Yenixeber.org: Ölkə əhalisinin bu ilin ilk 2 ayı ərzində əsasən hansı sahələrə daha çox pul xərclədiyi məlum olub. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən 2021-ci ilin yanvar-fevral aylarında alıcıların istehlak xərclərinin 46,9 faizini ərzaq məhsulları təşkil edib. İkinci yerdə isə taksi xidmətlərindən istifadə gəlir. Pandemiya dönəmində ictimai nəqliyyatın işləməməsi vətəndaşların cibinə əməlli-başlı ziyan vurub.
İqtisadçı ekspert Rəşad Həsənov saytımıza şərhində Azərbaycan kimi ölkələrdə əhalinin öz gəlirlərinin əhəmiyyətli hissəsini gündəlik tələbat mallarına xərcləyini bildirdi:
“Gəlirlərin azaldığı dövrdə ərzaq mallarına xərclənən vəsaitlərin xüsusi çəkisi artır, yığım və digər məqsədlərə vəsait ayrılması imkanları məhdudlaşır. Pandemiyaya görə Azərbaycanda real gəlirlər azalır. Bu, adambaşına düşən gəlirlərdə də özünü göstərir. Düzdür, rəsmi statistika bunu çox az ifadə edir, amma qeyri-rəsmi bizim müşahidələrimiz onu göstərir ki, pandemiyadan əvvəlki dövrlərlə müqayisədə vətəndaşın ailə büdcəsinin gəlirlərində kəskin azalma var. Bu, həm adambaşına, həm də ailə təsərrüfatına düşən gəlirlərdə özünü göstərir. Yeganə ixtisar edilməsi mümkün olmayan xərclər ərzaq xərcləridir ki, buna görə də bu istiqamətdə biz xərclərin xüsusi çəkisinin artmasını müşahidə edirik”.
Ekspert xatırlatdı ki, taksi xidmətlərinə tələbin artmasını şərtləndirən əsas məsələ ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsidir:
“Demək olar ki, orta hesabla ayın 8 günündə, hətta 9-10 gün kütləvi sərnişindaşıma ümumiyyətlə, fəaliyyət göstərmir. Bütövlükdə götürdükdə ay ərzində metroların xidməti də məhdudlaşdırılır. Eyni zamanda, həftə içi ictimai nəqliyyat xidmətləri göstərilsə belə, ictimai nəqliyyatdakı vəziyyət olduqca acınacaqlı olduğundan, xüsusilə də pandemiya dönəmində avtobus xidmətindən istifadə edilməsi riski əhəmiyyətli səviyyədə artırdığından, insanlar mümkün qədər çalışırlar ki, bu təhlükədən özlərini sığortalasınlar. Bunun qarşısını almaq məqsədilə bir çox insanlar kütləvi sərnişindaşıma xidmətlərindən imtina ediblər. Məcburən taksi xidmətərindən istifadə edirlər. Bu da onların taksi xərclərini artıran əsas səbəblərdən biridir”.
“Bu kimi hallarda vətəndaşlar necə davranmalıdır” sualına gəldikdə isə R. Həsənov dünya təcrübəsinə əsasən ailə büdcəsinin idarə edilməsi üçün onun planlaşdırılmasının çox vacib məqamlardan biri olduğunu vurğuladı:
“Təəssüf ki, Azərbaycanda ailə büdcəsi hazırlanmır. Bununla bağlı praktika çox zəif inkişaf edib. Gəlirləri qat-qat Azərbaycandan yüksək olan Avropa ölkələrində – Almaniya, İngiltərə, Fransada ailələrin gəlirlərinin çox olmasına baxmayaraq, ailə büdcəsinin planlaması və onun idarəedilməsi təcrübəsinə daha çox müraciət edirlər. Bu, çox vacib məsələdir”.
İqtisadçı deyir ki, bununla bağlı müəyyən mexanizm işlənib, təklif edilə bilər:
“Təcrübədə belədir ki, əməkhaqqını alan gün sizdə çoxlu pul var və həmin gün rahat şəkildə xərcləmə edirsiniz. Ayın ilk bir həftəsində siz bütün vəsaiti bitirirsiniz. Çünki sizin planlamanız yoxdur. Amma təcrübə göstərir ki, vəsaiti əvvəl büdcələşdirib, xərc istiqamətləri üzrə bölüşdürüb, sonra xərcləməyə başlayanda insan öz istehlakını tənzimləyir. Hətta bəzi hallarda tövsiyə olunur ki, insanlar ac olanda bazarlığa getməsinlər, həmin vaxt onlar izafi istehlak edirlər. Bu da büdcə üzərində yük yaradır. İlk növbədə büdcədə ailənin aylıq ərzaq məhsullarına olan tələbatı öz əksini tapmalı, kommunal xidmətlər üzrə öhdəliklər, əgər kirayə öhdəlikləri varsa, həmin öhdəliklər nəzərə alınmalıdır. Daha sonra kredit öhdəlikləri varsa, onlar və təhsil və səhiyyə xidmətləri üzrə öhdəliklər əksini tapmalıdır. Yalnız bundan sonra əgər yerdə pul qalırsa, digər məqsədlərə – əyləncə, teatr, ailənin gəzinti xərcləri və sair istiqamətlərə vəsait ayrıla bilər və yaxud da bu vəsaitlər yığım üçün yönəldilə bilər. Bu kimi ardıcıl planlaşma aparılanda ailə büdcələrinin daha səmərəli idarə edilməsi mümkün olur”.
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli isə qeyd etdi ki, Statistika Komitəsinin açıqladığı rəqəmlər Bakı şəhəri üçün nəzərdə tutulan göstəricilərdə özünü doğrula bilər:
“Taksi xidməti ilə bağlı müraciətlər daha çox Bakı şəhərində olur. Əgər bütövlükdə ölkəni götürsək, ərzaq məhsullarından sonra əhalinin vəsaitləri daha çox səhiyyə və tibbi ləvazimatlara yönəlir. Yalnız ondan sonra xərclər ümumi olaraq nəqliyyat xidmətinə yönəldilə bilər. Amma sırf Bakı şəhəri üzrə nəzər yetirsək, bu statistika ilə razılaşa bilərəm. İndiki halda taksi xidmətlərinə daha çox vəsait xərclənir. Son iki ayda xərclərin daha çox taksi xidmətinə yönləndirilməsinin səbəbi Bakı şəhərinin ən böyük nəqliyyat strukturu olan metronun fəaliyyət göstərməməsidir. Paytaxtın ən ucqar nöqtəsi ilə mərkəzini birləşdirən, ən unikal və sürətli sərnişindaşıma xidməti olan metronun dayandırılması taksi xidmətlərinə olan tələbatı çox artırıb”.
Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6 milyard manatlıq, o cümlədən 3, 2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.(pressklub)
Ülviyyə Şahin