyi məhsulun qiymətinin üzərinə qoyur.
Mən düşünmürəm ki, bu, sırf Türkiyə sürücülərinə qarşı olan haldır. Yəqin ki bu, hamıya aiddir. Sadəcə onlar dilə gəlib danışırlar, digərləri təəssüf ki, hələ ictimai çıxışlar etmirlər”.