Dalana dirənmiş islahatçılar:YEGANƏ ÇARƏ PARLAMENT SEÇKİLƏRİNİN BOYKOTUDUR?
Ruhullah Fəqihi
“Əl-Monitor”, 06.02.2020
Yenixeber.org: İranın misli görünməmiş sayda islahatçı namizədi qarşıdakı parlament seçkisində iştiraka buraxılmayıb. Ancaq bu, radikalların onlara hədiyyəsi ola bilər.
Namizədləri yoxlayan sərt Nəzarətçilər Şurası İrandakı islahatçı namizədlərin əksəriyyətinin qeydiyyatını rədd etməklə, sərt tənzimçilərin asanlıqla qalib gəlməsinə yol açıb. Bu, prezident Həsən Ruhaninin dediyi kimi, seçkiləri rəqabətsiz edir.
Bu əsnada islahatçıların seçki kampaniyasının sədri Həsən Rəsuli yanvarın 24-də deyib: “Daxili İşlər Nazirliyi parlamentdəki 290 yerdən 158 yer üçün rəqabətin olmadığını bildirib və bir çox əyalətdə islahatçı namizədlərin heç biri təsdiqlənməyib”.
Bundan əlavə, islahatçı Mürtəza Mübəlliğ yanvarın 21-də qeyd edib: “Tehrandan kənarda, ölkənin hər yerində cəmi 21 qeydiyyata alınmış islahatçı namizəd var”. O əlavə edib ki, Tehranda seçkidə iştirak etməyə icazə verilən islahatçı namizədlərin də sayı xeyli azdır. “İki əldəki barmaqların sayından az”.
Nəzarət Şurasının qərarı buna əsaslanır ki, ictimaiyyyət seçkiyə marağını itirir. Əslində, radikallar hər zaman fəallığın mümkün qədər az olmasına çalışıblar, çünki hər dəfə hər hansı bir böyük dəyişikliyə ümid olduqda, insanların əksəriyyəti, xüsusən də səs verməyən “boz seçicilər” islahatı dəstəkləyən namizədlərə səs vermək üçün seçki məntəqələrində sıraya düzülüblər.
Son bir neçə ayda islahatçılar ciddi şəkildə parçalanıb və əksəriyyət seçkidə iştirak etməməyi üstün tutub. Onlar sərbəst və müstəqil danışmalarına və qərar vermələrinə icazə olmayana qədər normal parlamentin olmayacağını bildiriblər. Həqiqətən, Məclisin qəbul etdiyi bir sıra qanun layihələri Məsləhət Şurasında rədd edilib.
Bu mübahisə islahatçıların baza və sosial kapitalını itirmək narahatlığından irəli gəlir, çünki parlamentdəki islahatçı millət vəkillərinin əksəriyyəti sərt tənzimçilərin tərəfinə keçib. Ən cəsarətli millət vəkilləri heç bir vədinin gerçəkləşməməsi ilə məhdudlaşdırılıb. Qarşıdakı seçkidə iştirak etmək qadağası daxil olmaqla.
Bununla əlaqədar, bir neçə ay əvvəl islahatçı siyasi nəzəriyyəçi Səid Həccarian islahatçıları seçkidə “şərti iştirak”a çağıraraq, qadağan olunmuş namizədlərin sayının çox olduğu təqdirdə, yarışı boykot etməli olduğunu irəli sürüb.
Amma islahatçı düşərgədəki azlıq “şərəfli” namizədlər olduğuna inanır. Quruculuq Partiyasının rəhbərləri hələ 2019-cu ilin may ayında bildiriblər ki, “islahat hərəkatına inanan bəzi dostlarımız seçkidə iştiraklarına inanırlar”. Amma Nəzarətçilər Şurası partiya namizədlərinin əksəriyyətini qeydiyyata almayıb.
Bu azlığın içərisində olan bəzi şəxslər, o cümlədən Məhəmməd Rza Arif çağırışlarla İslam Respublikası isteblişmentinə mənalı bir mesaj göndərib. İslahatçıların Ali Şurası adı altında eyni azlıq “Nəzarətçilər Şurası tərəfindən atılan addımların yalnız ümidsizlik və etimadsızlığın artmasına və hakimiyyətlə xalq arasındakı uçurumun dərinləşməsinə səbəb ola” biləcəyini vurğulayıb. “Bu, xarici təhdidlərdən sonra milli mənafeyinə ən böyük təhdiddir”. İslahatçıların Ali Şurası Nəzarətçilər Şurasını qərarlarını yenidən nəzərdən keçirməyə çağırıb.
İslahatçı millət vəkili Mustafa Kəvakəbian hələ 2019-cu ilin dekabr ayında Nəzarətçilər Şurasının 200 namizədi təsdiqlədiyi təqdirdə, bütün islahatçıları vahid siyahıya yerləşdirəcəyini söyləyib. Bu da baş tutmayıb, İslahatçıların Ali Şurası yanvarın 24-də “vahid namizəd siyahısının olmadığını” iddia edərək Həccarianın fikrinin həyata keçirilməsinə yaxınlaşıb.
Buna baxmayaraq, islahatçılar Həccarianın düşüncəsindən kənar cəsarətli bir qərar verə, insanları ümumiyyətlə səs verməməyə dəvət edə bilərlər.
Tərcümə: Strateq.az