20 Yanvarın qisası o oldu ki... - SSRİ dağıldı, kompartiya süqut etdi, qatillər tək-tək bədbəxt oldular
O günün şahidləri üçün 20 Yanvar, elə bil, dünən olub. Aradan 30 il keçsə də, o ağrı-acı, o iztirab, o qubar-qəhərli yaşantılar hələ də çox təzədir.
Yenixeber.org: Ancaq o günlərə şahidlik etməyənlər, dünyaya 1990-cı ildən sonra göz açanlar üçün, yəqin ki, 20 Yanvar faciəsi 100 il, 1000 il keçmişdə olan bənzər hadisələr kimidir.
Biz bu günlərə o ağır gündən keçib gəldik. Bizim nəsildən olan gənclərin həyatından qara zolaq kimi keçdi 20 Yanvar.
Həmin günlərdə yüz minlərlə gənc elə bir psixoloji travma aldı ki, ağrısı heç vaxt unudulmayacaq. Beynimizin bir küncündə daima bir ağrı ocağı var -20 Yanvar.
Fəqət sonrakı illərdə 20 Yanvar faciəsinin ağrı-acısını səngidən hadisələr oldu: SSRİ dağıldı, Kommunist partiyasının şəriksiz hakimiyyətinə son qoyuldu, Bakı qırğınında rolu olan ayrı-ayrı adamlar bədbəxtliklər yaşadılar.
Biz o qatillərin mühakiməsinə nail ola bilmədik. Çünki o dövrün “dünya ictimaiyyəti” və qüdrətli dövlətləri onları “hərbi cani” kimi tanımadı, əksinə, SSRİ-nin dağılmasına səbəb olduqları üçün onları öyür, mükafatlandırırdılar. Qorbaçova Nobel mükafatı verən dünya onu mühakimə edəcəkdimi?
Ancaq Kreml qatilləri 20 Yanvar qırğınını nəyi qorumaq, saxlamaq üçün törətmişdilərsə, ona nail olmadılar. Onların yaşatmaq istədikləri SSRİ adlı şər imperiyası 20 Yanvar faciəsinin ikinci ildönümündə artıq yox idi.
Bu gün bəziləri müdrik-müdrik hökm verir: “Biz müstəqilliyi qazanmamışıq, onu bizə veriblər, SSRİ dağılıb, müstəqil olmuşuq”.
Tam əfsanə və zərərli iddiadır. SSRİ durduğu yerdə niyə dağılmalıydı ki? Onu Baltikyanı ölkələrdə, Ukraynada, Gürcüstanda, Azərbaycanda gedən milli azadlıq mübarizəsi, Ermənistandakı separatizm və militarizm dağıtdı.
Kreml SSRİ-ni saxlamaq üçün əvvəlcə Alma-Atada, sonra Tbilisidə, daha sonra Bakıda, lap axırda Vülnüsdə dinc əhaliyə qarşı qırğınlar törətdi, amma bu, kifayət etmədi. SSRİ-yə ilk güclü zərbə Ermənistanda, son güclü zərbə Bakıda vuruldu.
Bakıda törədilən qanlı cinayətdən sonra Moskvanın, Kremlin, kompartiyanın ədalətinə inam sarsıldı. Onsuz da Stalindən sonra SSRİ-nin ayrı-ayrı bölgələrində kompartiyanın şəriksiz hakimiyyətinə, SSRİ-nin dövlət qurumlarının yarıtmaz fəaliyyətinə qarşı tez-tez baş verən lokal etiraz aksiyaları total xarakter almağa başlamışdı, 1988-ci ildən sonra bu dövlətin çöküşü qaçılmaz oldu.
Pafos dolu yalanlar, saxta rəqəmlər üzərində yaşayan, hər dəfə qan-qada və repressiya zoru ilə ömür sürən dövlət nə qədər yaşaya bilərdisə, SSRİ o qədər yaşadı.
İqtisadi çətinliklərə, ağır güzərana qalsaydı, biz bəlkə də Moskvaya qarşı ayağa qalxmazdıq. Zatən bu ölkənin xalqı bütün ağır dövrlərdə başını dolandırmağın çəmini tapıb. Bizi ayağa qaldıran Qarabağ məsələsi, ermənilərin ərazi iddiası olmuşdu. Moskva bu məsələdə zaman-zaman ayrı-seçkiliklər edirdi, bizi Qarabağı məcməyidə Ermənistana verməyə zorlamaq xətti yeridirdi, məhz buna görə 1988-90-cı illərdə Bakı sakinləri elliklə ayağa qalxmışdı və Moskvaya itaətsizlik göstərirdi.
20 Yanvar qırğını Bakını ram etmək üçün həyata keçirildi. Bu, Moskvanın törətdiyi ilk hərbi cinayət deyildi. Bundan əvvəl Macarıstanda (1956), Çexoslavakiyada (1968), eləcə də SSRİ-nin ayrı-ayrı şəhərlərində dinc əhaliyə silah qaldırılmış, yüzlərlə əliyalın insan qətlə yetirilmişdi.
O qətliamlara görə SSRİ tarixində heç kəs mühakimə edilməyib. Kreml qatillərini yalnız zaman və tarix mühakimə edib. İndi onların adı tarixdə lənətlə anılır.
O zaman SSRİ-nin başında duran Mixail Qorbaçovun başına sonradan elə faciələr, oyunlar gəldi ki, dərdi kitablara sığası deyil. Adamı qiyamla devirdilər, girov saxladılar, bəxti gətirdi, hakimiyyətə qayıtdı, amma o qədər hörmətsiz, urvatsız hala düşdü ki, hökmranlığından əsər-əlamət qalmadı, başçılıq etdiyi dövləti ləğv elədilər, özü havada qaldı, axırda istefa verməyə məcbur oldu. İndi təkcə keçmiş sovet ölkələrində yox, Rusiyanın özündə də onun adı lənətlə anılır. Bütün zamanların ən böyük rus imperiyasını sarsıdıb-dağıtdığına görə ruslar onu bağışlamır, söyür, qarğayırlar. Qorbaçov ümumxalq nifrətinin hədəfi olmağı sağlığında yaşayan siyasətçidir. Hazırda ildə dörd dəfə onun “öldü” xəbəri çıxır və hər dəfə də kütləvi şəkildə ona “cəhənnəmə yolçuluğu” arzulanır.
20 Yanvar cəlladlarından olan Yevgeni Primakov sonradan Rusiyanın baş naziri olsa da, bu qısa çəkdi və Rusiyanın prezidenti olmaq arzusu gözündə qaldı, Yeltsin tərəfindən alçaldıldı.
20 Yanvar faciəsi zamanı SSRİ-nin müdafiə naziri olan Dmitri Yazov məhbəs həyatı yaşadı, sinninin ahıl çağında türmə kamerasında oturmağın “ləzzət”ini daddı. Fəqət o, bu cəzanı Bakıda törətdiyi hərbi cinayətə görə yox, QKÇP qiyamında fəal içtirakına görə çəkdi.
DTK rəhbəri Kryuçkov da eyni taleni yaşadı. O da QKÇP-nin güdazına getdi. Bu halda da onların niyyəti çürümüş SSRİ-ni qorumaq idi, amma alınmadı.
Bakıda qanlı iz qoymuş Polyaniçko və Lebed də sonradan sui-qəsd qurbanı oldular.
Sovet dövlətinin cəza qoşunlarını Bakıya dəvət edib öz xalqının oğul və qızlarını qırdıran yerli kommunistlərin çoxu (bir neçəsi istisna olmaqla) xoşbəxt olmadı, iki ildən sonra hakimiyyətdən qovuldular, ora-bura sığınaraq, “keçən günə gün çatmaz” nostaljisinə qapıldılar.
Tarixdə isə bir rəşadət, şücaət dolu gün qaldı – 20 Yanvar… Bu, gerçəkdən də bizim qəhrəmanlıq tariximizdir.