“ABŞ Türkiyəni itirməyə məcbur edərkən heç hesablamadığı itkiləri olacaq”.
Yenixeber.org: Bunu yazar Kılıç Buğra Kanat Anadolu Agentliyində yayımlanan “ABŞ-Türkiyə böhranının qalibi olmayacaq” başlıqlı məqaləsində qeyd edib.
Məqalədə bildirilib ki, Türkiyənin Rusiyadan aldığı S-400 müdafiə kompleksləri ilə bağlı gərginlik ABŞ-a mənfi təsir göstərəcək. Yaxın Şərq xalqları bu addımı bölgənin ən önəmli dövlətinin ABŞ tərəfindən sabitliyinin pozulması kimi şərh edəcək və bölgəyə yeni bir müdaxilə kimi dəyərləndirəcək.
“Türkiyə-ABŞ münasibətləri tarixin ən əhəmiyyətli dönüş nöqtələrinin birindən keçir. Son illərdə tez-tez eşidilən və hər dəfə təxirə salınan böhran bu dəfə fərqli səviyyədə qarşımıza çıxır. Son 20 ildir get-gedə dərinləşən və xroniki hal alan etibarlılıq problemi artıq konkret nəticələri olan hadisəyə çevrilir. İki NATO müttəfiqi arasında indiyə qədər yaşanan ən ciddi böhranlardan biri olan bu durum sadəcə iki ölkənin əlaqələrini deyil, ittifaq sistemləri və müttəfiqlərin bir-birindən gözləntilərini də dəyişdirir.
ABŞ-Türkiyə böhranı yeni deyil. Bəzi mütəxəssislər bu böhranın S-400 satışından sonra ortaya çıxdığını desə də, əslində bu böhran rahib Endryu Bransonun Türkiyədə həbsindən sonra başlayıb. ABŞ Branson hadisəsində böyük üzüntü yaşayıb və S-400 alışı qərarından sınra Türkiyəyə etibarı sarsılıb.
ABŞ-ın Türkiyənin milli təhlükəsizliyinə və ərazi bütövlüyünə qəsd etmiş və terrorçu kimi qəbul etdiyi bir qrupun Suriya qolunu dəstəkləməsi ikili münasibətlərdə Ankaranın görmək istəmədiyi tarixi böhran idi. Eynilə, ABŞ-ın 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhdə verdiyi skandal reaksiya və daha sonra FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı atmadığı addımlar kimi. “Xalqbank” məsələsi, Suriyada verilən sözlərin yerinə yetirilməməsi və Afrin əməliyyatları kimi kritik anlarda ABŞ tərəfindən daim səsləndirilən “qayğı” əslində bu böhranın bir parçasıdır.
Türkiyəni Rusiyadan silah almağa məcbur edən ABŞ Konqresi idi. Konqresdəki bəzi çevrələrin də daxil olduğu bir qrup Türkiyənin ABŞ-dan silah almasını çətinləşdirdi. Konqres Donald Trampın hərəkət dairəsini daraltmaq üçün CAATSA adlanan sanksiyalar paketini qəbul etdi. Bu da Rusiyanın müdafiə sənayesi və kəşfiyyatı ilə iş görən hər kəsə təsir edən paketdir. Bu qanun layihəsini çoxları “Konqresin diktəsi” adlandırır. Dolayısı ilə bu gün Türkiyə ilə ABŞ-ı qarşı-qarşıya gətirəm qanunun təməlində Konqresin Trampın əhatə dairəsini daraltmaq qayğısı dayanıb.
NATO-nun önəmli üzvü ilə münasibətlərin bu qədər gərilməsi və ABŞ hökumətinin son illərdə sanksiyalarla dünyanı nizamalama cəhdi, bunun ortaya çıxardığı mənfi atmosferi nəzərə aldıqda görürük ki, ABŞ-da daxili siyasətin böhranı xarici siyasətdə açıq şəkildə ortaya çıxır.
Bu böhran sadəcə Türkiyəyə zərər verəcəkmiş kimi görünsə də, əslində, belə hallarda kimin daha çox zərər çəkməsini müəyyən etmək çətindir. Əslində, hamı birgə itirir. Türkiyəni təhdid edən ABŞ Administrasiyası Türkiyə ictimaiyyəti və dövlətə münasibətlərinin yanında, digər müttəfiqlərinin də ABŞ-a baxışını dəyişdirir.
ABŞ üçün “etibarlı müttəfiq” ifadəsinin asanlıqla deyilməyəcəyi dövrə gedirik. Bu, NATO-da da yeni böhran yaradacaq. Böhran Ərdoğan-Tramp görüşündən sonra həllini tapmasa “itir-itir” prosesi rəsmi şəkildə başlayacaq.