Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasına üzv təşkilatın - Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova buna səbəbin erməni tələbələrin səfirin görüşünü Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının “bayrağı” altında təşkil etmək cəhdi olduğunu deyib. Onun sözlərinə görə, bu universitetin məzunu Turan Qafarlı tədbir haqqında xəbər tutan kimi icmamızla və Queen Mary Universitetində təhsil alan tələbələrimizlə əlaqə saxlayıb.
Ermənilərin qanunsuz hərəkətinin qarşısını almaq üçün fikir mübadiləsi aparılandan sonra tələbələr Qiyafət Xeyirxəbərli, Nicat Osmanlı, Akif Qurbanov, Rəna Süleymanova və Kifayət Dəmirlinin adından Queen Mary Universitetinin prezidenti və direktoru Kolin Qaret Beyliyə müraciət ünvanlanıb.
Müraciətdə bildirilib ki, azərbaycanlı tələbələr Universitetin hərbi gərginliyin davam etdiyi ərazilərdə insan hüquqları məsələləri üzrə müzakirələr təşkil etmək səylərini yüksək qiymətləndirirlər. Çünki bu, cari məsələlərə işıq salır və mübahisə edən tərəflər arasında qarşılıqlı anlaşmaya kömək edir. Lakin Ermənistanın səfirinin iştirak edəcəyi konfrans nüfuzlu akademik qurumların siyasi cəhətdən həssas mövzulara həsr olunmuş tədbirlərin təşkili və ya keçirilməsi zamanı beynəlxalq hüququn prinsiplərinə riayət olunmasına zəmanət vermir.
Qeyd edilib ki, tədbirin təbliği üçün istifadə olunan plakatda qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağını təsvir etməklə, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirilir və beynəlxalq hüququn prinsipləri pozulur. Digər tərəfdən belə bir konfransın təşkili Ermənistan tərəfindən hüquqları pozulmuş azərbaycanlılara qarşı qərəzli münasibət kimi qiymətləndirilə bilər. Üçüncüsü, tədbir yalnız Ermənistanın Böyük Britaniyadakı səfirinin simasında erməni tərəfinə öz perspektivlərini ictimaiyyətə çatdırmaq imkanı verir. Bu da o deməkdir ki, görüş iştirakçıları mürəkkəb məsələ ilə bağlı yalnız təktərəfli məlumat alacaqlar.
Universitet icmasının bir hissəsi olmaqdan qürur duyduqlarını bildirən gənclərimiz rəhbərliyi konfransın təşkilində yaranan problemlərin aradan qaldırılmasına dəvət ediblər.
Azərbaycanlı tələbələrin müraciəti erməni səfirinin fevralın 9-da keçiriləcək görüşünün ləğv edilməsi ilə nəticələnib.
Azərbaycanlı tələbələr erməni təxribatının qarşısını alıblar -Londonda
Azərbaycanlı tələbələr Londonun Queen Mary Universitetinin (QMUL) İnsan Haqları Mərkəzində Ermənistanın Birləşmiş Krallıqdakı səfirinin “Münaqişə zonalarında insan hüquqları: Dağlıq Qarabağ məsələsi” mövzusunda konfransda iştirakının qarşısını alıblar.