“Qul bazarı”ndakı müəllimlər danışdı- RƏZALƏT
Günəmuzdçular Hadi Rəcəblini bir günlük fəhlə işləməyə dəvət etdilər; ali təhsilli müəllim: “Müəllimlərə tövsiyə verməkdənsə, özü gəlib burada dayansın…”
"Xeberinfo.com": Məlumata görə, Deputat Hadı Rəcəbli müsahibəsində “müəllimlər işdən sonra gedib fəhlə işləsin” təklifi cəmiyyət, xüsusən də müəllimlər tərəfindən etirazla qarşılanıb. Biz də deputatın bu təklifinə işsiz, min bir əziyyət çəkərək fəhləlik edən insanların fikrini öyrənmək üçün “Xalqlar dostluğu” metrosu yaxınlığında “qul bazarı”na baş çəkdik.
“Qul bazarı”na Bakı kəndlərindən gələn fəhlələrlə yanaşı, rayonlardan da kifayət qədər üz tutan var. Bu insanlar 5-10 manat pul qazanmaq ümidi ilə şaxta-isti demədən körpünün altında səhər tezdən, axşam saat 8-9-a qədər müştəri gözləyirlər. Bəzən bütöv bir günü boşuna gözləmiş olurlar. Vay o gündən ki, bir maşın onların yanında saxlayıb fəhlə lazım olduğunu deyə. Bir çaxnaşma düşür ki, gəl görəsən.
Ora yaxınlaşanda da bunun şahidi olduq. Bir maşın iki fəhlə lazım olduğunu dedi və hər kəs məni apar “hər işi bacarıram” deyərək maşının qarşısına atıldı. Nəhayət, müştəri iki fəhləni seçdi. Ortam bir az sakitləşdikdən sonra fəhlələrə yaxınlaşıb deputatın müəllimləri fəhlə işləməyə dəvət etməsi ilə bağlı təklifini onlara çatdırıb münasibətlərini öyrəndik.
Fəhlələrin bəziləri Hadı Rəcəblinin bu fikrinə çox sərt cavab versələr də, bəziləri gülərək “o adamı çox da ciddiyə almayın” – dedilər.
Lənkəran rayonundan olduğunu deyən fəhlə Sabir Qasımov “Hadı Rəcəbli gəlib bir gün burada dayansın görək necə dayanır”, – deyə sərt münasibət bildirdi: “Mən o Hadı Rəcəblini çox yaxşı tanıyıram. O həmin Hadı Rəcəblidir ki, Lənkəranda 4 saylı rus məktəbinə öz anasının heykəlini qoydurmuşdu. Sonradan qınaqları, hamının onu ələ saldığını görüb həmin heykəli götürdü.
Halbuki müəllimlər həmin vaxt ondan normal əmək haqqı gözləyirdi, anasının heykəlini məktəbin qarşısına qoymağını yox. O vaxt o, Lənkəranda komsomol katibi işləyirdi. Elə onda da indiki kimi idi. Yəni bu insanın boş-boş danışmaqdan başqa işi yoxdur. O, deputatlığa layiq adam deyil. Onun hər sözünə biz “anekdot” kimi baxırıq”.
Söhbətə qatılan digər fəhlə Zaur Məmmədov Hadı Rəcəblini bir gün onlarla gəlib fəhləlik etməyə dəvət etdi: “Müəllimlərə tövsiyə verməkdənsə, bir gün özü gəlib burada dayansın. Elə bilir asandı qışın soyuğunda, yayın qızmar Günəşi altında burada 3-5 manat ümidi ilə dayanmaq. Oturub isti kabinetində tox halda, acın, işsizin halını necə başa düşsün? Mən özüm ali təhsilli müəlliməm. İş tapa bilmədiyim üçün, ailəm ac qalmasın deyə fəhləlik edirəm. Hadı Rəcəbli müəllimlərə fəhləlik edin deyə tövsiyə verməməlidir, əksinə onun müəllimi fəhləlik edir, deyə utanmalıdır. Hansı ölkənin ali təhsilli insanları, müəllimi araba sürür, fəhləlik edir?! Utanın, utanın ki, bizim kimi insanları siz məhv etmisiniz”.
Söhbətimizin bu yerində müştəri gəlir və fəhlələr həmin müştərinin başına yığışır, sanki onları aparmaları üçün yalvarırlar. Bu məqamda yaşlı bir kişinin müştərinin sanki ayaqlarına qapanaraq “nə iş istəsəniz görə bilərəm, lazım gələrsə bağı süpürüb təmizləyə də bilərəm, pula ehtiyacım var, nə verərsinizsə razıyam” deməsi insanın içini parçalayırdı. Sanki bu insan onun son ümidi idi. Ancaq onun bu yalvarışları boşa çıxdı. Müştəri öz bağında müəyyən işləri görmək üçün onun yaşlı olduğunu deyərək daha gənc bir fəhləni seçdi. Üzündən qəm-kədər yağan yaşlı fəhlə ümidsiz halda kənara çəkilərək betonun üzərində oturdu. Həyatda gördüyü çətinliklər sanki bu yaşlı insanın üzünə qəm-kədər cizgiləri salmışdı. Bəlkə də o düşündüyümüz qədər yaşlı da deyildi.
Düşüncələrimizdə yanılmamışdıq. Ona yaxınlaşıb “bu yaşda fəhləlik etmək çətin deyilmi”, – deyə sual edirik. 53 yaşı olduğunu deyən Rasim Qafarov “bu həyat bizi qul olmağa məcbur etdi” deyir: “Hara getdimsə, iş yoxdu dedilər. Özüm uzun illər çörək zavodunda işləmişəm. Mən çörək bişirməyi yaxşı bacarıram. Deputatlar çıxıb boş-boş danışmaqdansa, iş yeri açsınlar. Məcbur olub bura gəldim. Burada da çox vaxt harınlamış varlılar bizi aparır, işlədib pulumuzu vermirlər. Ya da dediklərindən az məbləğ verirlər. Nə edim, dözməliyəm. Əlbəttə, bu yaşda işləmək çox çətindir. Mənim yaşıdlarım isti evlərində oturub nəvələri ilə oynayır. Mən işləməsəm ailəm ac qalar. Prezidentə, deputatlara səslənirəm: iş yerləri, zavod, fabrik açın”.
“Qul bazarı”nda jurnalist olduğumuzu bilərək kənarda qısılıb dayanan, sanki şəkillərə düşməkdən çəkinən gənc oğlan diqqətimizi çəkdi. “Şəklimi çəkməyin” deyərək uzaqlaşmaq və bizimlə söhbət etmək istəmədiyini bildirsə də, sonradan fikrindən daşındı. 19 yaşlı Vüqar Əhmədov Hadı Rəcəblinin “müəllimlər fəhləlik etsin” fikrinə çox sərt münasibət bildirdi. Atasının müəllim olduğunu deyən gənc fəhlə müəllim maaşı ilə yaşamağın çətin olduğunu dedi: “Müəllim oğluyam, amma fəhlə işləyirəm. Atam da arada usta kimi evlərə gedib işləyir. Çünki aldığı məvacib ailəni dolandırmağa yetmir. Azərbaycanda müəllimə sanki dilənçi pulu verirlər. Amma mən heç vaxt razı olmaram ki, müəllim gəlib qul bazarında dayansın. Hadı Rəcəblinin bu sözü müəllimlərə təhqirdir. Əlbəttə ki, Hadı Rəcəbli kimi adamlar deputat postunda olanda müəllim fəhlə də işləməlidir, hambal da. Fəhlə işləmək elə yaxşıdırsa, boş-boş Milli Məclisdə oturmaqdansa o da gəlib burada bizimlə işləsin. O nəinki burada fəhlə işləyə bilər, heç bir dəqiqədə bu mühitdə qala bilməz. Qıraqdan danışmaq asandı. Utanın ki, hələ də Azərbaycanda ”qul bazarı” və qullar var…” /musavat.com