İmişlinin Sərxanlı kəndində 1 saylı tam orta məktəbinin rəsmxətt müəllimi Xəyal Yusifov təhsil şöbəsinin müdiri Ramiz Əmirovdan şikayətçidir.
Yenixeber.org: Qeyd olunur ki, müəllim dərs saatı az olduğu üçün İmişli rayon təhsil şöbəsinin müdirinin qəbuluna gedib.
Ona dərs saatının az olduğu barədə məlumat verib və rayonda onsuz da rəsmxətt müəlliminin az olduğu bir vaxtda rəsmxətt dərslərinin nəyə görə ona yox, qeyri-ixtisas müəllimlərinə verilməsini soruşub.
Həmin vaxt İmişli rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov onu təhqir edib və otağından qovub.
Bundan başqa İmişli rayon Sərxanlı kənd 1 saylı tam orta məktəbin rəsmxətt müəllimi Xəyal Yusifov şikayətində bildirir ki, məktəbin direktor əvəzi Sahil Vəliyev də məsələ ilə bağlı onu döydürməklə hədələyib.
Bir neçə ay öncə ayrı-ayrı saytlarda İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovun korrupsioner əməlləri və bu əməllərin rayon ictimaiyyəti, müəllimlər arasında ciddi narazılıqlara səbəb olduğu, nəticə etibarilə rayon təhsilinin ildən – ilə geriləməsi haqqında yazı dərc olunmuşdu.
Düşünmək olardı ki, özbaşına müdirin bu əməlləri Təhsil nazirliyi tərəfindən lazımı cavabını alacaq. Amma hələ ki, bu, baş vermir.
Əksinə, Ramiz Əmirov özbaşınalıqlarına cavab verilmədiyini görüb, onu daha geniş dairədə tətbiq etməyə nail olur.
Məlumatda o bildirilir ki, Ramiz Əmirov hər ay müxtəlif bəhanələrlə məktəblərdən pul yığdırır.
Bir ay sinif rəhbərlərinin, bir ay Uşaq Birliyi Rəhbərlərinin, bir ay direktor müavinlərinin, bir ay məktəb kitabxanaçılarının məvacibini bütünlüklə mənimsəyir.
Evdə fərdi təhsilə cəlb olunmuş uşaqlara dərs deyən müəllimlərin də maaşının müəyyən qismi ona çatır.
İmişli təhsilinin zaman-zaman mütərəqqi ənənələri olub. Ramiz Əmirovun işlədiyi dövrdə isə rayon təhsili yuvarlandığı uçurumdan çıxa bilmir ki, bilmir.
Artıq neçə illərdir ki, rayon təhsili respublika göstəricilərinə görə (Məzunların buraxılış imtahanlarının nəticələrinə görə) son beşlikdə qərar tutmaqdadır.
Qonşu rayonlarda bu kimi göstəricilərə görə Rayon Təhsil Şöbəsi müdirləri işdən çıxarılıblar.
Görəsən Ramiz Əmirovun uçruma yuvarladığı İmişli təhsilinin hələ də rəhbərliyində qalmasının səbəbi nədir? Halbuki, İmişli təhsili göstəricilərinə görə qonşu rayonların hər birindən geridə olub.
Son dövrlər məktəblərdə monitorinqlərin vaxtlı vaxtında keçirilməməsi, müəllimlərlə lazimi səviyyədə metodiki işin aparılmaması, ümumilikdə tədris prosesinə nəzarətin zəifləməsi təlim-tərbiyə işinin keyfiyyətcə aşağı düşməsinə səbəb olub.
Ramizi Əmirovun indiki idarəetmə üsulları ilə isə bu geriliyi aradan qaldırmaq mümkün deyil.
Mediada gedən yazılara görə, Hesablama Palatasının İmişli TŞ-dəki yoxlamalarının nəticələri rayon rəhbərliyindən hələ də ciddi cəhdlə gizlədilir.
Ramiz Əmirovun xüsusi tapşırığı ilə HP-nin apardığı son yoxlama öncəsi müəllimlər İmişli TŞ-yə bəlli formada “yardıma” məcbur edilsələr də, nəticə şöbə rəisinin ürəyincə olmayıb.
İmişli Təhsil şöbəsinə müdir təyinatından öncə ikinci əl avtomobil satışı ilə məşğul olan Ramiz Əmirovun rəhbərlik etdiyi qurumun orta məktəblərdə boş vakant yerlərin Təhsil nazirliyindən gizlədilməsi ilə bağlı bildirilir ki, şöbə rəisi həmin boş yerlərə müqavilə ilə müəllimlər təyin edir.
Və bu təyinat hər iki tərəfin məmnun qalması ilə nəticələnir. Müəllim vakant yerə Təhsil nazirliyinin keçirdiyi bir neçə mərhələli imtahanlardan keçmədən, Ramiz Əmirova “imtahan verməklə” təyin olunur.
Ramiz Əmirov isə özünün və rəhbərlik etdiyi qurumun da tabe olduğu Təhsil nazirliyindən fərqli “imtahan götürməklə” təyin edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(fia.az)