Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cəmiyyət məni bivec, yarıtmaz valideyn, ictimai yaltaq kimi tanımır

eldar-sabiroglu3

Xeberinfo.com:  Rüfətin məsələsi mənim üçün bir həyat məktəbi oldu. Bu, bir həqiqətdir. Ağlıma gətirə bilmədiyim hadisələrlə rastlaşdım. Asan etirafa bənzəmir, deyilmi? Ola bilsin ictimai fikirdə təəccüblə qarşılansın, fil qulağında yatdığıma görə məni qinayanlar da olsun. Düz sözə nə deyə bilərəm ki?!

Bütün vəziyyətlərdə ictimai fikirlərlə barışan adam olmuşam. Bilmək istəyirsinizsə, birilərindən fərli olaraq bu tənədən çox pis də qorxmuşam. Ona görə də həmişə çalışmışam ki, bir təhər özümü qoruyum, ciliddən-cilidə düşüb biabırçı şəkildə insanların nifrətinə tuş gəlməyim. Şükürlər olsun ki, oğlumun həbsindən sonra qarşı tərəfdə ciddi qıcıqlar yaratsa da, Rüfətə ictimai dəstəkdən yəqin etdim ki, yaşamağa hələ dəyər. Arxayınam ki, cəmiyyət məni bivec, yarıtmaz valideyn, ictimai yaltaq, buqəlamun kimi tanımır. Xahiş edərdim məni özündən razı şəxs kimi qəbul etməyəsiniz. Bəlkə səhv edirəm. Bu sizin, bu da mənim üzüm, nə varsa deyin, duya bilmədiklərimi başa salın, hansı eybəcərliklərə yol verdiyimi sadalayın. Bu mənim gələcək həyatım üçün vacibdir. Gec deyil.

Uzun illər bu iqtidarın adamı kimi xidmətdə olsam da,ayaqlarımın hərəsini bir budağa qoymamış,təmsil olunduğum siyasi düşərgənin əleyhinə getməmişəm. Çalışmışam ki, mövqeyimi hər zaman örtüksüz meydana çıxarım,simamı saxlayım,eyni zamanda seçdiyim siyasi düşüncə tərzinə birganəlik göstərməyim. Bu illərdə müxalifəti tənqid etdiyim hallar da az olmayıb. Lakin heç bir vaxt siyasi tərbiyəsizliyi yaxın buraxmamış, kimisə alçaltmağa üstünlük verməmişəm. Satqınçılıqdan, riyakarlıqdan uzaq durub üzə bir, astara iki işlərlə məşğul olub oturduğum budağa təpik atmamışam. lakin bununla belə istəməyənlər tapılıb,hakimiyyətin özünün içərisində məni yad kimi qəbul edən görəv sahibləri ilə də az rastlaşmamışam. Lakin bu münasibətlər müəyyən etdiyim siyasi yoldan və siyasi liderin müdafiəsindən çəkindirməyib,gündüzlər müxalifətçilik, gecələr iqtidarçılıq və ya əksinə gündüzlər iqtidarçılıq, gecələr müxalifətçilik edib özümü rəzil vəziyyətə salmaqdan hər zaman kənar dayanmışam. Amma nələr görmüşəm,nələrin şahidi olmuşam, indinin özündə belə dilə gətirməyi məqbul saymıram. Ötənə güzəşt deyiblər. Kimlərin hansı pəstahlardan çıxaraq haralara qədər uzandıqlarını seyr etdikcə həm özümə, həm də bu millətə sözün həqiqi mənasında yazığım gəlib. Siyasi əxlaq deyilən br şey var. Bu bir mənəviyyat səddidir, onu tapdalamaq, şəxsi maraq naminə uf demədən üzərindən ötüb keçmək məncə insanlıq, şərəf və ləyaqət adına ən haykırı bir hadisədir. Ancaq indi bu cür siyasi zirəklərin ( əlbəttə ki, hamını buraya aid edə bilmərəm) meydanıdır. Palçıqlı meydanda atlarını çapan bu siyasi zirəklərin aqibətinin sonuçda nə ilə bitəcəyini təsəvvür etmək elə də çətin deyil.

Ad çəkmirəm, səbəb var, həm də qəliz bir səbəb. Belələrinə əl uzatmaq, haqlarında bir kəlimə doğru söz söyləmək az qala dünyanı bir-birinə vurar. Hər şey ixtiyarlarındadır. Düşüncə qardaşları dərhal birlikdə elə hücum çəkərlər ki,adın belə yadından çıxar. Düzü, torun içinə özümü atmaq istəmirəm. Çünki oradan çıxmağın necə çətin olduğu əyandır. Mən gördüyümü gördüm. Ədalətin hansı uzaqlıqda dayandığını yəqin etdim. Ona görə də bəzən düşünürəm ki,nə özüm, nə də şərlənərək 9 il azadlıqdan məhrum edilən oğlum Rüfətə həbsxana divarları arasında əlavə problemlər yaratmayım. Bəzən mənə deyirlər ki, sakitcə otur yerində, nə din, nə danış, yoxsa elə hadisələrlə üzləşə bilərsən ki, Rüfətin 9 illik türmə həyatına şükür etmiş olarsan. Bəli, fil qulağında uyqulmışam. Hər şey ola bilər, hər şey edə bilərlər. Ancaq haqq, ədalət naminə necə susasan, necə danışmayasan. Qəribə zamandır. Həm cəzalandırır, həm də səsini kəsməyə, cınqırını çıxarmamağa hədələr gəlir. Nə yaman zamandır ki,biz yaşayırıq…

Zamanmı güclü, ya hakimiyyətmi güclü?! Fərqi yox, qoy ikisi də güclü olsun. Ancaq qorxudan kənar olsun, ədalətə yumruq qalxmasın. İxtiyarı dirsək göstərməklə zəngin etməyin biçimi nə?

Gözəl dil tapıblar, dünyanın heç bir yanında rast gəlmədiyimiz bir ittifaq zəminində əl- ələ verib mehriban vəziyyətdə işlərini elə düzüb qoşublar ki, heyrət etməyə bilmirsən. Gücün bir qaynağı da buradan gəlir. Bəli buradan intişar edir. Baxmayaraq ki, illər əvvəl hakimiyyət barəsində ən ağır təhqirləri, ağlagəlməz, tərbiyədən kənar sözləri ictimai müzakirəyə çıxarsalar da bir yerdədirlər. Onlar bir siyasi tavanın altina yığışmışlar. Əcəb işdir, dözməkdən başqa çarə varmi ki? Ancaq Rüfət bu mehriban dostlardan hər birinin vaxtı ilə dilə gətirdiyi sözlərin heç yarısını da danışmadı, bəs o zaman bu qəddarlıq, bu insafsizlıqla nədən üzləşdi?

Doğrudan, baş çıxarmaq çətindir. Doğrudan, anlamaq müşkül məsələdir. Görünür, buna da bir bacarıq, səriştə lazımdır. Biz bunu mehriban dostların simasında bütün parlaqlığı ilə görürük. Üzərində müxalifətçilik yarlığı, siyasi təşkilat rəhbəri kimi tərcümeyi-hal həkk edilsə də, oyunu yüksək ritmlə oynayırlar. Utanmadan, qızarmadan oynayırlar. Günahkar iqtidarmı? Yox, qəti belə fikirləşmirəm. Bəs günah kimdədir?! Tələsməyin, indi deyəcəyəm. İqtidar lap düzünü edir, şirəyə gələn həvəskarların sinəsindən vurub niyə özündən küsdürməlidir ki?! Əslində bu təkcə bizim ölkə üçün xarakterik deyil. İstənilən yerdə, istənilən hakimiyyətdə ona qarşı olanı zərərsizləşdirib öz tərəfinə çəkmək tendensiyası mövcuddur.

Bu mənada, bu siyasi bağlantıda böyük bir faciə axtarmaqdan uzağam. Ancaq başqa yekə bir sual qarşıda dimdik dayanıb cavabını gözləyir. Bəs sən nədən iki qat təzim edib özünü miskin vəziyyətə salmaq kimi heç də xoş səslənməyən hörmətsiz bir vəziyyətə salırsan. Məncə, cəmiyyət üçün, elə hakimiyyətin özü üçün də belələri daha təhlükəlidir. Nəinki iradəsini sərbəst şəkildə ortalığa qoyan düşüncə sahiblərinin fəaliyyəti. Birincilər çox qorxuludur, mühərrikin necə işləməsini onlar hər zaman diqqətlə izləyir və hansısa nasazlıq hiss etdikləri anda yenə öz yuvalarına çəkilmək haqda düşünürlər. Günün birində onlar yenə dəyişəcək, tərəzinin gözünə baxaraq ağırlıq mərkəzinə doğru yürüyəcəklər. Çünki siyasi təcrübədə bu cür dolanbacların az şahidi olmamışıq…

Eldar Sabiroğlu

Yazı müəllifin facebook səhifəsindən götürülüb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam