ƏHALİ “FORMULA-1”in XEYRİNİ GÖRÜRMÜ? -“Əhalinin də bu yarışdan pul qazandığını ona hiss etdirmək lazımdır”
Natiq Cəfərli: “Yalnız bundan sonra əhali bu yarışın keçirilməsinə tolerant yanaşa bilər”
Rəsmi statistika: İlk dörd yarış Azərbaycan iqtisadiyyatına ümumilikdə 506,3 milyon dollar gəlir qazandırıb
Yenixeber.org: “Formula-1” Azərbaycan Qran-prisinin başlamasına artıq bir gün qalıb. 2016-cı ildən ölkəmizin də ev sahibliyi etdiyi yarışın 10-12 iyun tarixlərində baş tutması planlaşdırılır. Bakıda təşkil olunacaq yarışın keçirilməsi üçün bütün işlər demək olar ki, yekunlaşıb.
Bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin və insanların hərəkəti məhdudlaşdırılıb, yol boyu beton maneələr və dəmir hasarlar quraşdırılıb. Bütün bunlar paytaxt sakinlərinin hərəkətini xeyli məhdudlaşdırdığı üçün yarışın təşkili hər il olduğu kimi cəmiyyətdə birmənalı qarşılanmayıb. Məhdudiyyətlərdən sonra vətəndaşlar mənzil başına çatmaq üçün saatlarla tıxacda qalmalarından, avtobusların vaxtında gəlməməsindən şikayətlənirlər.
Artıq iyirmi günə yaxındır ki, paytaxt küçələrində hərəkət etmək böyük bir problemə çevrilib. Alternativ yollardan istifadə isə məsafəni və vaxtı xeyli uzatdığından, əlverişsiz hesab olunur. Eyni zamanda, bir sıra marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiyindən, vətəndaşlar saatlarla avtobus gözləməli olurlar. Son günlər havaların isti keçdiyini də nəzərə alsaq, vətəndaşların narazılığının miqyasını təsəvvür etmək o qədər də çətin deyil.
Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən, “Formula-1” üzrə Azərbaycan Qran-prisinin keçirliməsilə əlaqədar olaraq, 20 müntəzəm marşrut xətti üzrə - 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205, M3 və H1 nömrəli avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Məlumat üçün qeyd edək ki, hər il 5 qitə, 21 ölkədə keçirilən “Formula-1” yarışını 500 milyondan artıq azarkeş izləyir. Hər yarışı TV qarşısında izləyənlərin ortalama sayı 83 milyon nəfərdir.
Sırf Azərbaycan Qran -prisinin TV auditoriyasına gəlincə, F-1 təşkilatçılarının hesabatına əsasən, həril bu yarışı canlı yayımda ortalama 80 milyona yaxın azarkeş izləyir.
Bu yarışlar adətən, şəhər mərkəzindən uzaqda yerləşən şəhərətrafı treklərdə təşkil olunur. Monako və Azərbaycanda isə yarış şəhərin mərkəzində keçirilir.
Təşkilatçılar bunun səbəbini şəhərin tarixi məkanlarının tanıdılmasıyla izah edirlər. 2016-cı ildən keçirilən “Formula-1” Azərbaycan Qran-prisinin 2024-cü ilə qədər davam edəcəyi bildirilir.
“PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı araşdırmanın nəticəsinə görə, keçirilmiş ilk dörd yarış Azərbaycan iqtisadiyyatına ümumilikdə 506,3 milyon dollar gəlir qazandırıb. Bu, əsasən turizm, mehmanxana və nəqliyyat sektorunda öz əksini tapıb.
Qeyd edək ki, satışa çıxarılan biletlərin qiyməti 90 manatdan, 970 manata qədər dəyişir.
Bu mövzuyla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli şərhində bildirib ki, bu tip böyük yarışlar birbaşa olmasa da, dolayı yollarla ölkə iqtisadiyyatına xeyir verir: “Tanıtımdan sonra ölkəyə gələn turistlərin sayı artır və bu da iqtisadiyyata müsbət təsir göstərir. Ancaq bizdə problem odur ki, tanıtımdan sonra turizm infrastrukturunun yaxşılaşdırılması adına heç bir iş görülmür. Turistin ölkəyə gəlməsi üçün ilk növbədə aviabiletlər, otellər ucuz olmalı və xidmət keyfiyyəti yüksəldilməldir.Lakin biz bu gün görürük ki, “AZAL”-ın təqdim etdiyi aviabiletlərinqiyməti qonşu ölkələrlə müqayisədə xeyli bahadır. Bu, turizmə ziyan vurur və nəticədə ölkəyə çox az sayda xarici turist gəlir. Ona görə də “Formula-1” keçirməklə paralel olaraq, ölkədə turizm infrastrukturu da yaxşılaşdırılmalıdır”.
Ekspert qeyd edib ki, “Formula-1”-in ölkə iqtisadiyyatına xeyrilə bağlı hökumətin açıqaldığı rəqəmlər dolayı hesablamalardır: “Bu hesablamalar ölkəyə gələn turistlərin iqtisadiyyata qazandırdığı rəqəmlər əsasında aparılıb. Amma bu, doğru hesablama deyil. Bəlkə də, “Formula-1” keçirilməsə belə, bu turistlər ölkəyə gələcəkdilər”.
Natiq Cəfərli son günlər paytaxtda yaşanan tıxac və sıxlıqlara da münasibət bildirib: “”Formula-1” Bakıda keçirildiyi müddətcə şəhərin mərkəzində tıxaclar və problemlər olacaq. Bunun alternativ həlli variantı yoxdur. Çünki yarışla əlaqədar olaraq, şəhərin mərkəzi küçələri bağlanmalı və müəyyən işlər görülməlidir. Əhali o zaman bu çətinlikləri normal qarşılayar ki, “Formula-1”-dən dividend qazansın. Yəni, iş adamları, kafe-restoranlar, taksi və digər xidmət sahələri bu yarışdan xeyir götürsünlər.
Məsələn, Monako hər il “Formula-1” yarışından 1 milyarda yaxın gəlir əldə edir. Ona görə də əhali bu yarışlara daha tolerant yanaşır. Bizdə isə əhali “Formula-1”-dən qazanc əldə edildiyini hiss etmir. Bunun yeganə həll yolu əhalinin də bu yarışdan pul qazandığını ona hiss etdirməkdir. Yalnız bundan sonra əhali “Formula-1”-in keçirilməsinə tolerant yanaşa bilər”.
Onu da qeyd edək ki, bu cür tədbirlərin təşkil olunması ölkəmizin beynəlxalq aləmdə tanınmasına və imicinə kifayət qədər müsbət təsir göstərir. Ekspertin də qeyd etdiyi kimi yerli əhali “Formula-1”-in xeyrini görməsə də, dolayı yollarla ölkə iqtisadiyyatı bu yarışın müsbət tərəflərindən bəhrələnir.
Ancaq onu da qeyd etməliyik ki, yarış 3 gün keçirilsə də, bundan dəfələrlə artıq müddətdə paytaxtda hərəkətin məhdudlaşdırılması vətəndaşlara əlavə problemlər yaradır və narazılıqları artırır.
Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Nəqliyyat Agentliyi hər il bu problemin aradan qaldırılacağını vəd etsə də, dəyişən bir şey yoxdur. Görünən odur ki, məsələnin həlli üçün “Formula-1” müqaviləsinin bitəcəyi tarixi gözləməkdən başqa çarə yoxdur... “Azpolitika”