“AKP qalib gələnə qədər seçkiləri yeniləmək? Beləsi ancaq Afrikada olar...”-Müxalifət liderlərini bəyanatı+Yenilənib
Türkiyədə müxalifət liderləri prezident Ərdoğanı və hakim partiyanı martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələrini tanımağa, “millətin iradəsini ələ salmamağa” çağırıb.
Yenixeber.org: Ərdoğanın İstanbulda total pozuntular olduğu və heç kimin özünü 13-14 min səs fərqi ilə qalib elan edə bilməyəcəyini deməsindən sonra CHP lideri Kamal Kılıcdaroğlu ilə İYİ partiyanın lideri Meral Akşener birgə bəyanatla çıxış ediblər.
Kılıcdaroğlu bildirib ki, onların İstanbulda etibarsız hesab edilmiş səslərin yenidən sayılmasına heç bir etirazı yox idi. Etirazları buna idi ki, səslərin yenidən sayılması tutarlı dəlillər əsasında, seçki qanunvericiliyinin tələbləri çərçivəsində baş verməlidir. “YSK-dakı hakimlərə səslənirəm, 38 rayonda bütün səsləri yenidən saymaq istəyirlər. Hansı əsasla, nədən? Nəticələrə dair protokolları AKP-nin, MHP-nin nümayəndələri imzalayıblar, biz imzalamışıq. Nədən həmin protokollara etiraz edirdilərsə şərh yazmayıblar? “-Kılıcdaroğlu deyib.
Meral Akşener isə deyib ki, milli iradəyə hörmətsizliyi xalq bağışlamaz. “Bu gün çox qorxunc bir durum ortadadır, deyirlər ki, biz qazanmasaq seçkinin heç bir önəmi yoxdur. Ərdoğan İstanbulda seçkinin nəticələrini qəbul etməməklə milli iradəni heçə sayır. Bu millət Kenan Evreni dinləmədi, getdi sandıqlarda səsini verib Özalı seçdi. Buradan Ərdoğanı xəbərdar edirəm, getdiyi yol yol deyil. Bu dəfə o qulağı sandıqda qoparar. AKP qazanana qədər seçkiləri yeniləmək ancaq Cənubi Afrikadada olar. Bizim etirazlarımız rədd edildi, AKP-nin nə etirazı varsa dərhal qəbul olundu. Bu millət onun iradəsinə edilmiş hörmətsizliyə sandıqda tutarlı yumruq ilişdirməklə cavab verər”-Akşener deyib.
* * *12:00
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya səfərə yola düşərkən Ankarada jurnalistlərin suallarına cavab verib və İstanbulda seçkilərin nəticələri ilə bağlı danışıb.
Ərdoğanın sözlərinə görə, İstanbulda seçkilər “total pozuntular şəklində” keçib və mütəşəkkil qaydada “bəzi cinayətlər” törədilib. “Harada, necə saxtakarlıqlar edilib, bunun təsbitləri var. Boş əraziləri, tarlaları ünvan olaraq göstəriblər...Bütün bunlarla bağlı lazım olan addımlar atılacaq. Keçmişdə və dünyada bunun misalları var. 10 milyondan yuxarı seçicinin olduğu İstanbulda kimsə özünü 13-14 min səs fərqi ilə qalib elan etməsin. Könüllərin rahat ola bilməsi üçün qanuni olaraq müraciət edilməli olan ünvan yerli seçki komissiyaları və YSK-dır. Etiraz prosedura bitər və nəticə başımız üstə deyərik”-Ərdoğan deyib.
O əlavə edib ki, seçkilərə “mütəşəkkil qaydada müdaxilə” faktları ilə bağlı prokurorluqlara müraciət edilib. Və prokurorlar lazım olan addımları atacaqlar.
“Sandıqda oğurluqlar var. YSK-ya müraciət bununla bağlıdır. Bu iş hər iki kanaldan aparılacaq”-Ərdoğan əlavə edib.
* * *10:48
Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri hələ də rəsmən təsdiqlənməyib.
İstanbulda etibarsız hesab edilmiş səslərin AKP-nin tələbi ilə yenidən sayılması yekunlaşmaq üzrədir. Son məlumatlara görə 330 minə yaxın etibarsız səslərin 90 faizdən çoxunun yenidən sayılması başa çatıb. Və CHP-nin namizədi Əkrəm İmamoğlu 15823 səs fərqi ilə öndədir.
Etibarsız hesab edilmiş səslərin yenidən sayılmasının bu gün başa çatacağı gözlənilir. Və səslərin yenidən sayılması nəticəsində İmamoğlu ilə AKP-nin namizədi Binəli Yıldırım arasında səs fərqi azalsa da belə görünür ki, CHP-nin namizədinin qələbəsi şübhə doğurmur. Lakin AKP bu dəfə bütün səslərin yenidən sayılması üçün Yüksək Seçki Kurumuna müraciət edib. YSK məsələyə bu gün baxmalıdır. Əgər bütün səslərin yenidən sayılmasına qərar versə o zaman proses 7-8 ay vaxt apara bilər.
AKP-yə bağlı KİV-lər belə təbliğat aparır ki, İstanbulda hansısa “mütəşəkkil qrup” seçkilərə hiylə qarışdırıb və bu səbəbdən bütün səslər yenidən sayılmalı, hətta seçkilərin nəticələri ləğv edilməlidir.
İstanbul uğrunda “döyüşün” hələ davam etdiyi bir vaxtda Ankarada CHP-nin namizədi Mansur Yavaşın qələbəsi rəsmən təsdiqlənib. Bu gün Mansur Yavaş bələdiyyə başqanı seçildiyi haqda mandatını alaraq səlahiyyətlərinin icrasına başlayacaq. Yavaş bildirib ki, mandatını aldıqdan sonra birinci işi Atatürkün mavzoleyini ziyarət etmək olacaq. “Hadi Bismillah dedik, başlıyırıq”-Mansur Yavaş deyib.(virtualaz)