Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

APREL ŞƏHİDİ FƏXRƏDDİN QURBANLININ 23 YAŞI TAMAM OLUR

APREL ŞƏHİDİ FƏXRƏDDİN QURBANLININ 23 YAŞI TAMAM OLUR

 

              VƏ ONUN ADINI ƏBƏDİLƏŞDİRMƏLİ OLAN QƏRARIN 23 YAŞI TAMAM OLUR

       

       ŞƏHİD ATASI SEYFƏDDİN QURBANLI: "ÖLKƏMİZİN ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA CANLARINDAN KEÇƏNLƏRİN XATİRƏSİNİN ƏZİZ TUTULMASI GƏNC NƏSLİN VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNDƏ MÜHÜM ƏHƏMİYYƏT DAŞIYIR"

 

 

Xeberinfo.com:  İctimai münasibətlərin normativ tənzimlənməsində əsas və müəyyənedici yeri qanun tutur. Hüquqi  dövlətdə qanun ictimai həyatın bütün əsas tərəflərini əhatə edir, o, şəxsiyyətin hüquq və azadlıqlarının, mənafelərinin başlıca təminatıdır. Qanunqüvvəli aktlar isə köməkçi və detallaşdırıcı rol oynayırlar. Qanunqüvvəli aktlar məhz qanunların əsas, prinsipial müddəalarının, müxtəlif fərdi maraqların özünəməxsus xüsusiyyətlərinin konkretləşdirilməsinə yönəldilmişlər, onlar qanunların hüquqi qüvvəsinə əsaslanır və ona qarşı yönələ bilməzlər.  

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilk dəfə 3 sentyabr 1993-cü il tarixdə o vaxt Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətini  həyata keçirən Azərbaycan  Respublikası Ali  Sovetinin sədri Heydər ƏLİYEV tərəfindən təsdiqlənib. Qanunqüvvəli akt sayılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının ilkin variantının 3.1.2.-ci bəndində göstərilirdi: " Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları... şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar". Sonradan həmin qanuna və ona köməkçi funksiya daşıyan qərara bir sıra əlavə və dəyişikliklər edilib. Həmin əlavə və dəyişikliklərin əksəriyyəti şəhid ailələrinə edilən güzəştlərin artırılmasına, bu qəbildən olan insanların sosial rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət etsə də, şəhid adının əbədiləşdirilməsi məsələsində bəzi məhdudlaşdırmalar tətbiq edilib. Bu barədə bir az sonra... 

APREL ŞƏHİDİ FƏXRƏDDİN QURBANLININ 23 YAŞI TAMAM OLUR

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Fəxrəddin Seyfəddin oğlu Qurbanlı 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid oldu, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. O, həm də həmin döyüşlər zamanı Binəqədidən olan digər hərbçi şəhid Mahir Mirzəyev ilə qohum idi. Sağ qalsaydı, yanvarın 13-də Fəxrəddinin 23 yaşı tamam olacaqdı.

Cəbhənin Tərtər istiqamətində hərbi xidmətini yerinə yetirərkən Seysulan uğrunda gedən döyüşdə şəhid olmuş Fəxrəddin haqqında haqqında internetdə informasiyalara göz atıram. Seyfəddin atanın, Həzimə ananın, Nurlan əmioğlunun mənə danışdıqlarını ədəbiyyatın gücü çatacağı hüdudlar daxilində yetərincə təsirli formada qələmə alınmış "Arzuları yarımçıq qalan kəşfiyyatçı"; "Hər iki valideyni əlil olan şəhidin son arzusu: “Anamın gözləri görsün…"; "Şəhid əsgərimizin son statusu: "Özünüzə yaxşı baxın..."; "Gedib də gəlməmək, gəlib də görməmək var" və başqa ürəkdağlayıcı məqalələrdən oxuyuram. Fəxrəddinin necə ləyaqətli oğul olması, orta və ali məktəbi fərqlənmə ilə bitirməsi, Azərbaycan Universitetində oxuya-oxuya Vergilər Nazirliyində işləməsi, öyrəndiyi "sosial iş" ixtisası üzrə bilgi və təcrübəsini püxtələşdirmək üçün qocalar evlərini, əlil uşaqların internat məktəblərini ziyarət etməsi, oxuduğu və işlədiyi kollektivlərin, eləcə də yaşadığı məhəllənin sakinlərinin sevimlisinə çevrilməsi, ağsaqqala, ağbirçəyə dərin hörmətlə yanaşması, zəhmətə qatlaşıb ailəsinə kömək etməsi, tay-tuşları sırasından  tənbəl olanları qınaması, tarix, fəlsəfə, riyaziyyatı mükəmməl bilməsi, humanist təbiəti, ədalətsevərliyi və əlbəttə ki, vətənpərvərliyi mübaliğəsiz tərənnüm olunub, yaxından tanıyanların onun barəsində danışdığı yüksək fikirlər yer alıb. Komandiri  Həsrət Almasov da müsahibələrində bildirib ki, onun yanındakı əsgərlərin heç birinin gözündə qorxu yoxmuş: "Onlar bu Vətəni, bu torpağı köynək edib əyinlərinə geyinərək, QƏLƏBƏ qazanmaq üçün döyüşə atılmışdılar. Nə etsən də, Vətən uğrunda, torpaq uğrunda döyüş, qansız-qadasız, itkisiz olmur ki... Samir Kaçayev, Mikayıl Vahabzadə, Elşən Səmədov, Nazim Zəkəralıyev, Orxan Əliyev, Firdovsi Bağırlı, Mahir Quliyev, Rəşad Niftallı, Əmiraslan Xeyirbəyov, Fəxrəddin Qurbanlı, Vüsal Alıyev, Altun Dəmirli, Tural Dadaşov, Əbdülməcid Axundov, Rəvan Nurayev, Elvin Mirzəyev..."

Şəhid Fəxrəddin Qurbanlının dövlətdən qayğı, cəmiyyətdən sayğı görən ailə üzvləri heç kimdən narazı deyillər. Binəqədi icra hakimiyyəti, başqa yerli qurumlar, dövlət və qeyri-hökumət təşkilatları, rayonun və qəsəbənin təhsil müəssisələri, gənclər və idman təşkilatları  bütün bayram və əlamətdar günlərdə, vətənpərvərlik mövzusunda təşkil olunmuş tədbirlərdə Fəxrəddinin xatirəsini əziz tuturlar. Məzunu olduğu Azərbaycan Universiteti 2016-cı ildə Fəxrəddinin adına təqaüd təsis edib. Təqaüd proqramı 2016/2017-ci ildən etibarən tətbiq olunur. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən “Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı” mükafatı təsis olunub. Mükafat hər il aprel ayının 9-da Sosial iş sahəsində uğurlu fəaliyyət göstərən insanlara veriləcək.

Fəxrəddinin haqqında yazılıb, danışılıb, bundan sonra da çox yazılacaq, çox danışılacaq. Göz yaşı tökmədən oxunması mümkün olmayan həmin yazılanlarda ehtiva olunanları təkrarlayıb şəhidin yaxınlarının üz almayan yarasını yenidən qanatmaq məqsədim yoxdur. Niyyətim bir həqiqəti ortaya qoymaqdır ki, Fəxrəddinin Vətən uğrunda qurban gedən cəmi bir canı var idi, o canla bir şiddətli döyüşə girdi və o canı itirdi. O bir döyüş cəmi bir medalı qazanmağa yetdi. Lakin həm də onilliklər boyu həsrət qaldığımız bir Qələbəni təmin etdi, düşmən ordusunun gücü haqda mifi dağıtdı...

Artıq ortada təşəbbüs var - Binəqədi qəsəbəsinin I Mədən küçəsinə Fəxrəddin Qurbanlının adının verilməsi istəyi təkcə şəhidin valideynlərinə deyil, küçənin bütün sakinlərinə məxsusdur. Hamılıqla imzalar da atılıb, aidiyyati qurumlara müraciət olunub. Şəhidin atası Seyfəddin Qurbanlı deyir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarindan keçənlərin xatirəsinin əziz tutulması, onların adlarının əbədiləşdirilməsi yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət daşıyır: "Bircə məlum hökumət qərarının sonradan əlavə olunmuş şərti təşəbbüsün reallaşmasına mane olur". 

APREL ŞƏHİDİ FƏXRƏDDİN QURBANLININ 23 YAŞI TAMAM OLUR

Görək, söhbət hansı şərtdən gedir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 139 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 08, maddə 534) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na bir sıra əlavə və dəyişikliklər edilmişdir. Məlum olur ki, həmin dəyişikliyə əsasən, Qərarın 3.1.2. bəndi yeni redaksiyada verilmişdir: "Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları... Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, idarələrə və mədəni-maarif ocaqlarına verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar". 

Belə çıxır ki, 25 avqust 1999-cu il tarixədək yerli icra hakimiyyətlərinin şəhid adlarını küçələrə, meydanlara verməsi, təşkilatlara, müəssisələrə, idarələrə və mədəni-maarif ocaqlarına verilməsi niyyəti ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırması üçün şəhidlərin Milli Qəhrəman olması, azı iki ordenlə təltif olunması vacib şərt deyilmiş. Bəs elə isə hansı zərurətdən meydana gəlib bu əlavə və dəyişikliklər? Bəlkə şəhidlərin adını verməyə ünvan tapılmır? Ola bilsin ki, 1994-1999-cu illər arası ölkənin iqtisadi vəziyyətinin çətinliyi ilə əlaqədar quruculuq işləri zəif gedirdi. Amma bu da danılmaz həqiqətdir ki, 1999-cu ildən bu yana get-gedə abadlaşan, küçə və prospektlərinin, park və xiyabanlarının, sosial obyektlərinin sayı artan respublikamızda ad qoyulası ünvan da çoxalıb. 

Bəlkə, mövcud ünvanların hamısının əzəli adları şəhid adına dəyişdirilməyəcək qədər əzizdir? Məsələn, elə Binəqədi qəsəbəsinin I, II, III Mədən küçələri və ya onların hər hansı biri şəhid adını daşıyarsa, nə qəbahət olar? Mədən ərazilərində neft quyularının çoxunun fəaliyyəti dayanıb, buralarda çoxsaylı fərdi evlər tikilib. Bir sözlə, mədən mədənlikdən çıxıb, yaşayış massivinə çevrilib. Yaxşı olmazmı ki, həmin küçə, onun sakinləri və müsafirləri olan uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinə öz daşıdığı adla müsbət təsir göstərsin?  

Dövlət və hüquq nəzəriyyəsində "normativ hüquqi akt" anlayışı, onun özünəməxsus xüsusiyyəti və hüququn başqa mənbələrindən fərqi izah olunarkən göstərilir ki, ictimai həyat inkişaf etdikcə, ictimai münasibətlər mürəkkəbləşdikcə, bu məcburi qaydalar ictimai tərəqqini ləngidir. Əgər haqqında söz açdığımız NK-nin məlum Qərarı və ya həmin Qərarın hansısa bəndi, qarşısında işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etmək kimi taleyüklü vəzifə dayanan Azərbaycan xalqının yetişməkdə olan yeni nəslinin vətənpərvərlik ruhunu qaldırmağa xidmət edəcək mexanizmləri məhdudlaşdırırsa, onu ləğv etməyə, yaxud, ona əlavə və düzəlişlər etməyə dəyməzmi? Məsələn, olmazmı ki, özləri ali təhsilli, valideynləri əlil, qaçqın və məcburi köçkün statusuna malik olan şəhidlər üçün də belə "əbədiləşmək imtiyazı" tanınsın? Daha neyləməliydi Fəxrəddin və onun kimi digər igid şəhidlər? İkinci medalı, ordeni qazanmaq üçün yenidən dirilməliydilərmi? - bu, mümkün deyil! Yaxud, canlarını növbəti döyüşlərdə növbəti şücaəti göstərmək üçün qorumalı idilərmi? - bu da onlarlıq deyildi.    

***

Azərbaycanda bir çox qanunlarda və qanun qüvvəli normativ hüquqi aktlarda boşluqlar görünür. Hüquqda boşluğun yaranma səbəbləri qanunvericiliyin həyatın inkişafından geri qalması, normativ-hüquqi aktların hazırlanması zamanı buraxılmış səhvlər və s. ola bilər. Hüquqda boşluğun aradan qaldırılmasının əsas vasitəsi zıruri hüquq normasının qəbul edilməsidir. Ümid edək ki, bu məqalənin qayəsini təşkil edən 23 yaşlı sənəddə - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nda zamanın tələblərinə uyğun dəyişikliklər ediləcək, ömrü 23-cü baharında qırılmış Fəxrəddin Qurbanlı kimi igid Vətən övladlarının şəhadəti layiqincə qiymətləndiriləcəkdir.

 

 

Pünhan Şükür


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam