Qarabağ probleminin həllindən kimlər qorxur?
Yenixeber.org: Ermənistanda son bir ildə hərbi xunta rejiminin devrilməsinin ardından iqtidara gələn mülki cəmiyyətin sayəsində Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması və qondarma “Dağlıq Qarabağ rejimi”nin iflasa uğraması prosesləri göz önündədir. İrəvanda mülki cəmiyyət hökumətinin qurulmasının ardından əndişəyə düşən İran molla rejimi Ermənistanı təhdid yolunu seçib. Bu, ölkədə ən ucuz ərzaq, sənaye və ticarət mallarının İrandan Ermənistana gətirilməsinin qarşısının alınması deməkdir. Beləliklə Tehran rejimi İrəvana qarşı sabotaj taktikasını sərgiləyir.
Nikol Paşinyanın “məcburi” addımı
Son parlament seçkilərinin ardından erməni şovinizmi siyasətini yüz ildir sürdürən “Hançak”, “Ramkavar Azatakan” və “Daşnaksütyun” partiyaları iflasa uğrayıblar. Daşnaklar məcbur olaraq mərkəzi qərargahlarını Tehranda yerləşdiriblər.
26 fevral 2019-cu il tarixində keçmiş “hərbi xunta rejimi”nin tör-töküntüləri İrəvanda mitinq-yürüş keçirərək: “Qarabağı heç zaman geri qaytarmayacağıq”, “Qarabağ qədim erməni torpağıdır”, “Qarabağ Ermənistana birləşməlidir”, “Türk faşizminə ölüm” və digər şüarları səsləndirdilər. Bu, aksiya baş nazir Nikol Paşinyanın Tehran səfəri qabağı baş tutdu. Tehranda havalimanında molla rejiminin prezidenti Həsən Ruhani N. Paşinyanı qəbul etmədi. Bunu N. Paşinyanın baş nazir statusu ilə əlaqələndirdilər.
N. Paşinyan Tehranda bir sıra ağır şərtlərlə üz-üzə qaldı. İrandan Ermənistana öncələr olduğu kimi ucuz qiymətə yanacaq qazı, elektrik enerjisi, neft və ərzaq məhsullarının, texniki avadanlıqların və ticarət mallarının alınması məsələsi müzakirə mövzusu oldu. Tehran rejimi incə şəkildə N. Paşinyanı təhdid edərək bütün məhsulların qiymətlərinin arta biləcəyini izah etməyə çalışdı. Durumun belə bir məcraya yönəlməsi isə, İrəvanda gözlənilən iqtisadi və sosial böhranlara yol açacağı təhlükəsi izah olundu.
N. Paşinyan üçün öncədən cızılmış ssenari və protokol şərtləri əsasında o İran molla rejiminin baş ruhanisi Seyidəli Xameneyi və onun rəhbərlik etdiyi “Xübrəqan Məclisi”nin üzvləri ilə görüşmək zorunda qaldı. Bu iriçəkili din xadimləri N. Paşinyana incə şəkildə “Dağlıq Qarabağdakı hərbi xunta rejimi”nin devrilməsi ssenarisindən kənarda durmasını anlatmağa çalışdılar. O, bu təhdiddən çəkinərək 1957-ci ildən fəaliyyət göstərən, 40 ildir molla rejiminin himayəsi altında çalışan “Ararat-Erməni Mərkəzi”nin toplantısına qatıldı. Burada salonda aslımış: “Qarabağ və işğal olunmuş ərazilər qədim erməni torpaqlarıdır” plakatının qarşısında “selfi” şəkdirmək zorunda qaldı.
İrəvanın manevrləri
Başda ABŞ , Avropa İttifaqının əksər üzvləri İranı artıq nəinki blokadaya almışlar, hətta koalisiyanın tərəfdarlarının sayını da artırmışlar.
Belə ki, radikal islam və terrorizm siyasəti yürüdən təşkilatlar artıq iflasa uğrayıblar. “Taliban”, “Hizbu-t- Təhrir”, “Əl Qaidə”, FETÖ, “İxvanül əl Müslimin”, İŞID, “Əş Səhab”, “Boko Həram”, “Məutə”, “Müaviyə mMəzhəbçiləri”, “İBDA-C”, “Əl Cihad”, “Əl Qiyam”, “Ət Təfkir və-l Hicrə”, “Əl Camaat ül Fükra”, “Komando Cihad”, “Münəzzəmət ət Təhrir əl İslami”, “Hərəkət ül Ənsər” və digər yüzlərcə radikal təşkilatların müsəlman ölkələrində hakimiyyətə gəlmək iddialarını terror yolu ilə həll etmək anlayışı demək olar ki, iflasa uğrayıb. Əlcəzair, Tunis, Misir, İraq, İordaniya, Küveyt, Bəhreyn, Mərakeş və digər islam ölkələrindədünyəvi parlamentarizm ənənələrinə üstünlük veririlir. Bununla yanaşı, sosial-iqtisadi həyat nizamı da formalaşmağa başlayıb. Lakin Yaxın Şərqdə bu uğurlarla yanaşı, terror siyasəti demək olar ki, hələ bitməyib. Çünki molla rejimi husilik, imamət, fatimiyyə, zeydilik, əftəhitilik ismailiyyə, dəruziyyə, ələvilik, nüseyrilik, şeyxilik və digər ideoloji düstur şərtləri içində barışmaz radikal islam siyasətini yürütməkdədir. Suriya, Yəmən, Sudan, Əfqanıstan, Pakistan, Livan, Fələstin, Türkiyə, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Azərbaycan, Gürcüstan, Dağıstan, Tacikistan və digər ölkələrdə hədəflərini həyata keçirmək planlarından əl çəkmək fikrində deyil.
Beləliklə, Əl Nüsrə, Hizbullah, Həmas, FƏTH, “Suriya İslam Cəbhəsi”, “Pakistan İslami Cihad Hərəkatı”, “Fələstin İslami Cihad Təşkilatı”, “Cəmiyyəti Fidaiun İslami”, “Cundullah” və digər təşkilatlar Tehran rejiminin iradəsi ilə hərəkət edirlər. Bütün bunlar təbii olaraq, beynəlxalq birliyi, xüsusilə demokratik dövlət siyasətinin yanında yer alan dövlətləri narahat edir. Elə buna görə də beynəlxalq miqyasda molla rejiminə qarşı iqtisadi və maliyyə embarqoları tətbiq olunur.
Rəsmi Tehran bunu nəzərə alaraq, yaranmış durumdan çıxış yolları arayır və manevrlər etmək yolu ilə öz mənfəətləri çərçivəsində bir sıra “zəruri” addımlar atmağa çalışır. Bu prosesdə ermənilərlə tarixi ittifaqlarına yeni məzmun və xarakter vermək üçün çabalar göstərir. Livan, Suriya, İran, İraq, Misir, Liviya və digər Orta Şərq ölkələrində yaşayan erməni icmalarının Tehran rejiminin “patronajlığı” məsələsi beləcə gündəliyə gəlib. İrəvan bu prosesdə Tehran rejiminin yanında qalmağa məcburdur.
“Qarabağ düyünü” və İran
Cənubi Qafqaz üzrə siyasi ekspertlərin son bir ildə gəldiyi qənaətə görə Ermənistanda qələbə çalan mülki cəmiyyət ideyasının tərəfdarlarının mövqeləri güclənən kimi, sırada qondarma “Dağlıq Qarabağ rejimi”nin süquta uğraması qaçılmaz prosesə çevrilib. Belə bir durumun yaranması “Qarabağ düyünü”nün həlli deməkdir. Ona görə də siyasi avantüraları gündəmə gətirən Tehran molla rejimi prosesi əngəlləməyə çalışır. Cənub qonşumuz tərəfindən idarə olunan AİP (Azərbaycan İslam Partiyası) və onun sosial bazası əsasında yaradılmış “Qarabağ İslami Azadlıq Hərəkatı” bilərəkdən və ya bilməyərəkdən “Qarabağ düyünü”nün həllinə mane olurlar. Çünki “Qarabağ İslami Azadlıq Hərəkatı”nın adını siyasiləşdirməklə bölgədə süni şəkildə “xristian-islam” qarşıdurması kimi zərərli klişe yaradılıb beynəlxalq anti Azərbayan təbliğat şəbəkəsinə ötürlür. Bəs Tehran molla rejimi nədən Qarabağ probleminin həll olunmasına qarşı çıxır? Bu sualın tək cavabı budur: “Azərbaycan işğal olunmuş ərazilərinə sahib çıxacağı təqdirdə, Cənubi Qafqazın ən güclü bir dövləti olacaqdır”.
Bunu tarixi etnokulturoloji, iqtisadi, sosial və digər faktlar da sübut edir. Cənubi Qafqazda erməni, gürcü və digər xalqların toplam sayları azərbaycanlıların ümumi sayının yarısı deməkdir. Ermənistan və İran dövlətləri ona görə də, mövhumatçı azərbaycanlı obrazının dərinləşməsi siyasətində ortaq mövqe tuturlar. Bundan əlavə, Azərbaycana qarşı “azlıqlar” siyasətinin dərinləşməsinə, vətəndaş cəmiyyətinin parçalanmasına çalışırlar. Buna görə də süni şəkildə “Azərbaycan federal dövlət olmalıdır” tipli ideyalar üçün milyonlar xərcləyirlər. Qafqaz xalqlarının birliyini pozmaq üçün 14 fevral 2019-cu ildə Moskvada “çeçen-azərbaycanlı insidentinin arxasında bu iki dövlətin duması qısa zamanda ifşa olundu. Azərbaycanın bir dövlət olaraq tarixi “İPƏK YOLU” əsasında dünyanın ən nəhəng proyektlərini gündəmə gətirməsi isə, Tehran molla rejiminin iflası deməkdir. Orta Asiya, Xəzərətrafı ölkələr, Cənubi Qafqaz və Avropa ilə uzlaşacaq bu proyektlərin tən mərkəzində Azərbaycan dövləti dayanır
Silahlanan molla rejimi
Yaxın Şərq ölkələrində son illərdə yaşanılan vətəndaş müharibələri, təriqət-məzhəb savaşları, diktator rejimlərinin dağılması prosesində ən çox qazanan tərəf Tehran molla rejimi oldu. İran hakimiyyəti bir yandan dünya bazarında neftin, digər yandan isə silah bazarında daha da varlandı. Bu gün əldə etdiyi gəlirlərlə Yaxın Şərqdə ən iri silahlara malik olan molla rejimi bütün qonşu ölkələri təhdid yolunu tutub. Azərbaycan dövlətini təhdid etmək üçün Ermənistanı öz müttəfiqinə çevirməyə çalışır. Tehranda ermənilərə dəstək verən molla rejimi 26 fevral tarixində onların Türkiyə səfirliyinin binası qarşısında keçirdikləri “Türklərə ölüm”, “Harada türk izi varsa, orada fəlakət yaşanılır” və digər şüarlar səsləndirildi. Halbuki Tehranda, Təbrizdə, Ərdəbildə, Urmuda və digər iri şəhərlərdə soydaşlarımızın Qarabağ həqiqətləri ilə bağlı 29 ildir keçirmək istədikləri aksiyalar molla rejimi tərəfindən yasaq olunub. Hətta “icazəsiz aksiya” keçirmək üçün addım atanları həbsxanalara salıblar. Onlara ən ağır işgəncələr verilib.
Ortada Tehrandakı “Ararat Erməni Klubu”ndan çəkilmiş foto sənədlər və video süjetlər var. Molla rejiminin mahiyyəti elə bu dəfə Azərbaycan Respublikasında, Güney Azərbaycanda və bütün milli diaspor təşkilatlarımız tərəfindən çox ciddi şəkildə qınandı. Faktiki olaraq, milli həmrəyliyimizin güclünməsi naminə Tehran-İrəvan əməkdaşlığına cavab kimi atılan addımları təqdir etməyin və bu prosesin ictimailəşdirilməsi günümüzün ən vacib təməl prinsipinə çevirməyin zamanıdır.
Ə. Yusifoğlu