“Öz fəaliyyətsizliyini ört-basdır etmək istəyən rəhbərlik…”
“Müsavat Partiyasının Divanında guya üzürsüz səbəbdən iştirak etməməyim və buna görə mənə xəbərdarlıq olunması barədə qərarın əsası yoxdur. Əvvəlcədən də məlumat vermişdim ki, Divana dəvəti qəbul etməyimə baxmayaraq, həmin gün iclasda iştirak etmək imkanım yoxdur. Buna baxmayaraq, hiss olunur ki, əvvəlcədən nə düşünüblərsə, planlaşdırıblarsa, o əsasda qərar qəbul ediblər”.
"Xeberinfo.com": Məlumata görə, bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib.
Q. İbadoğlu bildirib ki, bununla sonrakı qərarlara zəmin hazırlanır: “Fevralın 9-dan 16-na kimi Vaşinqtonda səfərdə olacağam və Divanın iki toplantısı da həmin müddətə təsadüf edir. Təbii ki, mən səfəri təxirə salmaq niyyətində deyiləm. Qarşı tərəfin yanaşması birtərəfli və qərəzlidir. Partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli ilə dünən Divanda aparılan müzakirələr də göstərdi ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaradılmasının Müsavat Partiyasına heç bir aidiyyəti olmasa da, öz fəaliyyətsizliyini ört-basdır etmək istəyən, indiyə qədər ortaya bir nəticə qoya bilməyən rəhbərlik bizim məhsuldar fəaliyyətimizdən narahatdır və hədəf olaraq da hərəkatdakı fəallığımızın azaldılmasını seçib”.
Q. İbadoğlu ADR-in ictimai hərəkat olduğunu, Azərbaycan qanunvericiliyi və partiya Nizamnaməsinin belə bir hərəkata qadağa qoymadığını vurğulayıb: “Bir vaxtlar Arif Hacılı özü da daxil olmaqla, keçmiş siyasi məhbuslar “16 Oktyabr Hərəkatı” yaratmışdılar. Eyni zamanda, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər də ictimai əsaslı bir təşkilatın rəhbəridir. Amma nədənsə bu barədə heç kim danışmır, amma hədəfdə ADR və onun fəaliyyətidir. Hətta Ellada Məmmədlinin qarşısına şərt qoyublar ki, ya ADR-də, ya da Müsavat Partiyasında qalmalısan. Bu, hər bir müsavatçının hüquqlarının pozulmasıdır. Çünki hər bir Azərbaycan vətəndaşı istənilən ictimai və siyasi hərəkatda birləşə bilər. Biz siyasi fəaliyyətimizi Müsavat Partiyasında davam etdiririk, bundan sonra da davam etdirmək əzmindəyik”.
Q. İbadoğlunun fikrincə, Divanın son qərarı partiya idarəçiliyində sistemsizliyin olduğunu sübut edir: “Bir neçə ay əvvəl mənə partiyada ən yüksək vəzifələri təklif edənlər indi partiyadan kənarlaşdırılmağımla bağlı zəmin yaradırlar. Əgər Divanda qərarlar əvvəlcədən sifarişlə hazırlanmış qaydada qəbul olunursa, Nizamnamə normalarına istinad yoxdursa, Divan uzun illər fəaliyyət göstərən partiya üzvlərini məhkəmə kimi mühakimə və ittiham edirsə, o qurumdan istənilən qərarı gözləmək mümkündür. Bu qərar və bunun davamı olaraq veriləcək istənilən qərar partiyanın nüfuzuna ciddi zərbə olacaq. Demokratiya uğrunda mübarizə aparan istənilən partiya, o cümlədən Müsavat Partiyası öz qərarlarında demokratik normalara, Nizamnaməyə və Proqram müddəalarına əsaslanmalıdır”.
Qeyd edək ki, fevralın 2-də Müsavat Partiyası Divanının toplantısında Q. İbadoğlu və E. Məmmədliyə xəbərdarlıq edilib. Sonrakı addımın partiyadan xaricetmə olacağı gözlənilir.