Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

TOY OLSUN! –Bu qadağanı ləğv etməyin vaxtı deyilmi?...

Mart ayının ikinci ongünlüyündə bir il olacaq ki, Azərbaycanda ənənəvi toy və yas mərasimləri keçirilmir. Teatrlar, mədəniyyət ocaqları, kino və konsert zalları da bağlıdır. Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 10 nəfərdən artıq bütün toplantılar qadağandır, bu qaydanı pozanları ağır cərimə və həbs cəzaları gözləyir. Vaxtaşırı açıqlanan statistik məlumatlarda gizli məclislər təşkil edənlərin, toy, yas mərasimi keçirənlərin, kafe-restoran işlədənlərin cəzalandırıldıqları barədə informasiyalar verilir.

Yenixeber.org: Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə 34 minə yaxın nikah qeydə alınıb, boşanan cütlüklərin sayı isə 14 min civarında olub. Əvvəlki illərə nisbətdə kifayət qədər fərqli göstəricilərdir: nikahların sayı azı iki dəfə azalıb, boşanmalarda isə xeyli artım var. Əlbəttə, bağlanan nikahların sayı az olduğuna görə, boşanma statistikası qabarıq görünür. Bu mənfi tendensiya ölkədə demoqrafik vəziyyəti getdikcə pisləşdirir. Toy Azərbaycanın milli adət-ənənələrinin biri kimi insanların və cəmiyyətin həyatında mühüm yer tutur. Elə ölkə iqtisadiyyatında da toylar xüsusi rola malikdir. Təxminən bir ilə yaxın müddətdir ki, vətəndaşlar bu el adətindən, muzdlu işləyənlər, sahibkarlar, iş adamları, fermerlər, nəhayət, dövlət gəlir mənbəyindən məhrum olub.

Əlbəttə, toy, nişan mərasimlərində ifrat israfçılıq, dəbdəbə, səs-küy həmişə tənqid hədəfi olsa da, bu vazkeçilməz ənənənin qadağan olunması cəmiyyətdə ciddi gərginlik mənbəyinə çevrilib. Əvvəla, toysuzluq minlərlə gəncin ailə qurmasına mane olur. İkincisi, insanların alışdığı həyat tərzinin uzun müddət davam edən monoton, məhdudiyyətlərlə dolu karantin rejimi ilə əvəzlənməsi depressiyaya, kütləvi psixoza səbəb ola bilər.

Pandemiya şəraitində kütləvi toplantıların qadağan edilməsi başadüşüləndir, əksər ölkələr bu məcburiyyətə əl atıb. Amma virusun yayılma tendensiyasında nəzərəçarpan dəyişkənliklər məhdudiyyətlərin azalmasına, yaxud artırılmasına səbəb olur. Azərbaycanda isə müsbət statistikaya baxmayaraq, bəzi qadağalar, xüsusən məclislərin, toplantıların yasaqlanması davam edir. Fikrimizcə, sonu görünməyən bu qadağalar haqqında ciddi araşdırma aparıb, yeni düzənləmələrin tətbiq olunmasının vaxtı çatıb. Nəzərə almaq lazımdır ki, toyların, şənliklərin neft gəlirlərindən asılı olan Azərbaycanda qeyri-neft sektorunda çox böyük payı var

Müstəqil ekspertlərin apardıqları araşdırmaya görə, toy biznesinin illik dövriyyəsi 1 milyard manatdan artıqdır. Ölkə iqtisadiyyatının ən müxtəlif sektorları bu dövriyyədən faydalanır. Məsələn, aqrar sektordan ət, yağ-pendir, meyvə-tərəvəz, göyərti istehsalçıları üçün ən böyük bazarlardan biri toylardır. Bu gün təsadüfi deyil ki, qadağa səbəbindən heyvandarlıq sektoru ciddi tənəzzül dövrünü yaşayır. Rayonlarda ətin kiloqramı 7-8 manata, şəhərlərdə isə 10 manata düşüb. Ot və yemin kifayət qədər bahalaşdığı şəraitdə istehsal etdikləri əti sata bilməyən fermerlər böyük ziyana düşərək sektoru tərk etməyə məcbur olurlar. Eyni vəziyyət meyvə-tərəvəz istehsalına da aiddir. Toylar həm də xidmət sektorunun bir neçə sahəsini ayaqda saxlayan əsas gəlir mənbəyidir. Məsələn, gözəllik salonları, taksi xidməti, toy mərasimləri təşkil edən şirkətlər və s. qrupların əsas qazancı el şənliklərindən çıxırdı.

Toylar həm də məşğulluğun təmin olunmasında ciddi rol oynayırdı. Məsələn, ekspertlər bildirirlər ki, təkcə Bakı şəhərində 70 minə yaxın ofisiant, 30-35 min musiqiçi-müğənni vergi qeydiyyatında durub. Bir ilə yaxındır onların əksəriyyəti bir manat qazana bilmirlər. Bura restoranların personallarına daxil olan başqa xidmətçiləri də əlavə etsək, nəhəng işsizlər rəqəmi alınır.

 

 

El şənilikləri ölkədə spirtli və sərinləşdirici içkilərin ən böyük satış bazarlarından biri idi. İstehsalçı və idxalla məşğul olan firmalar şadlıq evlərindən yaxşı qazanc götürə bilirdilər...

Bu siyahını kifayət qədər uzatmaq olar. Onu da nəzərə almaq lazımdır ki, karantin rejimində toy biznesindən dolanan kütlənin əhəmiyyətli hissəsi dövlətdən dəstək ala bilməyib. Konkret ifadə etsək, VÖEN-i olan bütün muzdlu işçilərə 190 manatlıq birdəfəlik yardım verilməyib. Restoran və s. obyektlərin sahibləri böyük ziyana düşdüklərini əsas gətirərək dövlətdən aldıqları kiçik dəstək paketlərini işçilərlə bölüşməkdə maraqlı olmayıblar. Nəticədə acınacaqlı mənzərə ortaya çıxır: qazancı xidmət sekotorundan və gündəlik əməkdən çıxan on minlərlə insan səfalət həddinə düşüb. Onların ailələrinin koronavirusla, yoxsa, aclıqla mübarizə apardıqlarını təsəvvürə gətirmək çox çətindir.

 

 

Vəziyyət o həddə çatıb ki, tanınmış müğənnilər, Xalq artistləri sosial şəbəkələrdən hökumətə çağırş edərək toy mərasimlərinin bərpa olunmasını xahiş edirlər. Onlardan biri, Xalq artisti Tünzalə Ağayeva bugünlərdə TƏBİB-ə müraciətdində durumu belə təsvir edib: Hörmətli TƏBİB! "Pandemiya boyu bütün qaydalara riayət edən və "evdə qal" kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə mədəniyyət, incəsənət sahəsinə qarşı qadağalar davam edəcək?! Nəzərinizə çatdırım ki, əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif hüquqlarımızın qorunması, bu sahədən gəlir əldə edilməsi yox dərəcəsindədir. Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək. Bilirsiniz ki, bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu, digərləri də param-parça vəziyyətdədirlər. Bununla musiqi mədəniyyəti çox qiymətli sənətçiləri itirə-itirə gedir".

Qeyd edək ki, toylar qonşu Rusiyada, Türkiyədə, Gürcüstanda qadağan olunmayıb. Heç Azərbaycanın hər yerində də yasaq deyil. Naxçıvan Muxtar Respublikasında bir ara məhdudiyyətlər olsa da, hazırda toy, nişan mərasimlərinin, yas məclislərinin keçirilməsi sərbəstdir. Göründüyü kimi, bölgədə korona fəlakəti yaşanmır, insanlar müəyyən qaydalara riayət etməklə belə toplantılarda rahat iştirak edə bilirlər.

Fikrimizcə, Nazirlər Kabineti bu təcrübədən çıxış edib müəyyən çərçivələrlə toy və yas mərasimlərinin keçirilməsinə, teatrların, kino, konsert zallarının fəaliyyətinə icazə verməlidir. Bu, olduqca gərgin olan cəmiyyətin həyatına rahatlıq gətirməklə yanaşı, həm də vətəndaşlar və dövlət üçün rifah deməkdir.

 

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam