Milli Məclisdə emosional debat R.Kozlariçin dəvəti ilə başa çatıb
ABŞ Konqresində 12 fevral tarixli müzakirələrə cavab olaraq şənbə günü Milli Məclisdə Beynalxalg əlagələr komitəsində Azərbaycan-Amerika münasibətləri mövzusunda debat keçirilib.
"Xeberinfo.com": Məlumata görə, Parlamentin xarici əlaqələr komitəsinin sədri Səməd Seyidov iki ölkə arasında münasibətləri “strateji tərəfdaşlıq” adlandırıb. Daha sonra o, Azərbaycanın Vaşinqtona göstərdiyi dəstəkdən və ABŞ-ın bütün bunlara qiymət verməməsindən danışıb.
Azərbaycan və ABŞ beynəlxalq terrorizmə qarşı mübarizədə sıx əməkdaşlıq edir, Əfqanıstandakı koalisiya qüvvələri üçün tranzit Azərbaycandan keçir, koalisiya tərkibindəki Azərbaycan hərbiçiləri Kabul aeroportunun təhlükəsizliyini təmin edir. Bundan başqa, Azərbaycan qərb ölkələrinin enerji təhlükəsizliyini təmin edir.
“Buna görə biz ABŞ-dan obyektiv və adekvat münasibət gözləyirik, xüsusən Qarabağ münaqişəsi məsələsində”, deyən Seyidov ABŞ-ın bu məsələdəki qeyri-obyektivliyinə işarə edib.
O, bunun səbəbini “Vaşinqtonun maraqları ilə hesablaşmayan” erməni lobbisinin fəal əməllərində görür.
Daha sonra o, alət kimi insan hüquqları mövzusunu qaldıran bəzi geosiyasi dairələri ittiham edib. “İnsan hüquqları və kiçik dövlətlər dairəsinin əlində oyuncaq və alət deyil”, deyə o bildirib.
İqtisadçı Vüqar Bayramov da ABŞ-ı bütün sahələrdə Azərbaycana qarşı “obyektivlik” nümayiş etdirməyə çağırıb. Onun sözlərinə görə, “ikili standartlar” siyasəti ABŞ-ın Cənubi Qafqaz regionundakı maraqlarına ciddi zərbə olacaq. Bu zaman o, bu ikili standartların özünü nədə göstərdiyini açıqlamayıb.
Digər hökumətyönlü ekspertlər və deputatlar ABŞ-ı Dağlıq Qarabağ separatçılarına maliyyə dəstəyi göstərməkdə və bir sıra ştatları Qarabağ rejimini tanımaqda ittiham ediblər.
“Vəziyyət dəyişməsə Bakı və Vaşinqtonun münasibətlərini ciddi sınaq gözləyir”, deyə icmalçı Elman Nəsirov bildirib.
Deputat Qüdrət Həsənquliyev də Vaşinqtonun təkcə Azərbaycana qarşı olmayan ikili standartlarından danışıb.
“Biz Vaşinqtonun Krımı itirən Ukraynaya heç bir dəstəyini görmürük. Vaşinqton Kiyevdən separatçılarla danışıqlara getməyi tələb edir və Ukraynaya silah göndərmir”, deyə o qəzəblənib.
ABŞ-a tez-tez səfər edən Asim Mollazadə Azərbaycanın mövqeyinin möhkəmləndiyini, Vaşinqtonun mövqeyinin dəyişdiyini qeyd edib. O, ABŞ-da Azərbaycanın təbliği üzrə səylərin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.
Deputat Zahid Oruc ABŞ-ın bir sıra dairələrinin Rusiya və İranla bağlı bəyanatlarını pisləyib.
“Biz niyə öz mövqeyimizi dəyişdirməli və qonşularla münasibətləri korlamalıyıq?”, deyən Oruc nəyi və kimi nəzərdə tutduğunu dəqiqləşdirməyib.
“Qərb Ukrayna məsələsində Azərbaycanın illərdir bəhs etdiyi addımları atır – təcavüzkar dövlətə qarşı təzyiq və sanksiyalar zərurəti”, – deyə Oruc qeyd edib.
Deputat Azay Quliyev Bakı və Vaşinqton arasında parlamentlərarası dialoqun sistemləşdirilməsinin tərəfdarı olduğunu bildirib.
“Biz göstərməliyik ki, dialoqa hazırıq. ABŞ nümayəndələrini, o cümlədən Riçard Kozlariç kimi keçmiş diplomatları müzakirələrə dəvət etmək lazımdır. Onda biz onların mövqeyinin subyektiv olduğunu sübut edəcəyik və hamı onların iddialarının mənasız olduğunu görəcək”, deyə deputat bildirib.
Musavat.com