Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

AXCP-dən özünə və Milli Şuraya “Yeni Müsavat” qadağası

 

Əli Kərimli kimə, nəyi, niyə qadağan edib; Rauf Arifoğlu: “Özlərindən başqa heç kimə ziyanı yoxdur”

"Xeberinfo.com":  Məlumata görə, milli Şuranın üzvləri “Yeni Müsavat”a müsahibə vermir. Səbəb AXCP sədri Əli Kərimlinin bu haqda qeyri-rəsmi göstəriş verməsidir. 
Bu gerçək son günlər “Yeni Müsavat” əməkdaşlarının Azərbaycan, eləcə də dünya gündəmi ilə bağlı Milli Şura üzvlərindən mövqe öyrənmək istədikləri zaman ortaya çıxıb. 
Milli Şuranın partiya mənsubiyyəti olan və olmayan üzvləri əməkdaşlarımıza bildirib ki, “Yeni Müsavat”la əməkdaşlıq etməmək haqqında göstəriş alıblar və bu göstərişi yerinə yetirmək məcburiyyətindədirlər, daxili qaydalara uymasalar təmsil olunduqları qurumlardan çıxarılma təhlükəsi ilə üzləşə bilərlər.
Yetərincə anormal durumdur. Durumun anormallığı öncə ondadır ki, bu “etiraf”ı Azərbaycana demokratik düzən gətirməyə iddialı olan qurumun üzvləri deyir. Bu insanlar özlərinin söz, fikir azadlıqlarını qoruya bilmirlərsə, bir çox təməl haqları ilə bir yerdə bu hüquqlarını da olmamasından əziyyət çəkən topluma nə verə bilərlər? 
Göstərişin AXCP sədri Əli Kərimlidən gəlməsinə heç bir şübhə yoxdur. Qəzetimizdə dəqiq məlumat var ki, AXCP Rəyasət Heyətində müzakirə olunaraq, hətta rəsmi qərar da çıxarılıb ki, “Yeni Müsavat” qəzeti və ona yaxın olan KİV-lər boykot olunsun. Lakin indi bu prosesə Milli Şuranın AXCP üzvü olmayan liderləri də qatılıblar. 
Əli Kərimlinin Milli Şuranı tam nəzarətdə saxlaması ölkədaxili siyasi prosesləri izləyənlər üçün gizlin deyil. Münasibətlərin nəyə, hansı məqamlara görə gərginləşdiyi də ortadadır. “Yeni Müsavat”ın analitik qrupu Milli Şuranın ilk sədri Rüstəm İbrahimbəyovun müxalifətin lideri postu üçün yanlış seçim olduğunu yazırdı.  Prezident seçkisi başlayandan bitənə qədər hər iki həftədən bir “gəlirəm” mesajı versə də, ölkəyə gəlib çıxması hələ də gerçəkləşməyən görkəmli yazar müxalifətin lideri postu üçün doğrudan da yanlış seçim olduğunu özü təsdiq edib. 
Bundan başqa, Milli Şuranın Kremlin planı əsasında yaradılan “Milyarderlər İttifaqı” ilə mübhəm bağlılığından, qurumun Kremlin nəzarətinə keçməsində maraqlı olan konkret qrupların varlığından ilk yazan da “Yeni Müsavat” olub. Münasibətlərin ən gərgin mərhələsi isə Müsavat Partiyası bütün bu arqumentlərin reallıqda təsdiqini tapdığı üçün ayrıldığı zaman yaşanıb. AXCP, partiyanın ruporu funksiyasını böyük məmnuniyyətlə daşıyan “Azadlıq” qəzeti Müsavat Partiyasını, “Yeni Müsavat” qəzetini müxalifəti zəiflətməkdə ittiham edib. Gərginliyin hansı mərhələdə olmasını təsəvvür etmək üçün aylarla davam edən söz savaşında hər iki düşərgəni təmsil edənlərin sosial şəbəkələrdəki çox zaman etik çərçivələri aşan yazışmalarını da vurğulamaq gərəkdir. 
Sonrakı mərhələdə isə “Yeni Müsavat” dəfələrlə bütün müxalifəti birləşdirmək ideyası əsasında yaranan Milli Şuranı AXCP-nin yedək qurumu olduğuna görə tənqid edib. Həm də sərt tənqid edib. Zaman bizim bu məsələdə nə qədər haqlı olduğumuzu sübut etməkdədir. Belə çıxır, bu gün AXCP qılıncladığı YAP iqtidarının metodlarını Milli Şuraya tətbiq etməkdə, qurumu öz iradəsinə tabe etməkdədir.
Dəfələrlə yazmışıq ki, Milli Şuranın rəhbərliyi bir sıra məsələlərdə Əli Kərimlinin diktəsi ilə hərəkət edir. Qurumun mövqeyi daxili qaydalara əsasən deyil, AXCP-nin konkret məsələyə baxışı ilə formalaşdırılır. Sanki Cəmil Həsənli Milli Şura sədri deyil, illər öncəsi olduğu kimi AXCP sədrinin müavinidir. Heç şübhəsiz, biz iddia etmirik ki, hansısa məsələyə iki və ya daha artıq qurumun baxışı eyni ola bilməz və ya eyni olmamalıdır. Söhbət ümummilli ideyaların qoruyucusu kimi təqdim edilən bir qurumun işinə başqa bir siyasi qüvvənin açıq müdaxiləsindən gedir. Özü də bu müdaxilə yetərincə kobuddur. Həmin qurumu toplumun, eləcə də demokratik düşərgənin önəmli bir kəsiminin ciddi qınaqlarla üz-üzə qoyacaq qədər kobud.
Bir siyasi partiya liderinin çevrəsində olanlara fikir qadağası qoyması demokratiya adına ayıb olmaqla, mənəvi prinsipləri aşağılamaqla yanaşı, həm də hüquq pozuntusudur. Azərbaycan qanunlarına görə, siyasi, ictimai mövqe tutan şəxslərin medianın suallarını cavablandırmaq kimi öhdəliyi də var. Bu öhdəlik Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda da əks olunub. Bu məsələnin daha bir önəmli məqamı var - qanun jurnalistlərə müraciət edib cavab almadığı ictimai mövqe tutan şəxslərdən məhkəməyə müraciət hüququ da verir. Professional hüquqçu olan AXCP sədri bunları bilməmiş deyil.
Məsələyə münasibət bildirən “Yeni Müsavat” qəzetinin və bu adlı holdinqə bağlı saytların təsisçisi Rauf Arifoğlu müxbirimizə bunları deyib: “AXCP Rəyasət Heyəti Həsən Kərimovun evindəki toplantıda ”Yeni Müsavat"a açıqlama verməyi qadağan edən qərarı qəbul edən gün mövzudan xəbərimiz oldu. Sonra bu qərarı Əli Kərimli Milli Şuradan da keçirtdi. Mənim üçün bu cür hərəkət bir cocuğun konfetdən küsməsi kimi bir şeydir... Özlərindən küssünlər. Əlimizdə rus və Azərbaycan dillərində nəşr olunan və bir neçə yüz min insana xəbər xidməti göstərən saytlarımız, ölkənin rəy liderlərinin oxuduğu gündəlik qəzetimiz   var. Bu küsülülükdən ancaq onlar itirirlər. Çünki Azərbaycanda belə bir geniş auditoriyanı, həm də əsasən narazı elektoratı əhatə edən ikinci media qrupu yoxdur. Yəni onların hərəkəti ağıllı hərəkət deyil. Üstəlik, demokratiya qurallarına tamamən ziddir. Bununla sübut edilir ki, Əli Kərimli və çevrəsində bir nəfər də olsun, gerçək demokrat yoxdur. Biz bu insanlara dünyalar qədər yaxşılıqlar etmişik. İqtidarın əzdiyi zamanlarda, arxa-dayaq durmuşuq. Qaraca Çoban kimi, düşmənlərinə girmişik, onların yerinə savaş vermişik. İndi bizə sanksiya tətbiq edirlər. İmkanları olsa, hamımızı ya həbsə atarlar, ya da öldürərlər. Bu baxımdan, yaxşı ki imkanları yoxdur. Belə bir marginal çevrənin hər hansı uğur qazanması da , zatən, mümkün deyil. Onlar heç zaman irəli getməyəcəklər. Çünki bu çevrəni kin və nifrət, revanş hissləri idarə edir. Sağlam düşünə, düzgün qərarlar verə bilmirlər". 
Rauf Arifoğlu dedi ki, AXCP və Milli Şuranın bu hərəkəti həm də qanunlara ziddir: “Lakin biz onları məhkəməyə verməyəcəyik. Çünki bu hərəkətləri ilə bizə heç bir zərər vurmurlar. Oxucu üçün bu adamlar maraqlı deyil. İndi Lamiyənin, ya da Elnur Hüseynovun tirajları bütün Milli Şura istiblişmentindən daha yüksəkdir. Hətta Ziya Məmmədov, Anar Məmmədov və başqa məmurlar ictimai rəydə daha tirajlıdırlar, nəinki Əli Kərimli və onun çevrəsi”. 
Bizə qoyduqları qadağaya baxmayaraq, yazıda adları çəkilən, yaxud da onunla bağlı iddiaların olduğunu düşünən hər kəsə tribuna verməyə hazırıq.  (musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam