Azərbaycanın kiçik bölgəsi böyük güclərin savaş meydanıdır? –KEÇMİŞ SƏFİR RUSİYANIN BÖHRANDAN NECƏ FAYDALANDIĞINI İZAH EDİB
“Bu dəfə münaqişə Dağlıq Qarabağdan fərqli məkanda, Azərbaycan və Türkiyənin enerji iqtisadiyyatının strateji nöqtəsi olan, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Bakı-Ərzrum (TANAP) qaz kəmərinin keçdiyi Azərbaycan Respublikasının Tovuz bölgəsində baş verib”.
Yenixeber.org: “ILNA” xəbər verir ki, İran onlayn nəşrində dərc edilmiş təhlil bu sözlərlə başlayır.
Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs edilən məqalədə budəfəki gərginliyin arxasında başqa bir niyyətin durduğu qeyd olunur.
“Bəs rəqibi ilə müqayisədə hərbi və iqtisadi güc baxımından əlverişsiz vəziyyətdə olan Ermənistan niyə qəflətən hərbi addım atmaq qərarına gəlib?
Qeyd etmək lazımdır ki, bu ölkə hər zaman Rusiyanın dəstəyinə sahibdir. Bununla bərabər, Moskva Türkiyə və Avropanı enerji ilə təmin etmədə mühüm rol oynayır, amma Türkiyə qəflətən Rusiya qazının idxalını dayandırdığını elan edib. “Mavi Axın” boru kəməri ilə Rusiyaya qazının Türkiyəyə ixracı indiyəcən bərpa edilməyib, çünki Ankara təchizatında “Qazprom” resurslarını əvəz etmək istəyir”.
Daha sonra məqalədə qeyd olunur: “Moskvanın ən böyük təbii qaz istehlakçılarından biri olan Türkiyə ilə münasibətlər son dövrdə gərginləşib. “Qazprom” qazının qiyməti mayeləşdirilmiş təbii qazın (LNQ) qiymətindən dəfələrlə baha olduğundan, analitiklər Türkiyənin ABŞ-dan LNQ və Azərbaycan Respublikasından boru kəməri ilə mavi yanacaq idxalının artırdığını söyləyirlər”.
“İLNA”-nın yazısında bildirilir ki, “Mavi Axın” kəmərində təmir işləri hələ ötən aylardan aparılır, ancaq kəmərin yenidən açılmasının konkret tarixi açıqlanmır. “Aralıq dənizində geniş neft və qaz ehtiyatları və Türkiyənin bu yataqlarda hasilata başlama perspektivi nəzərə alınaraq, Rusiyanın enerji baxımından Türkiyəni təhdid etdiyi, habelə oyun sahəsini Aralıq dənizi və Suriyadan Qafqaza dəyişməyə çalışdığı görünür”.
İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri, analitik Əfşar Süleymani “ILNA”-ya açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi enerji məsələsini aşan problemdir. “Rusiyanın münaqişəni yaratma və həllində daha böyük rolu var, çünki Cənubi Qafqazı öz arxa bağçası hesab edir. Xüsusən, Putin illərdir Sovet İttifaqı kimi layihələr haqqında düşündüyü üçün. Bölgədə təbii ki, bunu hələ həyata keçirə bilməyib və Avrasiya İttifaqı ilə bu niyyəti çin etmək da onun planlarından biridir”.
Keçmiş səfir əlavə edib ki, Rusiyanın bu bölgədə güclü geosiyasi mövqeyi var. “Türkiyə enerji təchizatında alternativlər axtarır və enerji tranzit yoluna çevrilir, lakin Rusiya ilə enerji müharibəsinə girmək istəməsi ehtimalı azdır. Rusiya da Türkiyə ilə enerji problemləri yaşamağa çalışmır.
Əfşar Süleymani açıqlamasının sonunda deyib: “Rusiyanın Türkiyəyə ixracı vacibdir və Türkiyə Rusiya üçün geosiyasi baxımdan əhəmiyyətlidir. Türkiyə ABŞ və Rusiya arasında birincinin lehinə işləyən aktyor olmağa çalışıb. Buna görə də, Ankara və Moskvanın ciddi bir problemə üzləşəcəkləri düşünülmür, bəlkə də bir azca son qarşıdurmada üz-üzə gəliblər. Amma döyüşlər demək olar ki, bitdi. Həm də kiçik bir bölgənin böyük güclər arasında toqquşma məkanına çevrilməsi ehtimalı azdır. Şübhə yoxdur ki, Rusiya böhrandan bir vasitə kimi istifadə edir, lakin məqsədlər fərqlidir”.