BMT-də bayrağı olan, dövləti olmayan millət – qaraçılar haqda bilinməyənlər...
Balaca Zəhranı qaçırıb dilənçiliyə cəlb eləmiş qaraçılar dünyanın dörd yanına səpələniblər; onların mübarizəsi, bayramı, mistik və qeyri-adi adətləri haqda gizlinlər...
Onlara tez-tez rast gəlirik: “Sən o əziz qızın canı”, “Sən o balanın canı” deyə nəzir-niyaz istəyirlər. Sədəqə almayana kimi əl çəkmirlər, adamın geyimindən yapışırlar. Çoxları da onları sevmir, görən kimi qovurlar.
Yenixeber.org: Söhbət dilənən qaraçılardan gedir. Dilənçilik onların köhnə sənətlərindən biridir. Amma heç də bütün qaraçılar dilənmir. Bununla belə, dilənçi qaraçılar pis yaşamırlar. Onların ev-eşiyi, şəraitləri normaldır. Üstəlik, dilənən qaraçılar özlərini və diləndirdiyi uşaqları çox zaman şikəst, əlil kimi təqdim edirlər. Öyrəndiyimiz məlumatda deyilir ki, onlar adətən körpə vaxtında uşağın əlini və ya ayağını sındırır, ona “əbədi çörək” verirlər. Məsələn, bir neçə il qabaq Yevlağın qaraçılar məhəlləsindən reportaj hazırlamışdıq, qaraçı ailəsində olmuşduq. Onların yaxşı imarətləri var idi.
Bu mövzunu aktuallaşdıran balaca Zəhranın qaraçılar tərəfindən qaçırılaraq dilənçiliyə cəlb edilməsi oldu.
Qaraçılar Azərbaycandan tutmuş, Mərkəzi və Şərqi Avropaya qədər yayılıblar. Onların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünüb. Lakin Avropaya haradan və nə üçün gəldikləri məlum deyil. Qəribə burasıdır ki, az vaxt içərisində bir-birindən çox uzaq olan ölkələrdə onların bu qədər artıb çoxalmasına heç kəs inana bilmir. Qaraçıların özləri də adət-ənənələri və mənşələri barədə indiyə kimi heç nə qoruyub saxlamayıblar.
Əksəriyyəti Misiri birinci vətənləri hesab edirsə, bu da onların ta qədimdən indiyə qədər öz aralarında yayılmış uydurma əsaslanmalardır. Digər mənbələrdə isə ana vətənləri Hindistan göstərilir. Şarl de Koster və Valter Skottun yazılı mənbələrində qaraçı tayfalarının dünyaya yayılmağa başlanması prosesinin XII əsrə yox XV əsrlərə aid edilir. İstanbulun Osmanlılar tərəfindən fəth olunması hind əsilli millətin qərbə sarı ayaq açmasına təkan verdi.
Qaraçılar ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı alətləri istehsalı ilə məşğul olublar. Siyasətdən tamamilə uzaq olan bu millətin heç vaxt dövləti olmayıb. Nəinki dövlət, qaraçıların birliyini göstərən təşkilata belə rast gəlinmir.
Getdiyi ölkələrdə belə qeydiyyata düşməyən qaraçılar özlərinin sərbəst və ata gələnəkləri müstəvisində yaşam tərzi ilə seçilir. Onlar BMT-də bayrağı olan, dövləti olmayan yeganə millətdirlər. Bu səbəbdən dünya qaraçıların üzünə açıqdır, istənilən ölkəyə vizasız keçib gedə bilirlər. Sadəcə, müasir dövrdə məskunlaşdıqları yerləri tərk eləmirlər.
Qaraçılar ən qədimdən (Şimali Pakistanda, Ərəbistanın şimal bölgələrində) ailə qurarkən qızlar bir qayda olaraq yalnız qaraçı tayfasından olan oğlanlara ərə gedə bilərlər. Bu gün də qaraçılar qeyri-millətlərlə evlənmirlər. Qaraçılar qan qohumluğu əlamətlərini hər şeydən üstün tuturlar. Qaraçı adətlərinə görə, qadın dilənərək ailəsinə baxmalıdır. Dilənçilik etmələrinə görə qaraçılar tarixdə ən çox təqiblərə məruz qalan birinci millətdir.
Hitler sivil olmayan bu milləti sevmir, zaman-zaman onların güllələnməsi əmrini verirdi. İşğal olunan ölkələrdə harada görülməsindən asılı olmayaraq onlar kütləvi şəkildə öldürülürdü. Hitlerə də xoş gəlməyən məhz qaraçıların dilənməsi olub. Son zamanlarda bəzi Avropa ölkələrində, xüsusən də Fransada Nikola Sarkozinin hakimiyyəti dövründə təqiblərə, irqi ayrı-seçkiliyə məruz qaldığından Avropa Şurası “Qaraçı proqramı”nı qəbul etmişdi.
Qaraçı tarixində istisna hal 1971-ci ilin 8 apreldə yaşanıb. İngiltərənin paytaxtı Londonda bir araya gələn kiçik qaraçı qrupu həmin günü Beynəlxalq Qaraçı Günü elan ediblər. Və o gündən dünyanın ayrı-ayrı dövlətlərində pərakəndə halda yaşayan qaraçılar aprelin 8-ni milli bayram kimi qeyd edirlər.
Ölümündən sonra məşhur ingiltərəli kino-ulduz Çarli Çaplinin qaraçı olduğu ortaya çıxanda insanların onlara qarşı olan fikirlərində azacıq olsa da dönüş yarandı. Ən azından dəfələrlə çıxışlarını xüsusi alqışlarla qarşıladıqları bəstəboy Çarli bu millətin bir nümayəndəsi idi axı.
Latın Amerikasında və dünyanın bütün yerlərində məşhur olan “Flaminqo” rəqsinin yaradıcıları qaraçılardır. Braziliya, Meksika, Çili, Kuba və başqa Amerika qitəsi ölkələrində sırf qaraçı həyatından bəhs edən yüzlərlə kino, sənədli film və serial var. Həmçinin ayrı-ayrı vaxtlarda lentə alınmış “Qaraca qız”, “Budulayın qayıdışı”, “Yeseniya” və başqa ekran əsərləri hind əsillilərin gündəlik məişət həyatından, o cümlədən onlara qarşı cəmiyyət təpkilərindən bəhs edir.
Moskvada “Romen” adlı qaraçı teatrı fəaliyyət göstərir. Bu günün özündə də Braziliyada, Rumıniyada, Meksikada, Venesuelada, Türkiyədə, Macarıstanda dövlət iş adamları arasında milliyyətcə qaraçı olanlar var. Həmçinin dünyanın biznes aləmində kifayət edəcək qədər tanınmış İon Çobae, Florian Çobae (Rumıniya) və Nəcməddin Nəsir (Albaniya) məşhur qaraçı milyonçulardır.
Əgər qaraçının yalnız bir qulağında sırğa görsəniz, bilin ki, o, ailənin yeganə övladıdır. Qısa saçı olan qaraçı xanımı heç görə bilməzsiniz, çünki bu, namussuzluq əlamətidir.
Qaraçı qızları üçün ailə qurmaq yaşı 14-dür. Adətə görə, 14 yaşı tamam olan qız artıq məclislərdə oynamağa, subay oğlanların və onların atalarının diqqətini çəkməyə çalışır. 19 yaşında ailə qurmayan qız “qoca qız” hesab edilir. Qaraçı ailələrində toy günü xeyli maraqlı olur. Gəlinin atası və qardaşı ona ya kiloqram, ya da bankalarda qızıl hədiyyə edir. Bankaların içi qızıl üzük, bilərzik, sırğa ilə dolu olur. Qaraçı ailəsi üçün qızın bakirə olması vacibdir. Qaraçı ailələrində məktəbə münasibət fərqlidir. Onlar hesab edir ki, uşaq bir neçə il məktəbdə oxusa, yetərlidir. Daha sonra ailə işi ilə məşğul olmalıdır.
Əsrlərdən bəri gələn inanclara görə isə ən güclü caduları qaraçı falçılar yazır. Cadunun sizə hansı yolla edildiyini tapandan sonra qaraçı təmizləmə ayinini gerçəkləşdirəcək.
2012-2014-cü illərə olan qeyri-rəsmi məlumata əsasən Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır. Onlar iki qrupa bölünürlər: fars dilində və kurmanc dilində danışanlar.
Qaraçıların Rusiyaya gəlişi XVI əsrdə qeydə alınıb. Söz yox ki, dünyanın hər yerinə yayılan millət Azərbaycanda da məskən salıb. Onların Azərbaycan ərazisinə gəlişi I Şah Abbasın dövründə olması iddia olunsa da, rəsmi mənbələrdə qaraçı köçünün 1950-1960-cı illər aralığında olması göstərilir.
Qaraçılar Azərbaycana Qazaxıstandan gəliblər. Ökəmizdə yaşayan bu xalqın başqa ölkədə yaşayan qaraçılardan fərqi onların burada oturaq həyat sürmələrindən ibarətdir. Etnoqrafların araşdırmalarına görə, tayfaların XII əsrdəki köçündə onlar əsasən Ön və Orta Asiyada məskunlaşıblar. İlkin olaraq qaraçılar İran, Türkiyə və Qazaxıstan ərazilərinə daxil olmağa başlayıblar. XV əsrdə isə artıq onlar Avropada-Yunanıstan, Rumıniya, Fransa, İspaniya, Rusiya, Macarıstanda görünməyə başlayıblar.
Köçmə prosesinin sonrakı mərhələsində qaraçıların hədəf seçdikləri ölkələr Latın Amerikası-Meksika, Braziliya və ABŞ olub. Köçəri xalqın okeanın o biri tayına əsasən müstəmləkəçi ölkələrin təsiri və zor yolu ilə aparıldığı məlumdur. (Musavat.com)