Tramp əvvəl “tvitlədi”, sonra söhbəti “fırlatdı”...-Neftin kəskin sıçrayışı müvəqqətidir
ABŞ prezidenti Donald Tramp ötən gün dünya birjalarında neftin qiymətinin birdən birə 16 faizə qədər artmasına səbəb olmuş tvit-inin ardınca Ağ Evdə brifinq keçirib və Rusiya ilə Səudiyyə Ərəbistanı arasında danışıqların təfərrüatlarını açıqlayıb. Tramp bildirib ki, əslində tərəflər hasilatın azaldılması barədə danışmayıblar.
Yenixeber.org: Xatırladaq ki, neftin kəskin ucuzlaşdığı, hətta tamamilə dəyərsizləşdiyi bir vaxtda Tramp Twitter-də belə məlumat paylaşıb: “İndicə vəliəhd şahzadə, dostum Məhəmməd bin Salmanla danışdım. Hansı ki, o da prezident Putinlə danışıb və mən gözləyirəm ki, onlar hasilatı 10 milyon barrelə qədər azaldacaqlar, ola bilsin daha çox”.
Tramp daha sonra bir qədər də irəli gedib və Səudiyyə Ərəbistanı ilə Rusiyanın hasilatı gündə 15 milyon barrel azalda biləcəyini yazıb. Və dərhal bu xəbər birjaları silkələyib və “Brent” markalı neft 16 faizə qədər bahalaşaraq 1 barrel üçün 30 dollara çatıb. Hərçənd Trampın xəbərinin yumşaq desək, şişirtmə olduğu dərhal aydın idi. Çünki hətta OPEC+ razılaşması çərçivəsində neft ölkələri hasilatı gündə cəmi 1.5 milyon barrel azaltmışdılar.
İndi isə birdən birə Səudiyyə Ərəbistanı ilə Rusiyanın öz neft hasilatlarını yarıbayarı azaltması qətiyyən ağlabatan görünmürdü, bunu heç texniki baxımdan həyata keçirmək də mümkün deyil. Səudiyyə Ərəbistanı OPEC+ anlaşmasının pozulmasından sonra hasilatı gündəlik 9 milyon barreldən 12 milyon barrelə qədər artırıb. Rusiyanın gündəlik neft hasilatı isə 11 milyon barreldən yuxarıdır. Və Trampın dediyi həqiqətə yaxın olardısa bu o demək idi ki, Ər-Riyadla Moskva hasilatı yarıbayarı azaltmalıdır.
Görünür Tramp özü də bu cür “tvitləməklə” çox uzağa getdiyini anlayıb və Ağ evdə keçirdiyi brifinqdə əslində Rusiya ilə Səudiyyə Ərəbistanının hasilatın azaldılmasını müzakirə etmədiklərini, sadəcə “arzu etdiklərini” bildirib. “Onlar bunu (hasilatı azaltmağı) istəyərdilər, bu onların ölkələri üçün yaxşıdır, lakin biz bunu müzakirə etməmişik”,-Tramp bildirib.
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Putinin Məhəmməd bin Salmanla neftlə bağlı danışıqlar apardığını təkzib etmişdi. Bununla belə Putin özü demişdi ki, neftin qiyməti ilə bağlı OPEC və ABŞ-la danışıqlar aparır.
Bu arada neft eksperti Tom Kool “Oilprice” saytına açıqlamasında ehtimal edir ki, ABŞ Səudiyyə üzərinə təzyiq göstərərək Riyadı yenidən danışıqlara başlamaq zərurətinə inandırıb, amma reallıqda nə Rusiya, nə də Səudiyyə qiymət müharibəsində geri çəkilmək niyyətində deyil. Ekspert bildirir ki, Rusiya və Səudiyyə Ərəbistanı yeni əməkdaşlıq barədə danışıqlara hazır olduqlarına işarə etsələr də, ortalıqda təklif olunmuş heç bir spesifik yeni saziş yoxdur.
Aprelin 2-də, səhər Səudiyyənin rəsmi xəbər agentliyi bildirmişdi ki, krallıq “ədalətli bir razılaşmanın” əldə olunması məqsədilə təcili olaraq OPEC+ formatında iclas keçirilməsinə çağırır.
Başqa sözlərlə, bu o deməkdir ki, Səudiyyə Ərəbistanı OPEC+ razılaşmasının bütün iştirakçılarının hasilatı azaltmağa razılıq verəcəyi təqdirdə danışıqlar masası arxasına keçməyə hazırdır.
Bəzi məlumatlara görə, Səudiyyə neft hasilatını günə 9 milyon barrel səviyyəsinə endirməyi düşünür. Krallıq fevral ayında, hələ OPEC+ razılaşması qüvvədə olduğu vaxtda da elə bu qədər neft hasil edirdi. Lakin bu da bildirilir ki, Səudiyyə günə 9 milyon barrel səviyyəsinə enməyə yalnız Rusiyanın günə 500 min barrel ixtisara razılaşacağı təqdirdə hazırdır.
Kool yazır ki, Səudiyyənin Rusiyanı hasilat ixtisarına təhrik edə biləcəyi ağlabatan görünmür, amma bu lap baş versə belə, dünya bazarları yalnız günə 3.5 milyon barrel ixtisar görəcək. Bu, Trampın müjdəsini verdiyi günə 10-15 milyon barrelin yanında heç nədir.
Ekspertin fikrincə Səudiyyə Ərəbistanı hətta Birləşmiş Ərəb Əmirliklərini, İraqı, habelə başqa qeyri-OPEC ölkələrini - Braziliya, Kanada, Qazaxıstan, Norveç, Meksika və Azərbaycanı səfərbər edə bilsə də, yeni razılaşma koronavirus pandemiyasının bazarlara vurduğu zərbənin yarasını qısa müddətdə sağaltmayacaq. Kool-un fikrincə, bu ona görə ağlabatan görünmür ki, bu halda Birləşmiş Ştatlardakı hasilatçılar da ixtisara hazır olmalıdırlar. Bu isə baş tutan məsələyə bənzəmir.
Məqalədə deyilir ki, hətta ABŞ-ın kiçik və orta hasilatçıları Səudiyyə ilə əməkdaşlığa razı olsalar belə, ExxonMobil və Chevron kimi nəhənglər hasilat ixtisarında maraqlı deyillər. Ekspert yazır ki, aprel/may aylarında neftə tələbatın günə 30 milyon barrel azalacağının gözləndiyi bir vaxtda hətta G20 üzvü olan ölkələrin də hasilat ixtisarına razılaşması qiymətlərin düşməsini dayandıra bilməyəcək. Kool yazır ki, Trampın tviti ilə qalxan neft qiymətləri düşməyə məhkumdur.
Trampdan sonra Texas ştatının hökumətinin nümayəndəsi Rayan Sitton da neft bazarındakı vəziyyət barədə tvit yazıb və ştatın şist neft hasilatçılarının hasilatın azaldılmasına dair Rusiyanın energetika naziri Aleksandr Novakla danışıqlar apardıqlarını bildirib. Onun sözlərinə görə, bu danışıqlarda söhbət gündəlik 10 milyon barrel ixtisardan gedir. “Tezliklə Səudiyyə kralı Əbdüləziz bin Salmanla da danışmaq niyyətindəyəm”,-o yazıb. Hərçənd ABŞ-ın ştatlarından birinin hökumət rəsmisi ilə Səudiyyə Ərəbistanı kralı arasında birbaşa danışıqlar protokol qaydalarına görə nə dərəcədə mümkündür, bu qaranlıq qalır və ağlabatan görünmür...(azvision)
F.Məmmədov