DOLLARIN “BEL SÜTUNUNU” SINDIRACAQ TƏŞƏBBÜS –Bir sıra ölkələrin dollarla “müharibəsi” nəticə verəcəkmi?
Artıq on ildən çoxdur ki, Rusiya və Çin öz aralarında apardıqları ticarət əməliyyatlarında ABŞ dollarından imtina edilməsinin vacibliyini vurğulayırlar. Bu fikirlər Şanxay Əməkdaşlıq Təşkilatında da tez-tez səsləndirilir.
Yenixeber.org: Qeyd edək ki, hazırda dünya ticarətinin 80 faizi dollarla aparılır və dünya ölkələrinin valyuta ehtiyatlarının 60 faizi dollarda saxlanılır. Doğrudur, bəzi ölkələr öz aralarında milli valyutayla ticarət etməyə cəhd göstərirlər. Ancaq bunu etmək elə də asan deyil.
Əlbəttə ki, bu prosesin hansı məcraya yönələ biləcəyini gözəl anlayan ABŞ qətiyyən seyriçi mövqeyində qalmayacaq. Digər tərəfdən isə dünyanın ikinci nəhəng valyutası olan avronun arxasındakı ölkələr də bəzi dövlətlərin xarici ticarətdə öz valyutalarından istifadə cəhdlərindən məmnun deyillər. Çünki avro ilə də ticarət edən dünya ölkələri kifayət qədərdir.
Ticarətdə dollardan imtina etməkdə maraqlı olan ölkələr sırasında Türkiyə də var. Belə ki, ABŞ-ın sərt sanksiya tədbirlərinə qarşı dayanmaq üçün əks hücuma keçilməyin zəruri olduğunu vurğulayan ölkələr sırasında qardaş ölkəni də görmək olar.
Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən islam ölkələri sammitində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə xüsusi diqqət ayırıb. Mövzu ilə əlaqədar Türkiyənin “Star” qəzetində dərc olunan “Dolların “bel sütununu” sındıracaq təşəbbüs” başlıqlı məqalədə ABŞ dollarından imtina etmək istəyən ölkələrin atdıqları addımlardan bəhs olunur.
Məqalədə deyilir: “ABŞ-ın öz ticarət tərəfdaşlarına qarşı dolları bir silah kimi istifadə etməsi dünya ölkələrini səfərbər edib. Dünyanın iri ticarət ölkələri olan Rusiya, Çin və Hindistan dollar əvəzinə milli valyutalarından istifadə etmək üçün öz aralarında müqavilə bağlanması üzərində işləyirlər. Artıq Rusiyanın Hava Hücumundan Müdafiə kompleksi olan ”S-400” raketlərinin Hindistana tədarükünün rublla həyata keçirilməsi barədə razılığa gəlinib.
Öz növbəsində Prezident Ərdoğan deyib ki, milli valyutalarla ticarət aparılması məsələsi daha da aktullaşmağa başlayır. Bəzi ölkələr dollardan imtinanın yollarını axtarırlar. ABŞ-ın iqtisadi sanksiyalarına sinə gərməyi arzulayan hökumətlər milli valyutalardan istifadəni genişləndirmək və dolların təsirini sındırmaq istəyirlər.”
Məqalədə daha sonra R.T.Ərdoğanın sammitdəki çıxışından bəhs edilir: “Prezident Ərdoğan Kuala-Lumpurdakı sammitdə “Milli suverenlik əldə etmək yolunda iqtisadi inkişafın rolu” mövzusunda keçirilən dəyirmi masada iştirak edib.
Buradakı çıxışında Ərdoğan milli valyutalarla ticarət aparmağın əhəmiyyətinə toxunub: “Diqqətimizi birlikdə nə edə bilərik məsələsinə cəmləməli olduğumuza inanıram. Bildiyiniz kimi, biz həmişə deyirik ki, ikili ticarətimizi valyuta təzyiqindən qorumaq gərəkdir. Xarici pullarla ticarət yerinə milli valyutalarımızla ticarətin önəminə diqqət ayırırıq. Öz ödəmə sistemimizin olmaması maliyyə bazarlarımızı şoklara və manipulyasiyalara qarşı kövrək hala gətirir. Biz buna əngəl olmaq məqsədilə Rusiya, Çin və Braziliya kimi ölkələrlə alternativ ödəmə sistemi hazırlamağa çalışırıq. Ticarət müharibələri haqqında danışılan bir vaxtda milli pullarla ticarət aparılması məsələsi daha da aktuallaşır. İndiyə kimi uğurlu nəticələr əldə etdiyimiz bu mövzuda sizlərlə birlikdə işləməyə hazırıq”.
Məqalədə həmçinin Rusiya, Çin, Hindistan və Türkiyənin dollardan qurtulma yolunda atdıqları konkret addımlar qeyd edilir: “Bu ilin iyun ayında dollardan imtina istiqamətində atılan addımlar çərçivəsində Rusiya maliyyə naziri Anton Siluanov və Çin Xalq Bankının sədri Yi Qanq milli valyutalarla hesablaşmaya keçidlə bağlı hökumətlərarası müqavilə imzalayıblar. Rusiya hakimiyyətinin bəyanatında qeyd olunur ki, Çin və Rusiya müəssisələri arasında milli valyutada qarşılıqlı hesablaşmalar aparılması üçün yeni mexanizmlərin hazırlanması üzrə iş gedir.
Ticarətdə milli valyutalardan istifadə olunması məqsədilə 2019-cu ilin oktyabrında Rusiya və Türkiyə arasında müqavilə imzalanıb. Digər tərəfdən həmin müqavilədə Rusiyanın “Mir” kartının Türkiyədə istifadəsinin genişlənməsi və türk banklarının Rusiyanın “SWİFT” analoqu olan “SPFS”-ə – (maliyyə xəbərləşməsi sistemi) qoşulması nəzərdə tutulur. Rusiya Türkiyə ilə yanaşı, milli vayutalarda ticarət aparılmasıyla bağlı Vyetnamla da razılığa gəlib.
“S-400” zenit-raket sistemlərinə dair Rusiya-Hindistan müqaviləsinə görə satış rublla həyata keçiriləcək. Rusiya ekspertləri bildiriblər ki, əgər Vaşinqton öz sanksiya siyasətini sərtləşdirməkdə davam edərsə, bu zaman hərbi müqavilələrin milli valyutalarla bağlanması ölkələr üçün adi hala çevriləcək. Digər tərəfdən Rusiya prezidenti Vladimir Putin bu ilin sentyabr ayında bəyan edib ki, Hindistanla azad ticarətlə bağlı aparılan danışıqların ilk raundu bu yaxınlarda başlayacaq.”
Sonda yenə R.T.Ərdoğanın xarici ticarətdə milli valyutaların tətbiqinə dair fikirlərinə toxunan qəzet yazır: “2018-ci ilin 28 noyabr tarixində prezident Rəcəb Tayyib Ərdoğan “İslam Əməkdaşlıq Təşkilatı”nın “İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi”nin 34 -cü toplantısında deyib: ”Aramızdakı ticarətin milli valyutayla aparılması imperialistlərin qandallarını qırmağımız üçün son dərəcə mühümüdür. Ticarətimizi nə qədər artırarsaq, o qədər güclü olarıq. Milli pullarımızdan istifadə etməkdən başqa çıxış yolumuz yoxdur, əks təqdirdə valyuta məzənnəsi altında əzilərik”.(azpolitika)
Vaqif NƏSİBOV