“Turan” informasiya agentliyinin direktoru: ““Media haqqında qanun” layihəsi hazırlanmamışdan əvvəl ictima müzakirələr getməli idi”
“Prezidentin fərmanı ilə MEDİA Agentliyinə çox səlahiyyət verildi. Bu da onu göstərir ki, burada məqsəd daha çox medianı nəzarətə götürmək və ona nəzarət etməkdir”.
Yenixeber.org: Son günlər “Media haqqında” yeni qanun layihəsi müzkirə obyektinə çevrilib. Bir sıra media nümayəndələrinin MEDİA Agentliyinə qanun layihəsinin ictimai mazakirəyə çıxarılması haqda müraciəti cavabsız qalıb. Belə müraciət edənlərdən birini də “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev edib.
Mehman Əliyev Əhməd İsmayılova 2 iyul 2021-ci il müraciətində yazır ki, “Media haqqında” qanun layihəsi ilə bağlı qapalı müzakirələr aparılır: “Halbuki qanun layihəsi təkcə jurnalistlərin yox, həm də dövlətin, cəmiyyətin və kütləvi kommunikasiya vasitələrinin maraq dairəsini əhatə edir. Kütləvi kommunikasiya vasitələri kütləvi informasiya vasitələrindən daha geniş anlam kəsb edir, təkcə peşəkar informasiya fəaliyyətini həyata keçirən şəxsləri yox, bütün cəmiyyəti, hər şəxsiyyəti əhatə edir, çünki biz internetin inkişafı şəraitində informasiya cəmiyyəti mərhələsinə qədəm qoymuşuq”.
Mehman Əliyevin fikrincə, yeni qanun üzərində gizli iş ancaq ondan xəbər verə bilər ki, hakimiyyət cəmiyyətin yaradıcı tələbatını dəstəkləmək niyyətində deyil, onu ənənəvi olaraq məhdudlaşdırmaq niyyətindədir: “İnformasiya cəmiyyətinin bütün üzvlərinin münasibətlərini tənzimləyəcək, Azərbaycan dövlətinin “informasiya buludu”nu formalaşdıracaq, onun dünya informasiya sistemi ilə qarşılıqlı əlaqəsini və inteqrasiyasını təmin edəcək qanunun ictimai müzakirəsindən imtina etmək qeyri-uzaqgörən, üstəlik, cinayətkar siyasətdir, çünki məhdud müzakirələrin nəticəsi məhdud cəmiyyət və dövlət olacaq.
Sizi “Media haqqında” qanun layihəsini dərc etməyə və Azərbaycanın informasiya cəmiyyətinin inkişafı naminə geniş ictimai müzakirələr təşkil etməyə çağırıram. Söz və ifadə azadlığı Medianın İnkişafı Agentliyinin eksklüziv sahəsi deyil”.
Medianın İnkişafı Agentliyinin fəaliyyəti və agentliyin son olaraq mediayaya göstərdiyi yardımın şəffaflığını əməkdaşımız elə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevlə müzakirə edib.
Mehman Əliyev: “MEDİA Agentliyi tərəfindən saytlara ayrılan maliyyə yardımı nə obyektivdir, nə də şəffafdır”.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev ilə olan müsahibəni oxucularının diqqətinə çatdırırıq:
- Mehman bəy, ümumiyyətlə publik-hüquqi şəxs olan MEDİA Agentliyin qnunvericilik təşəbbüsü ilə çıxış etməsini və mətbuatda islahatların aparılmasını öz üzərinə götürməsini necə dəyərlədirirsiniz və sizcə hazırlanan qanun layihəsinin gizli saxlanılması nədən xəbər verir?
- Əlbəttə ki, media haqqında qanun layihəsi hazırlanmamışdan əvvəl ictima müzakirələr getməli idi. Əgər kakimiyyətin kütləvi informasiya vasitələri ilə bağlı belə fikiri var idisə, ilk növbədə niyə “Kütləvi İnformasiya Vasitələri haqqqında qanun”un köhnəldiyini əsaslandırmalı idi. Sonra isə artıq yeni çağırışların olmasını və bu çağırışlara cavab olaraq yeni qanun layihəsinin hazırlandığını bildirməli idi. Hakimiyyət, ictimaiyyət nümayəndələri təkliflərini verməliydi və açıq müzakirələr getməli idi. Ən birinci yeni qanun layihəsinin lazım olub-olmadığı müzakirə olunmalı idi. Əgər yeni qanun lazımdırsa, onun hansı formada olması, özündə hansı müddəaları əks etdirməsi da müzakirə olunmalı idi.
Layihənin hakimiyyət tərəfindən hazırlanması və Medianın İnkişafı Agentliyinə ötürülməsi, dar çərçivədə hökümət yönümlü insanlarla müzakirələr aparılması düzgün deyil.
- Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ötən həftə mətbuata verdiyi açıqlamasında bildirib ki, “Media haqqında” yeni qanun layihəsində jurnalistlərə jurnalist vəsiqəsinin verilməsi müddəası nəzərdə tutulub və bu vəsiqəni MEDİA Agentliyi öz standartlarına görə verəcək. Agentlik hansı statusla jurnalistlərə vəsiqə verə bilər və kimin jurnalist olub-olmamsını MEDİA Agentliyinin təyin etməsi konstitutsiyaya və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə nə qədər uyğundur?
- Konstitusiyanı, beynəlxalq qanunları və öhdəlikləri kənara qoyaq. Ümumiyyətlə Medianın İnkişafı Agentliyi jurnalistlərə vəsiqə vermək-verməmək, medianı qeydiyyata almaq-almamaq işləri ilə məşğul olmamalıdır. Agentlik medianın inkişafı ilə bağlı fəaliyyət göstərməlidir. Həmçinin Agentlik medianın iqtisadi dayanıqlığını gücləndirmək məqsədi ilə mediaya yardımçı olmalıdır.
Yardımçı olmaq məsələsi də başqa bir məsələdir. Çünki bunun hansı formada olması vacibdir. Amma Medianın İnkişafı Agentliyinin əsas işi sadaladığım işlər olmalıdır. Xüsusən azad reklam bazarının yaradılması Agentliyin bir nömrəli vəzifəsi olmalıdır.
Mehman Əliyev: “MEDİA Agentliyinə bu qədər səlahiyyətin verilməsi indiki zamanda kifayət qədər zərərli işdir”.
- Ötən həftə MEDİA Agentliyi tərəfindən saytlara ayrılan maliyyə yardımı ciddi müzakirələrə və etirazlara səbəb oldu. Bu prosesi nə qədər obyektiv və şəffaf olaraq görürsünüz?
- MEDİA Agentliyi tərəfindən saytlara ayrılan maliyyə yardımı nə obyektivdir, nə də şəffafdır. Əslində mediaya Agentlik tərəfindən maliyyə ayrılması qanunlara ziddir. Hətta bu Azərbaycan jurnalistlərinin peşə normalarına da ziddir. Buna görə də hesab edirəm ki, bu kimi yardımları dayandırmaq lazımdır. Çünki problemin həllinə tamam başqa prizmadan və tamam başqa mexanizmdən yanaşmaq lazımdır.
Birinci növbədə qanuna riayət olunmalıdır. Həmçinin jurnalistlərin peşə normalarının işlənməsi təmin olunmalıdır. Bu işlər görüləndən sonra biz nədənsə danışa bilərik. Amma bütövlükdə mediayaya yanaşma məsələsi tamamilə dəyişməlidir. İndiki yanaşma isə tamamilə yanlışdır.
- Mehman bəy, hesab edirsinizmi ki, MEDİA Agentliyi öz fəaliyyəti və iş üslubu ilə KİVDF-dən yetərincə fərqlənir? Ümumiyyətlə MEDİA Agentliyi mətbuatda islahatlar apara biləcək qədər peşəkar hesab edirsinizmi və islahatların məhz bu quruma tapşırılması sizcə nə qədər doğrudur?
- Prezidentin fərmanı ilə MEDİA Agentliyinə çox səlahiyyət verildi. Bu da onu göstərir ki, burada məqsəd daha çox medianı nəzarətə götürmək və ona nəzarət etməkdir. MEDİA Agentliyinə bu qədər səlahiyyətin verilməsi də indiki zamanda kifayət qədər zərərli işdir. Əslində bu geriyə qayıtmaq məsələsidir. Sanki bizi 30 il bundan əvvəlli vəziyyətə gətirirlər.
Bildiyimiz kimi vaxtı ilə İnformasiya Nazirliyi var idi. Heç o nazirliyin bu qədər səlahiyyətləri yox idi. Buna görə də MEDİA Agentliyinə bu qədər səlahiyyətin verilməsi yaxşı tendensiya deyil. Hesab edirəm ki, bu məsələ yenidən müzakirə olunacaq və yenidən baxılacaq.(pia.az)
Nərminə UMUDLU