İlham Əliyevin təşəbbüsü: Pandemiya dövründə ilk...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü yadda qalan hadisələrdən oldu.
Yenixeber.org: Zievə görüşü TDƏŞ-in sədri, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutub. Sammit dünyanı təhdid edən koronavirus pandemiyasına həsr edilib, həmçini başqa xüsusi əhəmiyyət kəsb edən məsələlər müzakirə mövzusu olub.
***
Fövqəladə Zirvə görüşü göstərdi ki, TDƏŞ-ə sədrliyi dövründə Azərbaycan dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstərir. Prezident İlham Əliyev də çıxışında bunu xüsusi olaraq vurğulayıb. “Hörmətli həmkarlar, bildiyiniz kimi, keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü Bakıda keçirildi. Azərbaycan bu Zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Dərhal Azərbaycan sədr ölkə kimi fəaliyyətə başladı. Sədrlik etdiyimiz dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstəririk”, - deyə ölkə başçısı bildirib.
Eyni zamanda TDƏŞ koronavirus pandemiyasına həsr olunmuş sammit keçirməklə dünya miqyasında sözügedən qlobal problemi müzakirə edən ilk beynəlxalq təşkilat kimi tarixə düşüb. Zirvə görüşünün İlham Əliyevin təşəbbüsü ilə keçirildiyini nəzərə alsaq, bu ilkə imza atılmasında Azərbaycanın mühüm rol oynadığını söyləmək olar. Bu həm də TDƏŞ-in beynəlxalq aləmdə nüfuzunun daha da artmasını şərtləndirən faktordur. Təsadüfi deyil ki, Zirvə görüşünə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus da qtılmışdı. Bu fakt beynəlxalq aləmdə TDƏŞ-in qlobal problemlərin həllində rol almasına ciddi önəm verildiyini göstərir.
***
“Hesab edirəm ki, bugünkü fövqəladə Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir. Mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir”. Bu fikirlər İlham Əliyevin Zirvə görüşündə etdiyi çıxışdan götürülüb. Prezident Zirvə görüşünün əsl məqsədini açıqlamaqla Azərbaycanın pandemiya dövründə əsas diqqəti insanlığa qarşı yönəlik problemə yönəltdiyini bir daha aydın şəkildə ortaya qoydu. Bu həm də bəşəri məsələlərdə Azərbaycanla Ermənistan arasındakı fərqin beynəlxalq miqyasda nümayişi sayıla bilər. Dünya bir daha gördü ki, Ermənistan dünyanın koronavirusa qarşı birgə mübarizə apardığı və konfliktləri kənara qoyduğu bir vaxtda işğalçı siyasətini davam etdirərkən – martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində qondarma seçkilərin keçirilməsi bunun bariz nümunəsi sayıla bilər – Azərbaycan insanlığın xilas edilməsi yönündə fəaliyyətlə məşğuldur. İlham Əliyev Azərbaycanın bu istiqamətdə atdığı addımları nümunələrlə görüş iştirakçılarının diqqətinə çatdırıb.
Pandemiya elan olunandan az sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılması, ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilməsi, martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejiminin tətbiqi, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılması, park və ictimai istirahət yerlərinə insanların girişinin yasaqlanması, şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılması, aprelin 5-dən etibarən ölkədə hərəkəti məhdudlaşırılması, beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantılarının müvəqqəti olaraq dayandırılması buna misal ola bilər.
***
Azərbaycan koronavirus pandemiyasını lokallaşdırmaq, insanların sağlamlığını təmin etmək üçün təkcə inzibati metodlardan istifadə etmir. Pandemiya ilə bağlı ölkədə maarifləndirmə işləri aparılır, eyni zamanda tibbi ehtiyacların ödənilməsi də diqqət mərkəzindədir. Bu məqsədlə tibbi maska istehsal edən müəssisə yaradılıb və yeni xəstəxanalar inşa edilib. Məsələnin sosial-iqtisadi tərəfi də nəzərə alınıb. Prezidentin göstərişi ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bundan başqa pandemiyanın sosial-iqtisadi fəsadlarını önləmək üçün müxtəlif proqramlar hazırlanıb. Sosial proqramların ümumi dəyəri 2.5 milyard manat təşkil edir.
***
Azərbaycan pandemiya dövründə Türk Şurasına üzv ölkələrinin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq əlavə tədbirlər də görüb.
“Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur”, - deyə İlham Əliyev bu faktı görüş iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynadığını göstərən başqa bir faktı isə Zirvə görüşünə qatılan ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus açıqlayıb. "COVID-19 Strateji Hazırlıq və Reaksiya Planımıza dəstək verən bütün üzv dövlətlərə və tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. 800 milyon dollara qədər maliyyə dəstəyi verilib. Xüsusilə, beş milyon dollar dəyərində yardımla bu işə öz töhfəsini verən Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm", - deyə o bildirib.
Beləliklə, TDƏŞ-in fövqəladə Zirvə görüşü göstərdi ki, pandemiyanın dünya yaratdığı çaşqınlığa baxmayaraq təşkilata üzv ölkələr,o cümlədən Azərbaycan problemin həlli istiqamətində ardıcıl addımlar atır. İlham Əliyevin təbirincə desək, mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar.
“Yeni Sabah”ın Analitik Qrupu