Beyləqan təhsilində qalmaqal -Savadlı müəllimlər qalıb kənarda, saxta diplomlular iş başında
İlin əvvəlində Təhsil Nazirliyi bəyan etdi ki, növbəti tədris ilində Azərbaycanda müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi zamanı onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr əsas götürüləcək.
Yenixeber.org: Lakin bəzi informasiyaları nəzərə alsaq, görünən odur ki, bu qaydanı nəzər alan yoxdur. Belə ki, Beyləqan rayon Şəfəq kənd orta məktəbində savadlı, aili təhsilli müəllimlərin aşağı dərs saatı ilə təmin edilməsi, müəllimlərin diaqnostik qiymətləndirmə prosedurasından keçməyən və kollec bitirən, diplomlarının legitimliyi belə şüphə doğuran müəllimlərin yüksək dərs saatı ilə təmin edilmələri haqda məlumatlar var. Məsələ ilə bağlı məlumat verən mənbə xatırladır ki, məktəblərdə dərs bölgüsü həm direktorun, həm də təhsil şöbəsinin müdirinin razılığı ilə bölünür. Düzdür, məktəblərdə dərs bölgüsünü birbaşa təhsil müdirləri özləri aparmasalar da, bölgü prosesində direktorlar təhsil müdiri ilə mütləq məsləhətləşirlər. Nəyi, necə etmələrini təlimatını təhsil şöbə müdirlərindən alırlar.
Məsələ ilə bağlı realmedia.az-ı məlumatlandran mənbə kollec bitirib, Beyləqan rayon Şəfəq kənd orta məktəbində yüksək dərs saatı ilə təmin edilən bəzi müəllimlərin adlarını da açıqlayıb. Siyahını təqdim edirik:
1. Mustafayeva Bulqeys – Beyləqan Məişət Texniki Kollecini bitirib, məktəbdə 4-cü sinfin sinif rəhbəri, qurup rəhbəridir, 27 saat dərs yükü var;
2. Xanlarova Leyla - Beyləqan Məişət Texniki Kollecini bitirib, 1-ci sinfin sinif rəhbəridir, 14 saat dərs yükü var;
3. Şükürova Zülfarə (diplomu da saxtadır, özü də baxça müəlliməsidir), 1-ci sinfin sinif rəhbəridir, 14 saat dərs yükü var;
4. Xanlarova Zümrüd – Beyləqan Məişət Texniki Kollecini bitirib, 10 saat dərs yükü var;
5. Qarayeva Könül - Beyləqan Məişət Texniki Kollecini bitirib, 2-ci sinfin sinif rəhbəridir, 15 saat dərs yükü var.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə dərs ili başlayanda açıqlama verərək bildirmişdi ki, müəllimlərin dərs saatları onların imtahanda göstərdikləri nəticələrə uyğun olaraq müəyyənləşəcək. Onun sözlərinə görə, hər bir təhsil müəssisəsində dərs yükü keyfiyyət göstəricisinə görə müəyyən olunmalıdır: "İmkan daxilində göstəriciləri yüksək olan müəllim daha çox dərs yükü ilə təmin edilməlidir. Əgər məktəbdə 100 saatlıq dərs yükü varsa, 5-6 müəllim arasında daha yüksək bal toplayan savadlı müəllimə daha çox, zəif nəticə göstərənə isə az dərs verilməlidir. Müəllimlərin dərs yükü hər bir tədris ilinin əvvəlində-sentyabr ayında müəyyən edilir və xüsusi hallar istisna olmaqla il ərzində sabit qalır. Yeni tədris ili üçün sentyabr ayında məktəblərdə müəllimlərin dərs bölgüsü aparılarkən onların diaqnostik qiymətləndirmədəki nəticələri əsas götürüləcək. Bu vaxta kimi proses diaqnostik qiymətləndirmənin keçirildiyi bəzi rayonlarda, müəyyən məktəblərdə tətbiq edilirdi. Ancaq diaqnostik qiymətləndirmə ötən il hər yerdə keçirilməmişdi. Bu tədris ilində isə ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi tam başa çatacaq və yeni dərs ilindən bu proses hər yerdə qaydalara uyğun olmalı, bütün müəllimlərə şamil edilməlidir”.
Göründüyü kimi, Beyləqan Təhsil Şöbəsinin rəhbərliyi hansısa səbəbdən Təhsil Nazirliyində qəbul edilən qərarlara əhəmiyyət vermək fikrində deyil.
P.S . Təhsil Nazirliyinin məsul şəxslərinin məsələyə diqqət göstərib araşdırmalarını gözləyirik. Onların mövqelərini dinləməyə hazırıq.