"...qəbul imtahanları ləğv oluna bilər":Əhməd Qəşəmoğlu
Ötən həftə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə gələn ildən etibarən test üsulunun ləğv olununması barəsindəki açıqlaması mediada geniş müzakirələrə səbəb oldu. Bu gün az qala, hər bir evdə gələcəyin abituriyentləri var. Odur ki, əksər insanlar üçün də bu açıqlama çox gözlənilməz oldu.
M.Abbaszadə gələn il imtahan verəcək gənclərin test vasitəsilə seçiləcək sonuncu tələbələr olduğunu vurğulayıb:
““Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.
Artıq bir neçə gündür ki, cəmiyyətdə, ziyalılar arasında testin ləğvinin müsbət və mənfi tərəfləri müzakirə edilir. Artıq müəyyən çaşqınlığın yaranmasıın şahidi də oluruq.
Yenixeber.org: Tanınmış sosioloq alim, müxtəlif təhsil müəssisələrində işləmiş professorƏhməd Qəşəmoğlu Moderator.az-a açıqlamasında test sisteminin həm mənfi, həm müsbət tərəflərindən danışıb. Bundan əlavə özünün də bir təhsil xadimi kimi təqdim etdiyi variantları ictimaiyyətin diqqətinə çatdırıb:
“İndiki test sistemi bir vaxtlar tarixi zərurətdən yaranmışdı. Yaşlı nəslin yadındadır ki, sovetin sonlarında ənənəvi üsulla keçirilən qəbul imtahanları getdikcə biabırçı hal alırdı. İnsanlar qəbul imtahanlarında açıq-aşkar qanunsuzluq hallarını görürdülər. Savadlı gənclər ali məktəbə daxil ola bilmirdi. Ölkədə artıq hər kəs bilirdi ki, hansı universitetin filan fakültəsinin qiyməti nə qədərdi. Kolxozçular yüksək əmək haqqı alırdı. Ondan soruşanda ki, qazandığını nə etdin, deyirdi, ay bala, uşağı qəbul elətdirdim. Yəni, bunun üçün mal-qara, xalça-palaz satılırdı. Bu cür eybəcərliklər vardı. Müstəqillik qazandığımız dövrdə ilk zəruri addımlardan biri bu idi ki, universitetlərimizə daha keçyfiyyəti kadrların qəbuluna şərait yaradılsın. Hər bir təhsil sisteminin özünün bir təyinatı var. Təhsil sistemi ölkəyə bütün sahələrdə vacib olan yüksək ixtisaslı kadrları yetişdirmək üçün vacibdi. Qəbul imtahanı bu yolda sadəcə, bir vasitədir. Müstəqilliyimizin ilk illərində kadr hazırlığının yerinə yetirilməsi üçün tələbələrin qəbulunda böyük qüsur var idi. Bunun qarşısını almaq o zaman heç cür mümkün deyildi. Məhz belə dövr üçün test imtahanı çox mütərəqqi addım oldu. Bunun sayəsində kasıb ailələr də gördülər ki, övadlarının savadı çatırsa, onlar da ali məktəblərə qəbul oluna bilirlər. Kasıb ailələrinin övladları qabaqlar yuxuda görə bilmədikləri fakültələrə öz bilikləri hesabına daxil olmağa başladılar”.
Sosioloq alim eyni zamanda test vasitəsilə qəbulun fəsadlarına da toxunub. Bundan əvvəl isə onun hansı zərurətdən meydana gəlməsini vurğulayıb:
“Amma bir şeyə də diqqət yetirmək lazımdır: hər hansı bir prosesin idarə olunmasında iki metod var: birincisi “təcili yardım” metodudur. Bu zaman demək ki, hər hanı prosesin idarəedilməsində bir çətinlik yaranıb və sən də “təcili yardım” üçün lazımı addımlar atırsan. Müstəqilliyimizin də ilk illəri belə bir dövr idi ki, təhsildə aləm bir-birinə qarışmışdı. Bu səbəbdən elə bir addım atmaq zəruri idi ki, onun sayəsində rüşvətdən canımız qurtarsın və savadlı gənclər universitetlərə öz bilikləri ilə girə bilsinlər. Bu, bir müddət öz işini müvəfəqiyyətlə gördü. Amma bayaq dediyim idarəetmənin ikinci prinsipi də var: ölkədə hər şey sabitləşdikcə, qaydasına düşdükcə dediyim “təcili yardım” metodları artıq ziyan verməyə başlayır. Bu, hər sahədə belədir. Adicə bir misal: insanı maşın vurubsa, onu əməliyyat stoluna gətirəndə fikir vermirlər ki, paltarında qan-torpaq var. O zaman yalnız onun həyatını xilas etmək haqqında düşünürlər. İnsanın sağlamlığı bərpa olunandan sonra yerdə qalan detallara diqqət edilir. Təhsil sistemi də belədir ki, biz xaotik dövrdən çıxandan sonra qəbul imtahanlarının təkmilləşməsinə bir az da diqqət verməli idik. Doğrudur, tez-tez eşidirik ki, testlə qəbul imtahanlarında təkmilləşmə gedir. Amma ortada olan problemlər onu göstərir ki, bu iş o qədər də arzuolunan istiqamətdə getməyib”.
Ə.Qəşəmoğlunun sözlərinə görə, qəbul imtahanı hədəf yox, o hədəfə çatmaq üçün bir vasitədir. Onun necəliyi isə birbaşa təhsil sisteminin durumundan asılıdır. Odur ki, qəbul imtahanı variantını infiki təhsillə də əlaqələndirir:
“Təhsil sistemimizdə ortada olan xoşagəlməz cəhətlər bunlardı: əvvəla,“hansı ixtisas ölkəyə nə qədər lazımdır?” -bu istiqamətdə bir planlaşma yoxdu. Hansı institut gələcək kadrları hər hansl meyarlara görə qəbul etməlidir deyə bir şey yoxdu. Biz müəllimlər elə birinci kursdan görürük ki, tələbələrimiz əzbərçi hazırlanıb. Seminar dərslərində nə qədər çalışırsan ki, tələbə normal izahlı cavab versin, amma o yenə də qiymətləndirmənin testlə olunmasına can atır. Bunu müəllimdən xahiş edir. Bu cür tələbə danışmağa, öz fikrini izah etməyə can atmır. Biz müasir metodlarla-treninq yolu ilə, interaktiv metodlarla dərsləri aparmaq istəyirik ki, tələbələr inkişaf eləsin. Amma onlar bu zaman özlərini itirirlər. Bu metodlarla işləyə bilmirlər. Yenə də məlum olur ki, bunlar hər şeyi əzbərləməyi xoşlayırlar. Fikirlərini izah etməkdən qaçırlar. Bəzən, heç bunu bacarmırlar da. Adam özü məəttəl qalır ki, 19-20 yaşlı tələbə nə üçün öz fikrini izah edə bilməsin?!
Həmçinin, tələbələr bir çox hallarda arzu etmədiyi ixtisaslara qəbul olurlar. Qəbul imtahanının şərtləri onlara çoxlu seçim imkanı verir. Bir çoxları da topladığı balları çatmadığından ali məktəbə daxil olmaq xatirinə ürəklərincə olmayan ixtisaslara düşürlər. Bundan sonra da sadəcə, baş girələyib, müddət başa çatandan sonra diplm almaq istəyi ön plana keçir.
Test sistemi orta məktəblərin təhsil sisteminə ağır zərbə vurub. Neçə illərdi, hər kəs bilir ki, hansı orta məktəbə gedirsənsə, orada yuxarı sinifdə oxuyan şagirdlərin sayının azlığını görürsən. Səbəbini soruşanda deyirlər ki, hər kəs repetitor yanında hazırlaşır.
Hər şagird yalnız imtahan verəcəyi qrupun fənləri üzrə hazırlaşır. Orta məktəb sistemi elədir ki, burada şəxsiyyətin formalaşması üçün müxtəlif sahələrdə təhsil nəzərdə tutulur. Yalnız bir neçə fənn üzrə hazırlaşmaq qabaqkı ifadə ilə desək, kamal attestatı almağa bəs eləmir.
Bir fəsadı da deyək: indiki test sistemi belə bir vəziyyət yaradıb ki, cəmi 150-200 baldan yuxarı yığanlar müxtəlif ali nəktbələrə daxil olurlar. Dərs dediyim müddətdə fikir vermişəm ki, o 200 bal yığıb auditoriyada oturanlar doğrudan da hədsiz dərəcədə zəif tələbə olurlar. Ola bilsin ki, aralarında istisnalar var. Amma əksəriyyətinin dərs oxumağa həvəsi və istedadı az olur. Bu da auditoriyada çox xoşagəlməz hal yaradır. Dərs dediyim elə qruplar var ki, orada çox yaxşı istedadlı gənclər də var. Amma çox aşağı balla daxil olub dərs oxumaq istəməyən gənclər bütün qrupun psixologiyasını pozmağa nail olurlar. Çünki bir çoxu dərs oxuya bilmir. Özlərini guya təsdiq etmək üçün başqa yollara əl atır, dərs oxuyanlara da ane olurlar. Bu vəziyyət kişafəyət qədər arzuolunmayan bir şərait yaradır”.
Əhməd Qəşəmoğlu testin fəsadlarını saymaqla yanaşı, bir təhsil mütəxəssisi və sosioloq kimi qəbulla bağlı yeni təkliflər də irəli sürür:
“Qəbul imtahanı məqsəd deyil, vasitəsidr. Yəni biz, elə kadrlar seçməliyik ki, universitetdə onlardan yaxşı mütəxəssilər hazırlaya bilək. İndiki test sistemi fəsadlar verirsə, biz daha təkmil vasitəslər barəsində düşünməliyik. “Test sistemini ləğv edirik” deyib ölkədə gərginlik yaratmaq doğru deyil. Əslində ortaya bu ideya atılmalıdır: “test sistemini müasir tələblərə görə təkmilləşdirmək lazımdır”. Deyilməlidir ki, qəbul imtahanlarını müasir tələblərə uyğun daha obyektiv, daha məzmunlu keçirmək üçün təkmilləşdirmək istəyirik. Bunu bu cür demək, insanlara bu cür informasiya ötürmək lazımdı. Yoxsa, “test sistemini ləğv edirik” mesajının verilməsinin özü çox naşı bir addımdır.
Yeni qəbul imtahanları modeli ilə bağlı bir neçə təklifim ola bilər. Bunu ictimaiyyətin müzakirəsinə də çıxarmaq istərdim. Bunlar sadəcə, müzakirəyə dəvətdir. “Mən belə deyirəm, belə də olmalıdır” ideyasından uzaqdır. Birincisi, ümumiyyətlə, qəbul imtahanları ləğv oluna bilər. Amma bu elə-belə başdagetdi ləğv ola bilməz. Bunun müəyyən prinsipləri olmalıdır: bütün universitetlər orta məkbədəki attestat və buraxılış imtahanlarının nəticələrinə əsasən, qəbul keçirə bilərlər. Lakin bu zaman da ortaya qorxulu bir vəziyyət çıxa, orta məktəblərdə neqativ hallar yarana bilər. Hər kəs nüfuzlu universitetin nüfuzlu fakültələrinə daxil olmaq üçün müəyyən yollara əl ata bilər. Amma bunun da qarşısını almaq mümkündür. Necə? - Birinci semestrin axırında artıq hər bir universitet qəbul etdiyi gənclərin nə dərəcdə yararlı olduğunu, savadının attestat qiymətinə nə dərəcədə uyğun gəldiyini müəyyən edə bilir. Bunun nəticəsi olaraq universitet müəyyən göstəricilərihazırlayıb Təhsil nazirliyinin elektron kataloquna yerləşdirə bilər. Bunun əsnasında hər bir orta mətəbin reytinqi müəyyənləşər. O zaman hansı məktəbin necə nəticə gööstərməsi məlum olar. Onda reytinqi aşağı olan orta məktəblər bu zaman cavab vernəyə borclu olacaqlar. Belə olan halda orta məktəblər universitetə qəbul üçün atdığı neqativ addımlardan, şişirtmə qiymət yazmaqdan çəkinərlər. Çünki bir neçə aydan sonra buna görə cavab verəcəklərini düşünəcəklər.
Həmçinin, əgər ənənəvi qəbul imtahanları keçiriləcəksə, bu zaman da başqa bir metoddan da istifadə etmək olar: əvvəlcə müəyyən qiymətləndirmə sistemi ilə imtahan götürəcək müəllimlərin özü seçilməlidir. Hər müəllimi qəbul imtahanına buraxmaq olmaz. Orada olan müəllimlər xalqın gələcəyində mühüm yer oynayan kadrları seçirlər. Onlar çox məsuliyyətli işlə məşğuldurlar, kifayət qədər savadlı və ədalətli olmalıdırlar. Müəllimlər üçün qəbul imtahanlarına düşə bilməyin özünün bir statusu olmalıdır. O statusu qazanan müəllim qəbul imtahanında iştirak edə bilər. Bu cür üsullarla seçilən müəllimlər əlbəttə ki, yuxarıda dediyimiz illərin qəbul imtahanlarını keçirənlərdən yaxşı mənada fərqlənəcəklər.
Brada elektrin nəzarət də öz sözünü deməlidir. İmtahanın keçiriləcəyi otaqlara müşahidə kameraları nəzarət etməlidir. Həmin otaqlardakı imtahan gedişini universitetin hansısa geniş ərazisində gözləyən izləməlidirlər. Valideyn universitetin daxili “Vİ-Fİ” sistemi ilə istənilən otağa daxil olub, oradakı imtahan gedişatını izləməlidir.
Bu kimi təkliflər neqativ halları arada qaldıra, həm də müsbət mənada rəqabətə yol aça bilər. Çünki yuxarıda dediyimiz kimi, reytinq cəlvəlinin açılmasını bilən məktəblər rəqabət naminə tədrisin keyfiyyətini artıracaqlar”.
Elmin Nuri