Yenixeber.org: ABŞ prezidentliyinə demokratların namizədi Cozef Bayden noyabrın 3-də keçiriləcək seçkilərə xarici dövlətlərin müdaxiləsinə dözüm göstərməyəcəyini bildirib.
C.Bayden bu barədə rəsmi xəbərdarlıqla çıxış edib. O bəyan edib ki, Rusiyanın və ya başqa bir dövlətin ABŞ-dakı prezident seçkilərinin gedişinə müdaxiləsi yolverilməzdir:
“Bu gün mən Kreml və digər xarici hökumətlərə xəbərdarlıq edirəm: əgər prezident seçilsəm, bizim seçkilərimizə xarici müdaxiləni düşmənçilik kimi qiymətləndirəcəyəm və bu, ABŞ-la həmin dövlətin münasibətlərinə ciddi təsir göstərəcək”.
Namizəd qeyd edib ki, xarici müdaxilə halında buna qarşı tədbir görüləcək. Söhbət həmin dövlətin maliyyə sektoruna qarşı sanksiyalardan, aktivlərin dondurulmasından, kiberməkanda cavab addımlarından, korrupsiya hallarının aşkara çıxarılmasından və digər tədbirlərdən gedir.
Qeyd edək ki, ABŞ-da keçirilən bütün rəy sorğuları Co Baydenin rəqibi Donald Trampdan xeyli öndə olduğunu göstərir. Namizədliyinin hələ rəsmiləşməməsinə baxmayaraq, ABŞ xüsusi xidmət orqanları demokratların namizədinə brifinqlər verməyə başlayıb. Məhz bu brifinqlərə istinadən Bayden ötən həftənin cümə günü ianə toplanışı ilə bağlı keçirdiyi online tədbirdə Rusiyanın ABŞ-dakı noyabr seçkilərinə müdaxilə cəhdlərinə başladığını açıqlayıb. Onun sözlərinə görə, Çin də öz növbəsində ABŞ-da seçkilərin nəticələrinə dair mübahisələrin yaranmasına çalışır:
“Biz əvvəlki təcrübədən də bilirik və sizi inandırıram ki, hazırda nə baş verdiyindən də xəbərdarıq. Mən kəşfiyyatdan brifinqlər almağa başlamışam. Ruslar hələ də bizim seçki prosesini legitimlikdən məhrum etməyə çalışır. Bu, faktdır”.
C.Baydenin bəyanatından sonra demokratların Konqresdəki liderləri – Nümayəndələr Palatasının sədri Nensi Pelosi və Senatdakı demokrat azlığın lideri Çak Şumer Federal Təhqiqatlar Bürosunun (FBI) direktoruna müraciət edərək ondan seçkilərə xarici müdaxilə ilə bağlı Konqresə məlumat verməsini istəyiblər. Pelosi və Şumer bildiriblər ki, iyulun sonuna qədər FBİ rəhbəri Kristofer Rey Konqres üçün bu mövzuda məxfi brifinq keçirməlidir.
Xatırladaq ki, Rusiyanın ABŞ-dakı 2016-cı il seçkilərinə müdaxiləsi artıq təsdiqlənib. Xüsusi prokuror Robert Müllerin təhqiqatında bu barədə faktlar əks olunub. Müller Trampın seçki qərargahının Rusiya ilə əlaqələrinə dair sübutlar tapa bilməsə də, onu müyyən edib ki, Moskva seçkilərdə Trampın qələbəsində maraqlı olub və demokratların namizədi Hillari Klintona qarşı diskreditasiya və dezonformasiya siyasəti aparıb. Bu səbəblə, demokratların Putinə qarşı xüsusi qəzəbi yığılıb və Baydenin seçiləcəyi təqdirdə, Rusiya istiqamətində gərginləşmənin baş verəcəyi gözlənilir.
Doğrudur, Tramp dövründə Rusiya ilə münasibətlərdə hər hansı irəliləyiş əldə olunmayıb, əksinə, bu ölkəyə qarşı sanksiyalar tətbiq edilib və hazırda da tətbiq edilir. Məsələn, dünən Putin komandasının üzvü, Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti dəfə sanksiyaya məruz qaldı. Lakin bu siyasət Trampın təşəbbüsü ilə deyil, Konqres başda olmaqla, ABŞ dövlət strukturlarının cəhdləri ilə aparılır. Bayden prezident olarsa, ABŞ-Rusiya rəqabətinin şiddətlənəcəyini söyləmək olar, xüsusən rəqabət postsovet məkanında daha çox hiss ediləcək. Bu toqquşmanın cəbhə xətti yenə Ukraynadan və Cənubi Qafqazdan (Gürcüstan) keçəcək. Baydenin 4 illik prezidentliyi dövründə ehtimal var ki, Gürcüstan nəhayət, NATO-ya qəbul olunsun. Bunun baş verməsi Azərbaycanın və Türkiyənin də maraqlarına uyğundur, bu barədə bir neçə gün əvvəlki yazımızda qeyd etmişdik. (https://pressklub.az/ekskluziv/putin-yeni-ugur-hekay%c9%99sin%c9%99-ehtiyac-duyur/) Bu baxımdan, son aylar Gürcüstanda Azərbaycana qarşı müəyyən provokativ hərəkətlərə yol verilməsi təsadüf deyil. “Gürcü Arzusu” hökuməti ya bunların qarşısını ala bilmir, ya da almaq istəmir. Bu səbəblə, Azərbaycana sərf edir ki, payızda Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələri əsasında Vahid Milli Hərəkat və ondan qopmuş Avropalı Gürcüstan partiyalarının ağırlıqda olacağı hökumət koalisiyası formalaşsın.
Xarici faktorlar öz yerində, bizlər üçün birinci dərəcəli məsələ isə öz ölkəmizin daxilində baş verənlər, problemlərimizin həlli üçün özümüzün nə iş gördüyümüzdür. Sərhəd döyüşləri Azərbaycan xalqının yenidən ayağa qalxmasına və milli məsələdə həmrəylik nümayiş etdirməsinə səbəb oldu. Xalq bir faktor olaraq səhnəyə qayıtdı və Qarabağ məsələsində səssiz qalmayacağını göstərdi. Lakin döyüşlər dayandıqdan sonra dərhal əski gündəmə geri döndük: daxildə qarşıdurma yaradan siyasət – müxalifətə qarşı basqılar, həbslər təkrar başladı. İslahatlar isə hələ ki söz olaraq qalır. Hər kəsə aydındır ki, bu gedişat ölkəni problemlərin həllinə yaxınlışdırmır, əksinə, yeni problemlərə səbəb olmaqla, vəziyyəti daha müşkül hala gətirir.(pressklub)