Universitetlərdə 7 mindən artıq yer boş qalıb
Özəl ali məktəblərdə ciddi ixtisarlar gözlənilir
“Bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün 41965 yer təqdim olunub”.
Xeberinfo.com: Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbazsadə keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bu, ötən illə müqayisədə 7,21 faiz çoxdur. M.Abbaszadənin sözlərinə görə, dövlət sifarişli yerlərin sayında bir az fərq var, ötən illə müqayisədə 497 yer artıb. M.Abbaszadə qeyd edib ki, ötən il dövlət sifarişli yerlərin sayı 11 714 olmuşdusa, bu il yerlərin sayı 12 221-dir: “11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə isə bu il 6940 yer ayrılıb. Ötən il isə bu rəqəm 6133 yer olub. Beləliklə, 11 illik bazadan texnikumlara ayrılan qəbul yerlərinin sayı ötən illə müqayisədə 13% artıb. Ümumilikdə qəbul planına əsasən, 48905 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ola biləcək”.
Direktorlar Şurasının sədri qeyd edib ki, qruplar üzrə də dövlət sifarişli yerlərdə artım var. Onun sözlərinə görə, I qrupda dövlət sifarişli yerlərin sayı 5,9 % (300 yer), II qrupda 9% (2021 yer), III qrupda 3 yer (ötən ilki səviyyədə), IV qrupda 4,99% (62 yer) artıb
Ali məktəblərdə 7190 boş yer qalacaq…
Ali təhsil müəssisələrinin müsabiqəsində 38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali məktəblərə qəbul olunub. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə 551 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərdən 18551 nəfəri elektron ərizəsini təsdiq edib. 19 124 ixtisas seçimi edən abituriyentlərdən müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 551 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 6 838 nəfər qəbul olub.
Bununla da ali təhsil müəssisələrinə elan olunmuş 41965 yerdən 34775-i dolub. Nəticədə, al məktəblərdə 7190 boş yer qalıb. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində isə 6940 yerdən 6838-i abituryentlər tərəfindən seçilib və 102 plan yeri boş qalıb.
“Ali təhsildə ödənişli təhsilin faizinin aşağı salınması və təhsil haqlarının azaldılması istiqamətində ciddi işlər görülməlidir”
XXI Əsr Təhsil Mərkəzinin rəhbəri, ekspert Etibar Əliyev bununla bağlı Bizimyol.info-ya maraqlı şərh verib. Onun sözlərinə görə, abituriyentlər ilk öncə dövlət ali məktəblərinə üz tuturlar. Bu, bir tərəfdən vətəndaşların hələ də özəl ali məkəblərə etibar etməmələri ilə bağlıdırsa, digər tərəfdən, yüksək təhsil haqları ilə əlaqəlidir: “Bu ilin nəticələri özəl ali məktəbləri möhkəm sınağa çəkdi. Məsələn, Xəzər Universitetinin 770 plan yerinə 375 nəfər, Qərb Universitetinin 455 plan yerinə 114 nəfər, Qafqaz Universitetinin 1024 plan yerinə 792 nəfər, Azərbaycan Universitetinin 445 plan yerinə 206 nəfər abituriyent daxil olub. Maraqlı bir məsələni qeyd edim: Azərbaycan Universitetinə məşhur Harvard Universitetinin məzunu rektor təyin olunub. Görünür, bu faktorun da ali məktəbin reytinqinin yüksəldilməsində rolu olmayıb. Özəl ali məktəblərdə güclü ixtisarlar gözlənilir. Dövlət ali məktəbləri içərisində ADA Universiteti, Azərbayan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yüksək bal toplamış abituriyentləri cəlb etmək üçün xeyli pozitiv işlər görüblər. Bu ali məktəblərdə islahatlar fasiləsiz olaraq davam edir. Bura ilk növbədə rüşvətxorluğun kökünün kəsilməsi, tələbə-müəllim, tələbə-rektor münasibətlərinin sivil qaydaya salınması və bütövlükdə təhsil mühitinin yaxşılaşdırılması ilə bağlı görülən işləri aid etmək olar. Azərbaycan Dövlət Pedaqoji Universitetdə başlanan islahatlar da növbəti tədris illərində özünü göstərəcək”.
Etibar Əliyevin sözlərinə görə, istər dövlət, istərsə də özəl ali məktəblərdə yerlərin boş qalması əsasən universitetlərin reytinqi və ödənişli ixtisaslarla bağlıdır. Ailələrin çoxu belə təhsildən imtina edirlər: “Vətandaşlar artıq ucuz və keyfiyyətli ali təhsil istəyirlər. Bunu təbii qəbul etmək olar. Elə bu səbəbdən də abituriyentlərin böyük kəsimi nisbətən ucuz təhsil haqları müəyyənləşdirmiş kolleclərə üz tuturlar. Növbəti tədris ilindən başlayaraq ali təhsildə ödənişli təhsilin faizinin aşağı salınması və təhsil haqlarının azaldılması istiqamətində ciddi işlər görülməlidir. Onsuz da Azərbaycan əhalinin hər min nəfərinə düşən tələbələrin sayına görə geridə qalır. Azərbaycan Dillər Universiteti, Slavyan Universiteti, Memarlıq və İnşaat Universitetində yol verilən neqativ hallar bu ali məktəblərin reytinqinə təsir göstərib. Keçid ballarına diqqət etsəniz bunun şahidi ola bilərsiniz. Nisbətən yüksək bal toplayanların sayı isə dövlət sifarişi ilə olan yerlərin hesabınadır. Fikrimcə, Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl ali məktəblərin normal akkreditasiyası aparılmalı və nəticələr ictimailəşdirilməlidir. Ali təhsil adına imitasiyalara son qoyulmalıdır”.