248 saylı məktəbin müəllimlərindən PREZİDENTƏ MÜRACİƏT-Məktəb direktoru AKT zalını icarəyə verib
Yenixeber.org: Binəqədi rayonundakı 248 saylı orta məktəbin bir qrup müəllimi adından redaksiyamıza şikayət məktubu daxil olub. İşlərini itirməkdən ehtiyat etdikləri üçün adlarını gizli saxlamağımızı xahiş edən şikayətçilər qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət ünvanlayıblar:
“Cənab Prezident!
248 saylı məktəbdə baş verənlərlə bağlı dəfələrlə Bakı Baş Təhsil İdarəsinə, Təhsil Nazirliyinə ünvanladığımız müraciətlərə, KİV-də və mediada gedən yazılara heç bir reaksiya verilmir, hər hansı tədbir görülmür. Bu səbəbdən də elə təəssürat yaranır ki, sanki bu məktəbin direktoru Xəyyam Fərəcov və müavinləri Reyhanə Qurbanova ilə Saleh Quliyev toxunulmaz şəxslərdir”.
Müraciətdə məktəbə rəhbərlik edən və yuxarıda adları hallanan şəxslər barədə maraqlı faktlar dövlət başçısının diqqətinə çatdırılır: “Direktor müavıni Reyhanə Qurbanovanın əmək kitabçasına nəzər saldıqda bəlli olur ki, o, 24.08.1998-cı ildən 03.09.2002- ci ilə qədər Azərbaycan Universitetində Beynelxalq münasibətlər-ölkəşünaslıq kafedarasında asisstent vəzifəsində, 20.04.2004 - 06.10.2009 tarixlərində isə Elm İstehsalat Mərkəzində tədris üzrə mütəxəsis olaraq çalışıb. Amma məsələni araşdırdıqda məlum olur ki, hər iki iş yeri saxtadır. Çünki hər bir işçiyə 2006-cı il yanvar ayının birində sosial sığorta şəhadətnaməsi verilib, lakin bu R.Qasımovaya şamil edilməyib. Səbəb isə sadədir; çünki özünə saxta əmək stajı yazdırıb və əmək kitabçasına vurulan möhür də saxtadır”.
Müraciət müəlliflərinin dediyinə görə, məktəbdə bir sıra müəllimlərin dərs yükü az olduğu halda R.Qurbanova əlavə olaraq özünə 12 saat dərs yükü götürüb: “Hansı ki, coğrafıya müəllimi işləyən Nəcibə Dəmirovaya cəmisi 9 saat dərs yükü verilib. Bundan başqa R.Qurbanova vəzifəsinə uyğun olaraq görməli olduğu sənədləşmə işlərini savadsızlığından dolayı yerinə yetirə bilmədiyi üçün özünə bir köməkçi də tutub. Belə ki, həmin işləri məktəbin riyaziyyat müəllimi Sevinc Canmirzəyeva həyata keçirir. Bu azmış kimi, Xəyyam Fərəcov bu “əməyini” ııəzərə alaraq, ona 2 sinifin, 9Ä və 10B siniflərinin rəhbərliyini də həvalə edib”.
Müraciət müəllifləri bildirirlər ki, X.Fərəcov analoji yaxşılığı yaxın dostu Elman İsmayılova da edərək, 10B və 11B siniflərinin rəhbərliyini də ona tapşırıb: “Ola bilər ki, həmin siniflər kiminsə adına rəsmiləşdirilib. Ancaq faktiki olaraq bu siniflərə yuxarıda adları çəkilən müəllimlər rəhbərlik edir. Yuxarı siniflərdə şagirdlərindən dərsə cəmi 2-3 nəfər gəlir. Bunlar tədris işinin başlanğıcından sinif rəhbəri və direktorla danışıb, anlaşıblar. Təhsil Nazirliyindən gəlib yoxlama apara bilərlər".
Müraciətdə məktəb direktorunun dərs bölgüsündən də narazılıq qeyd olunur: “Bildiyimizə görə, dərs bölgüsü diaqnostik qiymətləndirmənin nəticələrinə uyğun bölünür. Lakin X.Fərəcovun bölgüsündə bu prinsipdən əsər-əlamət belə yoxdur:
-Məktəbin direktor müavini, qiyabi siniflərin şagirdlərindən pul yığmına cavabdeh Xanım Quliyeva diaqnostik qiymətləndirmədə coğrafıya fənnindən iştirak etsə də, ona biologiya fənnindən 18 saat dərs verilib. Üstəlik, qiyabi qruplarda bir nəfər də şagird tapmaq mümkün deyil.
- Rus dili müəlliməsi Elmira Baxşəliyeva diaqnostik qiymətləndirmədə ixtisasartırmadan aldığı tarix diplomu ilə iştirak edib. Ancaq ona 15 saat tarix, 15 saat rus dili dərsi verilib.
- Biologiya müəlliməsi Nigar müəllimə imtahanda biologiya fənnindən iştirak edib, amma kimya dərsi biologiyadan çox verilib.
- Hərbi rəhbər Məhəmməd Mahmudov hərbiyə aid imtahandan keçib, ancaq idman dərsi deyir. Üstəlik, direktorla isti münasibətləri sayəsində rəhbərlik etməsü üçün 6-cı və 8-ci siniflərdən ona 2 sinif də verilib. Təbii ki, bu siniflər də başqa ada yazılır, lakin faktiki rəhbərliyi M.Mahmudov edir.
- İdman müəllimi Nazilə Zülfüqarova bədən tərbiyə diaqnostik qiymətləndirmədə iştirak etməsinə rəğmən musiqi dərsi deyir.
Bu ədalətsiz bölgüləri X.Fərəcov və R.Qurbanovanın müəyyən maraqlar müqabilində həyata keçirdiyini iddia edən şikayətçilər, məktəbdə ciddi maliyyə pozuntusunun olduğunu dilə gətiriblər:
“Cənab Prezident!
Məktəbdə ciddi maliyyə pozuntusu var. 1- 4 oktyabr 2018-ci ildə məktəbin riyaziyyat müəllimi Əhmədova Kəmalə Türkiyəyə dincəlməyə gedib. Ancaq həmin günlərdə dövlət sənədi olan junalı öz xətti ilə yazıb. Müəlliməyə isə həmin günlərə əmək haqqı yazılıb. Ödənilən əmək haqqını müəllimə Xəyyam Fərəcova və Reyhanə Qurbanovaya verib. Eyni hadisə 2018-ci ilin noyabrında və həmişəki qaydada təkrar olub. Bundan başqa, ədəbiyyat müəlliməsi Məlahət də həmin vaxtlar ölkə hüdudlarını tərk edib dincəlməyə gedib. Eyni üsul yenidən istifadə edilib. Belə olan təqdirdə sual olunur ki, Bakı Baş Təhsil İdarəsində işləyən işçilərin çoxu hüquqşünas olduğu halda necə ola bilər ki, məktəbdə baş verən bu saxtakarlıqları onlar araşdıra bilmirlər”.
Məktəbdə texnologiya və informatika dərslərinin ümumiyyətlə keçirilmədiyinə diqqət çəkən müraciət müəllifləri valideynlərin olduqca narazı olduqlarını vurğulayaraq, xahiş edirlər ki, Təhsil Nazirliyinə komissiya təşkil olunub, baş verənlərin araşdırılması və bu qanunsuz hərəkətlərin qarşsı alınması üçün göstəriş verilsin: “Cəmi 8 ay direktor işləyən və saxta əmək kitabçası alan birindən biz nə gözləyə bilərik. Təsəvvür edin ki, Neftçala rayonunun İsmətli kəndində X.Qafarov adına orta məktəbdə 8 ay katibə işləyən, Bakı Baş Təhsil İdarəsinin indiki müdiri Rəşad Tağıyev vasitəsilə Bakıya gətirilən İlahə Hüseynova cəmi 27 gün Zəkalar liseyində çalışdıqdan sonra, oradan qovulmasına rəğmən, hazırda 248 №-li məktəbə ibtidai sinif müəllimi işləyir. Biz həmin müəllimə necə 1-ci sinif şagirdini etibar edək?!
Məktəbin reytinqi ildən-ilə aşağı düşür. Xəyyam Fərəcovun fəaliyyəti sayəsində 2017-2018 tədris ilində təhsilin səviyyəsi 30%-ə enib. Hansı ki, ondan əvvəl məktəbin reytinqi 80% idi.
Müəllimləri ən çox narahat edən məslələrdən biri isə, bizə tez-tez ağ vərəqələrə imza etdirilməsidir. Səbəbini isə Bakı Baş Təhsil İdarəsinə saytlarda məktəbin adnı imza edənlərin hallandırmadığını təsdiq etmək kimi izah edirlər. Sonra isə özləri vərəqi doldurub harasa göndərirlər. Qorxuruq ki, bu bəlkə dövlətimizə qarşı bir təxribatdır. Çox xahiş edirik ki, bu məsələ ciddi araşdırılsın. Başlıq yazılmayan kağızlara imza ediləndən 2 gün sonra məktəbə təlim-tərbiyə üzrə direktor müavini Saleh Quliyevin iki nəfər dostu gəlir. Həmin şəxslər Saleh Quliyevlə və Xəyyam Fərəcovla saatlarla söhbət edir və həmin kağızları götürüb sonra haraya isə aparırlar”.
Müraciətdə göstərilir ki, direktor Xəyyam Fərəcovun himayədarları təkcə Bakı Baş Təhsil İdarəsində yox, həm də elə Təhsil Nazirliyindədir: “Xəyyam Fərəcov direktor təyin olunandan sonra şahidi olduq ki, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir əvəzi Murad Camalzadə məktəbə tez-tez gəlməyə başlayıb. Maraqlıdır, görəsən insan resursları şöbəsinin müdiri başqa məktəbin direktorları ilə də belə tez-tez “görüşür?”. Bizim yadımızdadır ki, Bakı Baş Təhsil idarəsinin İnsan Resursları şöbəsinin müdiri Roman Məmmədov da məktəbə indiki direktor Xəyyam Fərəcovla gəlmişdi. Ancaq onların gəlişinin məqsədi tamam başqa idi. Məktəbə daxil olub bizim əvvəlki direktoru məcburi otaqdan çıxarıb, “bu gündən işdən azadsan dedilər”. Biz bir anlıq 1990-cı illlərin hadisələrini yadımıza saldıq. Həmin vaxtlar şahidi olurduq ki, idarə müdirləri, məktəb direktorları, kolxoz sədrlərini eynilə belə məcburi surətdə otaqdan çıxarıb deyirdilər ki, “bu gündən bu təşkilatı biz idarə edəcəyik”. Həmin hadisədən bir müddət keçəndən sonra Roman Məmmədovla gələn Xəyyam Fərəcovu bizim məktəbə direktor təyin etdilər. O vaxtdan da məktəbdə qanun pozuntuları baş alıb gedir”.
Məktubda daha bir maraqlı məqam isə X.Fərəcovun mərhum prezident Heydər Əliyevin anım gününün keçirilməsinə imkan verməməsidir: “Keçən il X.Fərəcova müraciət edib dedik ki, Ulu Öndər Heydər Əliyevin anım gününə aid tədbir keçirək. Onun bizə cavabı bu oldu: “harada keçirək, məktəbə məxsus olan akt zalını arendaya vermişəm”. Biz bir şeyi başa düşmürük ki, müasir müstəqil Azərbaycan Dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə yer tapılmadı.
Cənab Prezident!
Sizə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi qayğıya görə minnətdarıq. Biz Sizin qətiyyətinizə güvənir və inanırıq ki, məktəbdə baş verən bu qanun pozuntuları aradan qaldırılacaq”.
Hurriyyet.org
Redaksiyadan: Mövzunu araşdıracağıq. Yazıda adları qeyd olunan şəxslərin mövqeyini də qəzetimizdə dərc etməyə hazırıq.