HƏSƏN RUHANİ İSTEFA VERMƏYƏ HAZIRLAŞIRMI? – Özgələr arasında doğma, doğmalar arasında yad adam -TƏHLİL
Şahir Şahidsaless
“Atlantic Council”, 15.08.2019
Yenixeber.org: 2015-ci ilin nüvə sazişi getdikcə qüvvədən düşdüyü üçün İran prezidenti Həsən Ruhani daxili siyasi sıxıntılar keçirir.
Ən son rəsmi məlumatlara görə, qiymətlər ümumən bir il əvvələ nisbətən 48 faiz artıb, ərzaq məhsulları isə 72 faiz bahalaşıb.
İSNA-nın bu yaxınlarda elan etdiyi bir araşdırmaya əsasən, iranlıların həyatlarında məmnunluq dərəcəsi 3,6 baldır (2018-ci ildə 6.3 bal).
Bu şkalada 0 – ümumi narazılıq və 10 – ümumi xoşbəxtliyin təcəssümüdür.
Bu kədərli fonda Ruhani “Hökumətdən çatışmazlıqlar barədə soruşduqda, onun nə qədər səlahiyyətə sahib olduğunu düşünməlisiniz” deyərək, iranlılara bəhanə gətirməyə çalışıb. Sonra daha yaxşı fəaliyyət üçün ona xüsusi səlahiyyətlərin verilməsini istəyib. O, hazırkı böhran şəraitində “iqtidar və qərar qəbulunun mərkəzləşdirilməyə ehtiyacı olduğunu” söyləyib.
Beləliklə, Ruhani incə, lakin açıq şəkildə, İranın Ali Lideri Ayətullah Əli Xamnəinin son sözə sahib olduğu siyasi sistemdə ikihakimiyyətlilik dilemmasını vurğulayıb.
İranın islahatçı hərəkatı onilliklər boyu ikihakimiyyətlilikdən dad edir, lakin iqtisadiyyat zəiflədikcə və Fars körfəzində gərginlik artdıqca şikayətlər daha ucadan səslənir.
May ayında tanınmış islahatçı strateq Səid Həccarian “Hansı İslahat? Hansı sağqalma?” adlı məqaləsində bildirib ki, “İkili idarəetmə sistemi işləmir”. O, ölkəni iflic edən Xamnəinin başçılıq etdiyi “dərin dövlət” və hökumət arasındakı davamlı gərginliyə toxunub. Həccarian həll yolunun “vahid idarəetmə sistemi” olduğunu bildirib. Bunun mümkün olması üçün Ruhaninin istefa verməsini və 2020-ci ilin fevral ayında, eyni vaxtda həm prezident, həm də parlament seçkilərinin keçirilməsi fikrini müdafiə edib.
Həccarian heç bir islahatçı / mötədil olmadan seçki keçirilməsi təklifi səsləndirib. Mühafizəkarlar isə hər iki yarışda qalib gələ biləcək şəkildə iştirak etməlidirlər.
Başqa bir görkəmli islahatçı fəal və təhlilçisi Əlirza Ələvi Təbar mərhum prezident Əkbər Haşimi Rəfsəncani tərəfindən qurulan “Karqozaran-e Sazəndegi” (“Quruculuq İcraçıları”) Partiyasının “Ruhaninin istefası məsələsini pərdə arxasında müzakirə etdiyini” bildirib.
Ələvi Təbarın sözlərinə görə, hakim koalisiyadakı qrup hesab edir ki, “hakimiyyətin bir şəxsin (Xamnəi) əlində olduğu, lakin başqa bir şəxsin (Ruhaninin) cavabdeh olduğu mövcud vəziyyət sabit deyil. İqtidar və məsuliyyət bir əldə olmalıdır. Mövcud şəraitdə idarəetmə tamamilə iflic vəziyyətdədir”.
Amma bu fraksiya mövcud idarəetmə və hakimiyyət sistemindən tamamilə imtina etmək istəmir.
Ələvi Təbarla yanaşı, islahat hərəkatının görkəmli simalarından biri olan Əhməd Zaidabadi də mövcud ikihakimiyyətli sistemin dayanıqlı olmadığını vurğulayır. Onun qrupu islahatçıların geri qayıtmasına imkan verilənə qədər siyasi sistemdən tamamilə ayrılmanın tərəfdarıdır.
Maraqlısı budur ki, Ruhaninin gözə çarpan rəqibləri onun istefasına qarşı çıxırlar. Onların hesablamaları belədir: qoy 2021-ci il prezident seçkilərinə qədər iqtisadi vəziyyət pisləşsin ki, mötədil / islahatçılar böhranlı iqtisadi şəraitdə çöksün və qazanmaq şanslarını tamamilə itirsinlər. Onda Ayətullah Xamnəi də bu nəticədən məmnun olar…
Son 30 ildə, Xamnəinin İran rəhbərliyini qəbul etdiyi vaxtdan etibarən heç bir tanınmış namizəd, hətta populist keçmiş prezident Mahmud Əhmədinejad da sərt mühafizəkar platformada irəli getməyib.
Sərt tənzimçilərin ruporu – gündəlik “Keyhan” istefa çağırışlarına əsəbi şəkildə təpki verib: “Nə istefa?.. Matçın ortasında bütün komandanı tamamilə kənara qoyub, yeni komanda ilə necə oyun oynaya bilərsiniz?” Başqa bir məqalədə bu qəzet islahatçıların Ruhaninin istefası məsələsini gündəmə gətirməsinə bu cür təpki verilib: “…bu populist taktikadan istifadə edərək onlar iqtisadiyyatı yaxşılaşdıra bilmədikləri barədə insanların qarşısında cavabdeh olmaqdan qaçırlar. İddia edirlər ki, rəqiblərimiz bizə maneələr yaradır və işləməyə imkan vermirlər. Administrasiya və parlament işin icrası üçün yetərli səlahiyyətə sahib deyil. Belədirsə, seçkidə iştirak etməməli və vədlər verməməliydilər”.
Əhməd Bəxşayeş Ərdestani, sərt mühafizəkarlara yaxın universitet professoru deyib: “Həccarian öz istəklərindən danışır. Ruhaninin istefası baş verə bilməz. O, 2021-ci ilə qədər öz vəzifəsində qalmalıdır… Ruhani hökuməti islahatlar üçün məsuliyyət daşıyır. Həccarian Ruhaninin istefasını təklif edərək, bu məsuliyyətdən yaxa qurtarmağa çalışır”.
Ərdestani əlavə edib ki, mühafizəkarların”administrasiyanı formalaşdırmaq növbəsi” 2021-ci ildə çatacaq.
İran daxilindəki bir çox müşahidəçi islahatçıların və mötədillərin, ilk növbədə, iqtisadi vəziyyətin pisləşməsi səbəbindən 2021-ci il prezident seçkilərində qalib gəlmək şanslarının olmadığını söyləsə də, Ruhaninin istefa verməsi ehtimalı azdır.
Əslində, Ruhani heç vaxt islahatçı olmayıb. 2013-cü ildə ilk dəfə prezident seçilənə qədər 16 il Xamnəini Ali Milli Təhlükəsizlik Şurasında təmsil edib. Əhmədinejadın yenidən seçilməsinə qarşı islahatçıların rəhbərlik etdiyi 2009-cu ilin kütləvi iğtişaşlarına Ruhani dəstək verməkdən boyun qaçırıb. Bu, ona Nəzarətçilər Şurası tərəfindən kənarlaşdırılmadan Əhmədinejadın yerinə seçilmək imkanı yaradıb.
İyunun 22-də Ruhaniyə yaxın bir mötədil veb-sayt İran prezidentinin islahatçı vitse-prezident İshaq Cahangiri ilə sərt mübahisə etdiyini yazıb. Guya Ruhani Cahangiriyə deyib: “Sən və islahatçılar bu hökuməti devirmək istəyirsiniz”.Hökumət bu xəbəri təkzib etməyib.
Ruhaninin mühafizəkarların radikal fraksiyası ilə gərgin əlaqələrinə baxmayaraq, 2005-ci ildə Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində onu əvəzləyən parlamentin nüfuzlu spikeri Əli Laricani başda olmaqla, daha mötədil mühafizəkar fraksiya ilə yaxşı münasibətdədir.
İqtisadi müsibətlər və sərt tənzimçilərin ona davamlı hücumları nəticəsində yaranan böyük təzyiq altında Ruhaninin istefası fürsəti qalsa da, bu mümkün deyil. Ruhani, islahatçılardan fərqli olaraq, yenə də İslam Respublikasının mürəkkəb siyasətində yad adam deyil və bu şəkildə qalmaq niyyətindədir.
Tərcümə: Strateq.az