“Kişi kimi mübarizə aparın”
“Mən partiya Divanının 2 fevral tarixli iclasına dəvət almışam. Həmin iclasda mənim davranışlarımın partiya nizamnaməsinə uyğunluğu müzakirə olunacaq. Bu dəvəti qəbul etsəm də Bakıda olmadığıma görə iclasa qatıla bilməyəcəm. Bakıda olduğum günlərin birində Divanın növbəti toplantılarından birinə qatılıb, müzakirələrində iştirak etmək niyyətindəyəm. Bununla bağlı narahatlığım yoxdur. Mən həmişə müzakirələrə açıq olmuşam”
"Xeberinfo.com": Məlumata görə, bu barədə Müsavat başqanlığına keçmiş namizəd, Azərbaycan Demokratiya və Rifah hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib.
Q. İbadoğlu başqa məsələlərə görə narahat olduğunu qeyd edib.
“Bu dəvətdən sonra artıq bir neçə gündür Müsavatın hazırkı rəhbərliyinin xüsusi təşəbbüsü və birbaşa göstərişi ilə açıq və saxta profillərlə sosial şəbəkələrdə, özlərinə yaxın saytlarda və partiya daxilində mənə qarşı çirkin kampaniyaya start verilib. Bütün cəbhə boyu hücuma keçən partiya rəhbərliyi və rəhbərliyə yaxınlığı ilə seçilən kiçik bir qrup vahid mərkəzdən idarə olunan statuslar və şərhlər yazır, qurşaqdan aşağı zərbə vurmaqla məni nüfuzdan salmağa çalışırlar. “Çamur at, izi qalsın” prinsipi ilə hərəkət edən bu kiçik qrup təhqir, şər və böhtan yolu ilə Qubad İbadoğlunu hörmətdən salacaqlarını, özlərinə hörmət qazanacaqlarını güman edirlər. Lakin bu anlayışsızlıqları ilə çox böyük səhv etdiklərinin fərqində deyillər. Mən yaxşı bilirəm ki, Müsavat Partiyası onlar güman etdikləri qədər tükənməyib, aşınmayıb. Bu partiya həmişə fədakar və haqqı nahaqdan ayıra bilən sıravi müsavatçıların sayəsində ayaqda qalıb, ən çətin zamanlarda belə şərin, nifrətin, böhtanın öhdəsindən gəlməyi, şər ocaqlarını susdurmağı bacarıb”, - deyə o vurğulayıb.
Q. İbadoğlu müsavatçılara ona verdikləri dəstəyə təşəkkür edib: “Fədakar müsavatçı bacı və qardaşlarım! Mənim sözüm sizədir. Siz kimin həqiqətlə, halallıqla, kimin yalanla, haramla, oğurluqla mövqe qazandığını yaxşı bilirsiniz. Mən sizin sağlam məntiqinizə, böyük ədalətinizə və Müsavat ideyasına olan sarsılmaz inamınıza, sədaqətinizə güvənirəm. Bilirəm ki, sosial şəbəkələrdəki bu iyrənc kampaniyanın əsl məqsədini yaxşı anlayır, suyu bulandıranların kimlər olduğunu gözəl dərk edirsiniz. Sosial şəbəkələrdə bu qeyri-insani kampaniyaya fitva verənlərin həmin iyrənc şərhlərə yazılan əks mövqeli rəyləri anındaca sildiklərini, məhdud tərəfdarlarını bu işlərə cəlb etmək üçün ilan kimi qabıqdan çıxdıqlarını sizə anlatmağa da lüzum görmürəm. Siz yaxşı bilirsiniz ki, həyatını bu kimi cılız kampaniyalara sərf edənlər böyük ideya və amal sahibləri ola bilməzlər. Şərəfli müsavatçı adının daşıyıcıları isə heç bir zaman ola bilməzlər. Bu çirkin kampaniyanı başlatmaqda onların bir əsas məqsədi var: məni hövsələdən çıxarmaq, təmkinimi itirməyimə nail olmaq!”
Q. İbadoğlu qarşı tərəfin şərəf və ləyaqət anlayışına zidd olan statuslarına, böhtan dolu söz-söhbətlərinə heç bir zaman onların səviyyəsində cavab verməyəcəyini bildirib.
“Bu cılız kampaniyanı körükləyənlər, ona fətva verənlər! Qulaqlarınızı açın, yaxşı-yaxşı eşidin, bunu görməyəcəksiniz! Sizi bir daha bu çirkin metodlardan çəkinməyə çağırıram. Əgər vicdanınız varsa, onu itirməmisinizsə, səsini dinləyin və bu kampaniyanı dayandırın. Sizi kişi kimi mübarizə aparmağa çağırıram! Bir daha təkrar edirəm ki, bu mübarizədə mənim yeganə amalım partiyadaxili barışığa nail olmaq və Müsavatı gücləndirməklə hakimiyyət uğrunda mübarizə aparmaqdır!”, - deyə o bildirib.(publika.az)