Neft satıb tuman alan ölkə
Azərbaycanın neftdən asılı ölkə olduğu artıq heç kimdə şübhə doğurmur. Neft amilini ölkə iqtisadiyyatından çıxartsaq, məmləkət dünyada ən kasıb ölkələrdən biri olar, adambaşına düşən ÜDM, büdcə xərclərinə görə Somali səviyyəsinə düşər.
Yenixeber.org: 26 ildir ölkəni idarə edən YAP bu illər ərzində ölkənin neftdən asılılığını azaltmadı, əksinə ciddi artırdı. Hökumət tənbəlləşdi, havayı neft pulları gözləri kor, qulaqları kar etdi.
26 ildə xam neft satışından neft məhsulları istehsalı və ixracına belə keçə bilmədilər. Bu gün bir barel neft 62 dollardlr, amma emal olunsa, neft məhsullarına çevrilsə bir barel nefti 280-300 dollara satmaq olar.
Ölkənin vəziyyəti elə gündədir ki, hətta indiki hökumət sabah istefa verib getsə belə neftdən asılılığı qısa zamanda azaltmaq mümkün olmayacaq. Qeyri-neft sektoru çox zəif, dayanıqsız və rəqabətə davam gətirməyən vəziyyətdədir. Nə turizm, nə aqrar sektor potensialı nefti əvəz edə bilməyəcək. Ölkənin əkinəyararlı torpaq sahəsi azdlr, su problemi var, ona görə də aqrar sekorun böyük gəlir gətirəcəyi nağıldır. Bu gün neftdən gələn gəliri əvəz etmək üçün ölkəyə 10 mln. turist gəlməli, paralel olaraq da indiki istehsal həcmindən 20 dəfə çox aqrar məhsullar istehsal edib ixraca yönəlməlidir - bu mümkündürmü? Təbii ki, yox, ölkənin alt yapısı bu qədər turustə hazır deyil, zatən o qədər turist də məmləkətə gəlməz, çünki cəlbedici hekayələr qura bilməmişik, əkinəyararlı torpaq və su resurslarımız da aqrar sahədə istehsalı 20 dəfə artırmağa imkan vermir, bu mümkün deyil.
Yenidən bu mövzuda nədən yazdım? Xəbər yayılıb ki, SOCAR indi də Rusiyada milyardlarla dollar investisiya yatırıb yeni neftayırma zavodu tikəcək - çox yanlış qərardlr. Məsələnin siyasi tərəfini qoyaq qırağa, iqtisadi cəhətdən də məntiqsiz yanaşmadlr. Ölkənin gələcəyi neft emalından asılı olacaq, bizdə hasilat ciddi enəcək, xam neft satmaq mənasız olacaq, öz neftimizi emal edə, məhsul şəklində satmalıylq. Paralel olaraq Qazaxstanda neft hasilatı artacaq, onlardan xam neft alıb emal edə bilərik.
Qısası, neft satıb tuman-köynək almaq kimi primitiv yanaşmadan əl çəkməli, hələ maddi rerurslarımız varikən onu Rusiyaya yatırmaqdansa ölkədə 2-3 böyük və müasir neftayırma zavodları tikməliyik və bu zavodlar benzin-dizel yox, neftdən alınan digər məhsullar üzrə ixtisaslaşmalıdırlar. Sabah çox gec olacaq, bu primitiv model ölkəni dolandıra bilməyəcək.
Belə, düşünün xanımlar və cəbablar, düşünün...
Natiq Cəfərli