Həyatda heçnə təsadüfü deyil
Yenixeber.org: Yəqin ki, axşam düşəndə ayın hilala bənzər görüntüsünü hamımız seyr etmişik. Gecənin qaranlığında göyün ənginliyinə necə yaraşıq verdiyinin də şahidi olmuşuq. Belə görüntüləri dəfələrlə müşahidə edən insan düşünür ki, ayın görünüşü böyüdükcə nədənsə onun səthində gözəlliyinə xələl gətirən ləkələr görünməyə başlayır. Mənim sizlərdə belə təssəvvür yaratmağım heç də təsadüfü deyil. Sadəcə düşüncəmə görə bir az insanların görünməyən tərəfləri ilə müqayisə etmək istədim. Axı ayın da görünməyən tərəfləri var... Belə ki, bir insanla dost olmaq, yoldaş olmaq, hətta sevəsi olsan belə onun ilk olaraq gözəl siması diqqətini çəkir. Amma, ünsiyyətin davamında səni nələr gözlədiyini düşünə bilməzsən. Çünki insan qapalı, həm də mürəkkəb varlıqdır. İnsan psixologiyasını duymaq, anlamaq, “örtülü qapıları” açmaq hər adama müyəssər olmur. Dahi Sokrat deyib: “ Danış səni tanıyım”. Bəli, əslində insan danışanda özünü daha çox açmış olur. Unutmayaq ki, insan nə qədər danışsa da, onu gözlərindən oxusan da, oxunduqca oxunmalı və geniş təhlilə ehtiyac duyulası kitabdır. Bir məsələni qeyd edim ki, insanlarla ünsüyyətdə müəyyən hədd var ki, gərək o səddi keçməyəsən. Bəs nəyə görə deyirlər ki, “ İnsan çiy süd əmib” Məncə dünya görüşü olan insan dediklərimi təsdiqləyər və insanlar arasında olan belə durumu müşahidə edə bilər. Uzağa getməyək;- Elə mən özüm. Mən əsasən ictimai nəqliyyatdan istifadə edən biriyəm. Məsələn, metrodan istifadə etdiyim zaman nəzərimi cəlb edən bəzi nüanslarla çox qaşılaşıram. Yaxın günlərin söhbətidir, metroda oturacaqda əyləşən bir yeniyetmə öz oturuşu ilə diqqətimi çəkdi və onun belə görünüşü məndə ikrah hissi yaratdı. Sanki o dədəsinin evində kresloda oturmuş kimi yayxanaraq ağzında saqqız, ayağını ayağının üstünə aşıraraq telefonda nəsə yazırdı. Haşiyə:-(Həəə...telfondan söz düşmüşkən məncə bu ictimaiyyətin yaralı yeri olmalıdır. Çünki hamının əlində bir telfon yazışmaqla məşğuldur. Hətta yol gedərkən qarşılaşmada bir-birini görməyən telfonla yazışan iki nəfərin bir-biriylə necə toqquşduğunun da şahidi olmuşam. Baxın budur bizim cəmiyyətin görünən üzü. Görünməyəndənsə Allah qorusun). Onu qarşısındakı insanlar, qoca, cavan, hamilə qadın, qız-gəlin heç maraqlandırmırdı. Mən heç vaxt yaşlı insanların bu və bunun kimi hallara münasibət bildirdiyini görmürəm... Belə yaraşmayan hallara qarşı mütləq ictimai qınaq olmalıdır ki, gənclər nəticə çıxarsınlar... Ahıl insanlar nədənsə söz deməyə çəkinir, belə gəncləri ədəbli olmağa dəvət etmir, susmağı üstün tuturlar. Bu və ya digər vəziyyətlərin şahidi olduğum və əsəblərimin tarıma çəkildiyi bir vaxtda başqa bir oturacaqda tələbə olduğu açıq-aşkar hiss edilən gənc, çəlimsiz bir oğlan tələsik ayağa qalxaraq bir xanıma yer verdiyinin də şahidi olmuşam. Mən belə görüntülərlə qarşılaşanda həmişə sevinmişəm və öz-özümə düşünmüşəm ki, yetişməkdə olan gənclərimiz arasında nə yaxşı ki, belələri də az deyil. Əslində müqayisədə bu gənclər bir-birindən xarakter və tərbiyə baxımından çox fərqlidir. Guman ki, araşdırıb maraqlanası olsaq onların məxsus olduğu ailələrin arasındakı fərqi də görə bilərik. Gəlin unutmayaq ki, gənclər cəmiyyət arasında özünü ailədə aldığı tərbiyəyə uyğun aparır. Bəs dədələrimiz demirlər ki, “Uşaq evin güzgüsüdür” Belə misallardan çox çəkmək olar. Bəli, hər bir insanın görünən və görünməyən tərəfləri var, istər yaşlı olsun, istərsə də cavan. Amma mən insanlar arasında olanda yaşlı insanların xoşagəlməz hərəkətləri və görünməyən tərəfləri heç vaxt diqqətimi çəkməyib. Öz-özümə demişəm ki, onsuz da belələri, pis və ya yaxşı öz ömürlərini yarı ediblər. Yəni babalar demişkən:- “Bir ayaqları burdadır, bir ayaqları gorda”. Həqiqətən də belələri bu yaşdan sönra daha tərbiyə olunub islah olunası deyillər ki?... Məni isə bir vətəndaş, bir ana kimi, hətta jurnalist kimi daima düşündürən müasir dövrün gəncləridir. Nədənsə bizim gənclərin əksəriyyəti ilk baxışda yazıq, küskün, bədbəxt görünürlər. Sanki onların simalarında heç həyat eşqi yoxdur. Bəzən eləsini görürəm ki fikirlidir cavanikən saçlarına dən də düşüb və üz-gözündən dərd yağır. Öz-özümə deyirəm;- tələbədir yəqin, bəlkə də acdır, bəlkə heç cibində pulu yoxdur, bəlkə də yaxın vaxtda məzun olacaq və gələcəkdə iş tapa bilməyəcək deyə fikir içindədir. Bəlkə də biri ailə qurasıdır, amma maddi durumu yaxşı olmadığından evlənə bilmir. Bəli, danılmaz faktdır ki, bizim subaylar istər qız olsun, istər oğlan olsun, əksəriyyəti normal ailə qura bilmirlər. Çünki bu gün Azərbaycanın sosial durumu vətəndaşlarının maddi rifahını normal təmin etmir. Baxmayaraq ki, qazımız, neftimiz var, orta təbəqə olmdığından millət çox kasıb yaşayır. Buna baxmayaraq bəzən elələrini görürəm ki, deyirlər haa “Araz aşığından Kür topuğundan” Bəli, tamamilə Avropa modası ilə göz qabağındadır. Əlində ən son model telfon, qulağına taxılan qulaqcığı, saçının dəbindənsə heç olmaz!.. Bütün bu dediklərimi cəmiyyət arasında çox gənclərə şamil etmək olar. Hansı ki, bəzi məmur balalarl “inomarka” maşınlarda təhsil aldığı universitetə gələrək maşınlarını istədikləri yerdə saxlamaqla piyadaların və nəqliyyatın hərəkətinə mane olurlar. Cəmiyyətimizi də korlayan harın məmur övladları deyilmi?!.... Gəlin həqiqətdən yan keçməyək. Moda, dəb bilməyən cox kasıbçılıqla öz gücünə müəyyən ixtisaslar üzrə ali təhsil alıb məzun olan gənclərimiz də çoxdur. Lakin Azərbaycanda ali məktəblərdən məzun olan gənclərin əksəriyyəti ixtisaslarına uyğun iş tapmadıqlarından diplomlarını toz basır, bir loxma çörək üçün zaman-zaman piştaxta arxasındakı kartof və göyərti satan “alverçiyə” çevrilirlər. Hətta bəziləri də xarici dövlətlərə, Rusiya bazarlarına üz tuturlar. (Yad ölkədə başlarına nə gələcəyini düşünmədən) Doğrudan da, insan düşünəndə az qalır ağlı başından çıxsın. Valideyin öz övladını min bir əziyyətlə böyüdür, onun ali təhsil alması üçün əlindən gələni edir ki, bəlkə övladının əli çörəyə çata. Heç kimə sirr deyil ki, övladı təhsil aldığı müddətcə yazıq valideyn hansı çətinliklərlə üzləşir??? Baxın, bu sualın cavabını sizlər məndən də yaxşı bilirsiniz. Əlbəttə əksər valideyn övladını ali təhsilli edib ixtisaslı kadr kimi iş axtaranda özünə “borc” bildiyi rüşvətlə qarşılaşır. Öz uşaqlarını ali təhsilli etmək üçün soğan kimi soyulan ata-ana belə məqamlarda əllərini ciblərinə sala bilmirlər, çünki artıq tükənmişlər. Əslində təhsilin, elmin inkişaf etdiyi müasir bir dövrdə yaşayırıq (belə demək mümkünsə). Amma gəlin özümüzü aldatmayaq. Bu gün cahillik daha çox ayaq açıb yeriməkdədir. Rüşvət məsələsi hətta orta məktəblərə də ayaq açdığından bəzi valideynlər öz uşaqlarının yalnız orta təhsil alması ilə kifayətlənirlər. Yəni məcburdular uşaqlarını ali məktəblərdə oxutmasınlar.
Hörmətli oxucular, əsl mətləbdən yayınsam da fikirlərimin tamamında biləcəksiz ki, nə demək istəyirəm. Bu gün bizim ali təhsilli ixtisaslı kadrlarımız “alverçi” adıyla məşhur olduğu halda əksər savadsız məmur uşaqları yüksək səviyyədə ixtisasına uyğun oldu, olmadı işlə təmin olunur, layiq olmadıqları kresloları zəbt edirlər. Amma kasıb olsa da bizim savadlı kadırlarımız var ki, işə qəbul olmaq üçün müəyyən məbləğ rüşvəti verə bilmədiklərindən öz arzularının yalançısına çevrilirlər. Əslində yuxarıda qeyd etdiyim kimi yazdıqlarım insan xislətinin ayın görünməyən tərəfi kimidir. Bəli, yuxarıda qeyd etmişdim insan mürəkkəb varlıqdır. Lakin bu silsilədən olan məqalələrimin birində yazmışdım ki, insan dünyaya gələndə onun xislətində heç bir ləkə olmur. İnsan zaman-zaman mühütin yetişdirdiyi qurbana çevrilir və ayın görünməyən tərəfi müəyyən müddətə nəzərə çarpdığı kimi insanın da xislətində olan məkr müəyyən zaman kəsiyində görünərək üzə çıxır. İnsanı tanımaq çox çətin məsələdir. Çünki insan heç öz-özünü tanıyaraq dərk edə bilmir. Bəzən insanın başqası üçün qazdığı quyu onun həyat tərzinə necə təsir edəcəyi heç ağlının ucundan belə keçmir. Unutmayaq ki, onun xisləti zaman-zaman belə formalaşıb. Bəzən tanıdığım insanlar var ki, ünsiyyət etdiyim zaman çox giley-güzar edərək deyinirlər:-“Niyə mənim həyatım belədir?!”. Nədənsə insan həyatında olan qaranlığı öz əməllərində axtarmır. İnsan həyatı boyunca gərək şəxsiyyətini və əməllərini götür-qoy etməyi, vicdanına nəzarət etməyi bacarsın. Axı həyatda heç nə təsadüfü deyil...
Təranə Şəms