Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Alimlər:“Omikron”a qarşı ən effektiv mübarizə buster dozadır”

Alimlər: “Omikron”a qarşı ən effektiv mübarizə buster dozadır”

Noyabr ayından yayılmağa başlayan koronavirusun “Omikron” ştamı artıq dünyada infeksiyanın ştamları arasında üstünlük təşkil edir. “Omikron”un digər ştamlardan ən böyük fərqi onun daha sürətlə yayılmasıdır.

Yenixeber.org: Pandemiyanın ilk günlərindən onun ətrafında saysız-hesabsız konspiroloji nəzəriyyələr də inkişaf etməyə başlayıb.

İlk vaxtlar həmin konspiroloji nəzəriyyələr özündə virusun “dünyanı idarə edən qüvvələr” tərəfindən əhalini azaltmaq üçün şüurlu şəkildə yayıldığını ehtiva etsə də, vaksinlər dövriyyəyə girəndən sonra həmin nəzəriyyələr başqa istiqamətə transformasiya edilib. Belə ki, bəzi ifrat mühafizəkar dairələr vaksinlərin səmərəli olmamasından insanların zombiləşməsinə qədər heç bir elmi əsası olmayan, bəzən sərsəmləmə səviyyəsinə çatan nəzəriyyələr irəli sürürlər. Bu kimi psevdoelmi fikirlər əsasən mühafizəkar və savadlılığın aşağı səviyyədə olduğunu cəmiyyətlərdə populyarlıq qazanıb.

Azərbaycanda pandemiya ətrafında, xüsusilə peyvəndlərlə bağlı xeyli sayda konspiroloji nəzəriyyələrin olması bəzi insanların vaksin sertifikatlarını satın almasına, digərlərini buna təşviq etməsinə yol açıb. Məsələ ilə bağlı indiyədək onlarla insan barəsində cinayət işi açılıb.

Bu kimi hallar 2 ildir davam edən koronavirus pandemiyasına qarşı mübarizəni ləngidir, cəmiyyətimizdə kollektiv immunitetin daha az fəsadla yaranmasını çətinləşdirir.

Afrika ölkələrində daha sonra “Omikron” adlandırılan yeni ştamın ortaya çıxması vaksinlərin, o cümlədən buster dozaların ona qarşı nə dərəcədə effektiv olmasına dair sual yaratmışdı. Bir çox virusoloqlar aşıların koronavirusun bu mutasiyasına qarşı nəinki səmərəli olduğunu, hətta buster dozanın fövqəladə vacibliyini vurğulayırlar.

Bununla belə, sosial şəbəkədə vaksinlərin effektivsizliyinə dair manipulyativ fikirlər yürüdülür, təhrif olunmuş statistik təhlillər paylaşılır. Həmin dairələr buster dozaların səmərəsizliyini sübut etmək üçün misal olaraq tez-tez İsrail nümunəsini qeyd edirlər. Bunun əksinə olaraq “New England Journal of Medicine” dərgisində nəşr edilən araşdırma İsraildə revaksinasiya kampaniyasının yoluxmaların əhəmiyyətli dərəcədə azaldığını sübut edib. Tədqiqatda artıq iki dəfə peyvənd olunmuş 60 yaşdan yuxarı 1,3 milyon insan iştirak edib. Araşdırmada iştirak edənlər arasında gücləndirici doza da vuranlar olub. Onlarda yoluxma səviyyəsi digər qrupla müqayisədə 11,3 dəfə azalıb.

Müxtəlif tədqiqatlar sübut edir ki, mRNT əsaslı preparatlar buster olaraq ən yüksək effektivliyə malikdir. Xüsusilə “Pfizer” və onun tərəfdaşı “BioNTech” şirkəti bildirib ki, onların peyvəndinin (“Comirnaty”) üçüncü dozası antikor səviyyəsini 25 dəfə artırır və həmçinin yeni “Omikron” ştamına qarşı immuniteti gücləndirir.

“BioNTech”in baş direktoru Uğur Şahinin sözlərinə görə, peyvəndin üç dozası virusun yeni ştamına qarşı 70 % effektivdir, halbuki iki dozadan sonra bu rəqəm cəmi 20-40 % təşkil edir.

Eyni zamanda Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburq vaksinlərin yeni ştama qarşı yeganə mübarizə vasitəsi olduğuna diqqət çəkib:

“Omikron”un daha az ağır fəsadlara yola açdığını demək olmaz. Onun yüngül keçməsinə dair məlumatlar əhalinin 60-80 %-nin peyvəndləndiyi ölkələrdən gəlir. Bizdə (Rusiyada – red.) aşılananların sayı azdır, bu səbəbdən vaksin olunmayanlarda xəstəlik ağır keçəcək”.

Bundan başqa, “Associated Press”in yaydığı məlumata görə, ABŞ-da aparılan üç araşdırma mövcud COVID-19 peyvəndlərinin “Omikron” ştamına qarşı mübarizədə buster alanlara kömək etdiyini sübut edib. Tədqiqatlardan birinin müəllifi Emma Akkorsi deyib: "Bu, həqiqətən də, əlavə doza qəbul etməyin nə qədər vacib olduğunu göstərir".

Amerika tədqiqatlarının nəticələri Almaniya, Cənubi Afrika və Böyük Britaniyadakı uzmanların gəldiyi sonuclar ilə oxşardır. Onların fikrincə, istifadə olunan peyvəndlər koronavirusun əvvəlki ştamları ilə müqayisədə “Omikron”a qarşı nisbətən az effektivdir, lakin buster dozası infeksiyaya qarşı müdafiəni əhəmiyyətli dərəcədə gücləndirir.

Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı da buster dozaların koronavirusun yeni ştamına qarşı səmərəli olduğunu bildirib. Belə ki, təşkilatın rəsmi nümayəndəsi Tarik Yazareviç deyib ki, “Omikron” ştamının xəstəlik dövrü “Delta” ştamına nisbətən daha yüngül keçsə də, xüsusən də peyvənd olunmamış şəxslər üçün bu ştam da təhlükəlidir. ÜST nümayəndəsi qeyd edib ki, vaksinin “Omikron” ştamına qarşı effektiv olduğunu göstərən daha çox sübutlar ortaya çıxır:

“Görünür, buster dozanın olması immuniteti gücləndirir. Vaksinlər əvvəlki kimi insanların ciddi xəstəliklərə, xəstəxanaya yerləşdirilməsinə və ölməsinə qarşı yüksək effektivliyə malik olmaqda davam edir”.

Onun sözlərinə görə, məqsəd 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin 70 %-nin peyvəndlənməsini təmin etmək olmalıdır: “Riskə qarşı daha həssas kateqoriyalardan başlamaqla, əhalini peyvəndləməklə pandemiyanın kəskin mərhələsinə son qoya bilərik”.

Beləliklə, araşdırmalar onu göstərir ki, peyvəndlərin buster dozası koronavirusun yeni ştamına qarşı yoluxma ehtimalını azaldır, xəstəliyin ağır keçməsi və ölüm hallarını minimuma endirir. Ancaq, təəssüf ki, pandemiya dövründə ictimaiyyət virusla yanaşı onun ətrafında meydana gələn, xəstəliklə mübarizəyə əngəl olan konspiroloji nəzəriyyələr və onların fəsadları ilə də mübarizə aparmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam