Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Sərt karantindən əvvəl niyə çörək qıtlığı yarandı?-ŞƏRH

         

         

        Ekspertlər ötən həftənin cümə günü Bakıda yaşanan ajiotajı şərh edir

Yenixeber.org: Ötən həftə iki günlük sərt karantin rejiminin tətbiqindən əvvəl – cümə günü Bakının supermarketlərində böyük izdiham yaşandı. Vətəndaşlar çörək və ərzaq ehtiyatı yığmaq üçün supermarketlərə və digər mağazalara axın etdilər. Ən çox tələbat olan məhsul çörək idi və bazar günü axşam şəhərdə çörək çatışmazlığı yarandı.

Bəs, hakimiyyət orqanları, qərarvericilər bu vəziyyətin yaranacağını niyə proqnozlaşdıra bilməmişdilər? Tələbatın kəskin yüksələcəyini düşünüb, çörək istehsalını artırmaq mümkün deyildimi?

Milli Məclisin deputatı Vüqar Bayramovbildirdi ki, həftə sonu karantin tətbiq edən ölkələrdə də bu tip problemlər müşahidə olunub:

“Vətəndaşlar daha çox cümə günü ərzaq məhsulları almağa can atırdı. Qonşu Türkiyədə də ilk vaxtlar həftəsonu karantin tətbiq ediləndə belə hallar müşahidə olundu, daha sonra isə bu hallar praktiki olaraq aradan qaldırıldı.”

V.Bayramov qeyd etdi ki, vətəndaşlar arasında maarifləndirmə çox vacibdir və bu işlərin genişləndirilməsinə ehtiyac var:

“Müşahidələr də göstərir ki, bəzi hallarda vətəndaşlar həftəsonu ehtiyacından daha çox ərzaq alırdı. Düşünürəm ki, bu, daha çox psixoloji faktorlarla bağlıdır, hər bir halda, maarifləndirməyə ehtiyac var. Bəzi vətəndaşlarımızın ehtiyacından daha çox alış-veriş etməsi iqtisadi baxımdan da, onların büdcə gəlirləri baxımından də arzuolunan deyil. Çünki nəticədə aldığı ərzaq məhsullarının bir qismini istifadə edə bilmir, bir qismi xarab olur, bu da təbii ki, onun ailə büdcəsinə təsir göstərir. Daha məqsədəuyğun olardı ki, həftəsonları karantin tətbiq olunarsa, vətəndaşlarımız  iki günlük tələbatına, ehtiyacına uyğun alış-veriş etsin.”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, Azərbaycan əhalisi çox çörək yeyir:

“Dünya Səhiyyə Təşkilatı və BMT-nin insan resurslarına dair hesabatlarında Azərbaycan ən çox çörək istehlak edən ölkə kimi xarakterizə olunur. Çox çörək yemək sağlamlıq üçün əlverişli deyil. İkincisi isə, istehsalçılar istehlakçıların tələbatının birdən-birə bu qədər artmasını proqnozlaşdıra bilmədilər.”

E.Hüseynovun sözlərinə görə, insanlar aldıqları çörəklərin təxminən 30%-ni yemədən zibilliklərə atıblar: “Ümumiyyətlə, Azərbaycanda çörəyə nə qədər hörmət varsa, bir o qədər onun israfçılığı da var. Düşünürəm ki, istehlakçılar yeni bir əxlaq nümayiş etdirməlidirlər ki, çörəklə belə davranmaq olmaz.”

AİB sədri dedi ki, bəzi hallarda mağazalar özləri də şərait yaradırdılar kİ, məhsulu artıq qiymətə satsınlar: “Düşünürəm ki, bundan sonra belə hal olmayacaq. Gərək karantin rejiminin neçə günlük olacağını öncədən bildirsinlər və bu anormallıq baş verməsin.”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirdi ki, çörək çatışmazlığına səbəb hökumətin qərarıdır:

“Hökumət düşünməli idi ki, bu günlərdə əhalinin ərzaqla, xüsusilə təzə çörəklə təminatı necə həyata keçiriləcək. Yəni bunu hökumət əvvəlcədən planlaşdırmalı idi. Çörəkbişirmə ilə məşğul olan sahibkarlara iki günlük çörək istehsal etmək haqqında tapşırıq vermək olardı və əgər onlar ziyana məruz qalardılarsa, istehsal etdikləri çörək qalıb xarab olardısa, hökumət onlara subsidiya verməli, yardım etməli idi. Ümumiyyətlə, çörək istehsalı bir az risklidir. Çörəyin bir hissəsi istehlak olunmur və sahibkarlar da həmin çörəyi çox ucuz qiymətə heyvandarlıqla məşğul olanlara təklif edirlər. Bütün bu işlər hökumət tərəfindən tənzimlənməli idi. Lakin hökumət bunların heç birini etmədi, nəticədə insanlar iki günlük ehtiyatlarını görməli oldular, bu da ajiotaja səbəb oldu.”

Ekspert onu da əlavə etdi ki, supermarketlərdə çox eybəcər mənzərə yarandı:

“İnsanlar bir-biri ilə sosial məsafə saxlamadan, maska istifadə etmədən tədarük gördülər. Sərtləşdirilmiş rejim nəticəsində çörək çatışmazlığı, ajiotaj yarandı və belə problemlər ortaya çıxdı. Bunu hökumətin işə məsuliyyətsiz yanaşması ilə izah etmək olar.”

OBA Marketlər Şəbəkəsinin İctimai əlaqələr şöbəsinin müdiri İlkin Bağırov da sərt karantindən əvvəl gözləniləndən artıq tələbat müşahidə etdiklərini söylədi:

“Biz həmin tələbatı nəzərə alaraq, mağazalarımıza çörək sifarişini iki dəfə artırdıq, hətta əvvəllər əməkdaşlıq etmədiyimiz müəssisələrdən də mağazalara çörəyin gətirilməsini təşkil etdik. Buna baxmayaraq, tələbat çox oldu, təəssüf ki, bəzi mağazalarımızda çörək çatışmazlığı da yarandı. Bir gün ərzində nə etmək lazım olmuşdusa, biz etdik. Sifarişlərimizi dəfələrlə artırdıq. Növbəti günlərdə bütün bunları nəzərə alaraq çörək sifarişlərini daha da artıracağıq ki, bir daha belə bir problem yaranmasın və müştərilərimiz bizdən razı qalsınlar.”

İqtisadçı ekspert Samir Əliyev isə qeyd etdi ki, heç kim 2-3 gün üçün 5 günlük çörək normasını almaz:

“Ən azı ölkədə un, makaron məmulatı və qarabaşaq qıtlığı yoxdur. Kimsə iki gün üçün beş çörək alırsa, deməli, onlar həqiqətən çörəyi çox istehlak edirlər. Çünki onların zəngin olmayan qida rasionu əsasən çörəkdən ibarətdir. Çeşidli və bahalı qida rasionuna malik imkanlılar üçün bunu anlamaq çətindir.”(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam