CON BOLTONUN XATİRƏLƏRİ:"Koreyalı prezidentin danışıqlarda iştirakı Trampın ürəyincə deyildi"
Sergey Strokan
“Kommersant”, 23.06.2020
Yenixeber.org: İyunun 23-də rəsmi olaraq nəşr ediləcək ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun xatirələrinin dərci Cənubi Koreyada qalmaqala səbəb olub. Şimali Koreya ilə danışıqların detallarının açıqlanması və Boltonun Koreya yarımadasında tənzimləmə prosesini tənqid etməsi, KXDR-lə münasibətlərin normallaşdırılmasına güvənən Cənubi Koreya prezidenti Mun Je-Inın həssas mövqelərinə zərbə vurub. “Şimali Koreya rejimi”nə sərt mövqeyi ilə tanınan Con Bolton əslində, Vaşinqton və Seulla dialoqun davam etməsinin faydasız olduğunu iddia edən Pxenyanın xeyrinə hərəkət edib.
Con Boltonun “Baş verdiyi otaq: Ağ Evin xatirələri” adlı memuarının təqdimatından bir gün əvvəl Cənubi Koreya prezidenti administrasiyasının milli təhlükəsizlik şöbəsinin müdiri Çon Iy Yon sərt açıqlama verib: “ABŞ-ın bu cür təhlükəli halların (məxfi məlumatların açıqlanması – “Kommersant”) qarşısını alması üçün ciddi tədbirlər görəcəyini gözləyirik. Bu cür qanunsuz əməliyyatlar təhlükəsizlik və müdafiə, ABŞ-Cənubi Koreya ittifaqı üçün ortaq bir strategiyanın hazırlanması baxımından iki ölkəyə böyük zərər verə bilər”.
Yonun sözlərinə görə, rəsmi şəxslərlə razılaşdırılmamış Şimali Koreya ilə danışıqların məzmunu barədə məlumatların yayılması “diplomatiyanın əsas prinsiplərini pozur” və “gələcək danışıqların səmimiliyinə ciddi zərbə vura bilər”.
Con Bolton 2018-ci ilin mart ayında prezident Trampın köməkçisi təyin olunub və ilyarımlıq xidməti Donald Trampın qəfildən Koreyaya maraq göstərdiyi və irəliləməyə nail olmağa çalışdığı, Şimali Koreyanın lideri Kim Çen Inla iki görüş zamana – 2018-ci ilin iyununda Sinqapur, sonra 2019-cu ilin fevralında Hanoyda – təsadüf edib.
2018-ci ilin aprel ayında Con Bolton Ağ Evə gələndən qısa müddət sonra Panmunjomdakı hərbisizləşdirimş zonada Şimali və Cənubi Koreya liderlərinin görüşü baş tutub. Onun nəticələrindən sonra Koreya yarımadasında Sülh, Rifah və Birləşmə Bəyannaməsi imzalanıb. Ancaq bundan sonra ABŞ və Şimali Koreya arasında danışıqlar dayandırılıb, Şimalla Cənub arasında münasibətlər pisləşməyə başlayıb və hazırda son onilliklərin ən aşağı nöqtəsinə çatıb.
Bu vəziyyətdə Con Boltonun xatirələri KXDR-lə elan olunan danışıqların niyə nəticəsiz qaldığına dair gizlilik pərdəsini açır.
Müşavirin iddiasına görə, prezident əvvəlcədən KXDR-lə əsaslı danışıqlara hazır olmayıb və yalnız Sinqapurdakı görüşdən maksimum PR effekti qazanmaqda maraqlı olub. “ABŞ prezidenti diqqətini Şimali Koreya lideri ilə ilk görüşü zamanı birlikdə foto çəkdirmə fürsətinə yönəldib. Bu, strateji səhv idi”. Con Bolton Sinqapur sammitinin Şimali Koreyanın nüvə silahı proqramını ləğv etmək üçün konkret ə vermədiyini” bildirib.
“Kim Çen Ina Koreya yarımadasında hərbi təlimlərdən imtina edəcəyimizi söylədi. İki ildir vəzifədə olan prezident Şimali Koreyanın ABŞ və Cənubi Koreyanın təzyiqlərinə tab gətirə bilməməsi üçün hərbi təlimlərin mütləq lazım olduğunu anlamadı”.
Şimali Koreya ilə danışıqların bu çirkin mənzərəsinə əlavə olaraq, Ağ Ev sahibinin keçmiş müşaviri Donald Trampın Mun Je Inı Pxenyanla danışıqlar masasında görmək istəmədiyini yazıb.
Bu, Cənubi Koreya lideri üçün ikiqat zərbə olub, KXDR-lə münasibətlərdə mövqeyini daha da zəiflədib, eyni zamanda, ölkə daxilindəki siyasi rəqiblərinə dövlət başçısına şifahi hücum üçün yeni fürsət yaradıb.
Cənubi Koreya müxalifəti uzun müddət ölkə rəhbərini Vaşinqtonla danışıqlar apara bilməməkdə günahlandırıb, nümunə olaraq Amerikanın Seuldakı təzyiqlərinə istinad edərək, ölkənin təhlükəsizliyini təmin edən Amerika hərbi kontingenti üçün ABŞ-ın ödənişlərinin artırılmasını tələb edib.
Beləliklə, açıqlamaları ilə cənab Bolton bilmədən qarşı tərəfin danışıqlara hazır olmadığını və sona çatdırıla biləcəyini təsdiqləyib.
Con Boltonun xatirələrini dərc etməzdən bir müddət əvvəl, Şimali və Cənub arasındakı münasibətlərdə davam edən kəskinləşmə fonunda Şimali Koreyanın CTAC agentliyi XİN-in Şimali Amerika departamentinin direktoru Kvon Jon Qının rəsmi Pxenyanın Cənubla hər hansı bir danışıqlar aparmaqdan və xüsusən də Koreyanın nüvəsizləşməsini müzakirəsindən imtina etməsi barədə bəyanat yayıb. Bu açıqlama Cənubi Koreya rəhbərliyinə ünvanlanan təhqiramiz “təriflər”lə tamamlanır; onun fikrincə, “nə KXDR və ABŞ arasındakı münasibətlərə, nə nüvə məsələsi üçün vasitəçilik etmə qabiliyyəti və ya təsiri yoxdur”.
Con Bolton bunu həqiqətən təsdiqləyib.
Tərcümə: Strateq.az