PAYTAXTDA MƏNZİLLƏR NİYƏ BAHALAŞIB? -“İşğaldan azad olunmuş ərazilərə köç başlasa, qiymətlər enəcək”
Son vaxtlar daşınmaz əmlak bazarında qiymətlərin ciddi şəkildə artdığı bildirilir. Hazırda köhnə və yeni tikilmiş binalarda mənzillərin qiyməti əvvəlki illərlə müqayisədə təxminən 15-20 faiz bahalaşıb. Alıcılar xüsusilə bir və iki otaqlı, kiçik həcmli mənzillərin qiymətinin daha çox artdığını deyirlər. Son 6 ayda əmlak bazarında yaşanan kəskin qiymət artımı mənzil sahibi olmaq istəyənlərin işini bir qədər də çətinləşdirib.
Yenixeber.org: Qeyd edək ki, statistikaya əsasən 11 il ərzində əmlak bazarında qiymətlər 3 dəfəyə qədər artıb. Məsələn, 2011-ci ildə Bakı şəhərində köhnə tikili binalarda 1 otaqlı mənzilin qiyməti təxminən 20-25 min manat aralığında dəyişirdisə, indi həmin qiymətlər 60-70 min manat ətrafındadır.
Hazırda şəhərin mərkəzi ərazilərində 1 otaqlı mənzillərin qiyməti köhnə tikili binalarda 70-80 min manat, yeni tikili binalarda isə 80-100 min manat aralığında dəyişir. 2 otaqlı mənzillər köhnə tikili binalarda 80-100 min manat, yeni tikililərdə 100-150 min manat, 3 otaqlı mənzillər isə köhnə tikililərdə 120-150 min manat, yeni tikili binalarda 150-200 min manata təklif olunur.
"MBA Consulting Group" qiymətlənirmə şirkətinin məlumatına əsasən, paytaxtın mənzil bazarında köhnə tikili binalarda 1 və 2 otaqlı mənzillər üzrə ən çox bahalaşma Nərimanov rayonunda (müvafiq olaraq 13-16%), 3 otaqlı mənzillər üzrə isə Nəsimi rayonunda (10 %) baş verib. Yeni tikili binalarda isə qiymətlər 1 otaqlı mənzillər üzrə Xətai rayonunda (17 %), 2 və 3 otaqlı mənzillər üzrə isə Nərimanov rayonunda (10-13 %) qeydə alınıb. Müvafiq olaraq köhnə tikili binalarda 1 otaqlı mənzillər 9,5 faiz, 2 otaqlı mənzillər 7,1 faiz, 3 otaqlı mənzillər isə 6,6 faiz bahalaşıb. Yeni tikili binalarda isə 1 otaqlı mənzillər 10,2 faiz, 2 otaqlı mənzillər 7,9 faiz, 3 otaqlı mənzillər isə 5,6 faiz bahalaşıb.
Eyni zamanda Bakı şəhərinin rayonları üzrə mənzillərin 1 kvadratmetrinin orta təklif qiyməti 2021-ci illə müqayisədə Binəqədi rayonu üzrə 1484 manatdan 1558 manata, Qaradağ rayonu üzrə 1140 manatdan 1242 manata, Nərimanov rayonu üzrə 1741 manatdan 1852 manata, Nəsimi rayonu üzrə 1836 manatdan 2056 manata, Nizami rayonu üzrə 1467 manatdan 1540 manata, Sabunçu rayonu üzrə 1373 manatdan 1469 manata, Səbail rayonu üzrə 1951 manatdan 2146 manata, Suraxanı rayonu üzrə 1220 manatdan 1281 manata, Xətai rayonu üzrə 1585 manatdan 1776 manata, Yasamal rayonu üzrə 1500 manatdan 1610 manata yüksəlib.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mənzil bazarında yaşanan qiymət artımlarının müxtəlif səbəbləri var: "Pandemiya dövründə quru sərhədlərinin bağlı olması tikinti məhsullarının daşınmasında müəyyən problemlər yaratdı. Bu dövrdə ölkə daxilində işçilərin sayının azalması da tikinti sektoruna mənfi təsir göstərdi. Ona görə də pandemiya bitdikdən dərhal sonra mənzil bazarında qiymətlər yüksəlməyə başladı. Qiymət artımına səbəb olan digər bir məsələ Rusiya-Ukrayna müharibəsidir. Statistikaya nəzər salsaq görərik ki, tikinti materialları Azərbaycana əsasəsn Rusiya və Ukraynadan idxal olunur. Bu iki ölkə arasında baş verən müharibə səbəbindən tikinti materiallarının daşınmasında böyük problemlər yaranıb. Digər tərəfdən tikintilər əsasən Bakı şəhərində getdiyinə görə paytaxt ərazisində tikintiyə yararlı torpaq sahələri məhdud saydadır. Ona görə tikinti şirkətləri pilot layihələr üzərindən, köhnə 4-5 mərtəbəli binaları sökərək orada böyük binalar tikirər. Tikinti şirkəti çoxmənzili köhnə yaşayış binasını sökürsə, orada yaşayan sakinlərə bina hazır olana qədər kirayə pulu verir, tikinti xərclərini qarşılayır və yeni tikilən binadan həmin insanlarI təmirli mənzillərlə təmin edir. Nəticədə şirkətlərin tikinti xərcləri artmış olur. Qeyd etdiyimiz bütün bu amillər əmlak bazarında mənzillərin qiymətinin bahalaşmasına səbəb olur".
Ekspert qeyd edir ki, mənzillərin hazırki qiyməti insanların real gəlirlərilə üst-üstə düşmür: "Bu gün aztəminatlı ailələrin bu qiymətlərlə mənzil sahibi olmaları mümkün deyil. Çünki hazırda əmlakların qiyməti çox bahadır. Bu baxımdan yaxın illərdə qiymətlərdə müəyyən stabilləşmənin olacağı proqnozlaşdırılır".
Ekspertin fikrincə, işğaldan azad olunmuş ərazilərə köç başlasa, qiymətlər enəcək: “Hazırda Bakı şəhərində yüzminlərlə məcburi köçkün yaşayır. İşğaldan azad olunmuş ərazilərdə tikinti işləri yekunlaşdıqdan sonra həmin məcburi köçkünlər bu ərazilərə köçürülsələr, paytaxt bir qədər boşalacaq. Tələbat azaldıqca qiymətlərdə stabilləşmə baş verəcək. Bu gün kirayə məqsədilə alınan mənzillərin sayı kifayət qədər çoxdur. Kirayəçilərin böyük bir hisəsini isə tələbələr təşkil edir. Əgər aidiyyatı qurumlar tələbələrin yataqxana problemlərini aradan qaldırsalar, kirayə mənzillərə olan təlabat da azalacaq. Təlabatın azalması isə öz növbəsində qiymətlərin enməsinə səbəb olacaq"."Azpolitika"