“ABŞ-ın İrana qarşı sanksiyaları saxtadır, məqsəd Rusiyanı vurmaqdır” –İqtisadçı ekspert
Dünən son illərin ən böyük geriləmələrindən birini yaşayan neft qiymətləri bu gün qismən toparlanmağa başlayıb.
Yenixeber.org: Məlumata görə, hazırda bir barrel Brent markalı neft 63. 77 $, WTI markalı neft isə 54. 66 $-dan satışa çıxarılıb.
Ötən günlə müqayisədə hər iki markalı neftin təqribən 2 % bahalaşdığı qeyd olunur.
Neft qiymətlərinin dünən birdən-birə böyük təcillə enişə keçməsi ABŞ prezidenti Donald Trampın sanksiya tətbiq etdiyi İrana müəyyən güzəştlər etməsilə izah olunur. Bildirilir ki, ABŞ administrasiyası dünyanın 8 ölkəsinə İranla ticari əlaqələrə icazə verməsi qlobal neft bazarında ciddi təlatümlərə səbəb olub. Dünənki tənəzzül də bununla bağlı imiş.
Fəqət nəzərə alsaq ki, Tramp bu qərarı ayın əvvəllərində açıqlamışdı, son ucuzlaşmanın hardasa 3 həftə sonra gəlməsi tənəzzülün yalnız bir amillə əsaslandırılmasına imkan vermir.
Əməkdaşımızın fikirlərilə razılaşan iqtisadçı ekspert Elçin Qurbanov neft qiymətlərinin tənəzzülündə rol oynayan digər amilləri bu cür sadalayıb:
“Neft qiymətlərinə təsir edən başlıca amillərdən biri də qlobal iqtisadi böhrandır. ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsi istər-istəməz bütün sənayeləşmiş ölkələrin iqtisadiyyatına təsir göstərir. Çindən tutmuş Avropa ölkələrinə qədər bütün sənaye nəhənglərində istehsalı məhdudlaşdırmaq məcburiyyətində qalırlar. Bunun ən bariz əlamətləri Avropa və Asiya birjalarında özünü göstərir. Bu həftənin ilk günlərindən etibarən həmin birjalarda sərt düşüşlərin şahidi oluruq. Sənaye nəhənglərinin düçar olduqları bu pessimizm istər-istəməz dünya neft bazarına da təsir göstərir. İstehsalın azalması neft tələbatını da aşağı salır. Dolayısıyla, qlobal neft bazarında təklif tələbi üstələyir və ucuzlaşma qaçılmaz olur.
Digər səbəblərdən biri OPEC ölkələri ilə Rusiyanın bir müddət əvvəl əldə etdikləri hasilatı azaltmaq qərarının tədricən yumşalmasıdır. Xüsusilə ABŞ prezidentinin neft qiymətlərini 65 $-dan aşağı salınması tələbindən sonra körfəz ölkələrinin buna qarşı çıxması mümkün deyil. ABŞ-ın əlində bu ölkələrə qarşı istifadə edə biləcəyi İran kartı var və Donald Tramp çıxışlarında dəfələrlə bu məqama barmaq basmışdı. O, Səudiyyə Ərəbistanına və digər körfəz ölkələrinə ABŞ-ın sayəsində mövcud olduqlarını xatırladaraq, rəsmən təhdid etmişdi. Üstəlik, rəsmi Riyadın Qaşıqçı ləkəsi də var və OPEK-i faktiki idarə edən Səudiyyə Ərəbistanı ABŞ-la razılaşmağa məhkumdur. Təsadüfi deyil ki, son zamanlar OPEC ölkələri neft hasilatını artırmağa başlayıblar. Qlobal neft bazarına hasilatın artması da ciddi təsir göstərir.
İran da üz-üzə qaldığı sanksiyaların təsirini azaltmaq üçün ötən həftə ixrac etdiyi neftin qiymətlərini xeyli ucuzlaşdırmışdı. Qlobal neft bazarında ucuzlaşma da məhz bu qərardan sonra başlamışdı.
Açığını deyim ki, İrana qarşı sanksiyaların tətbiq olunmasının başlıca məqsədi də elə indiki proseslərə start verməkdi. Yəni ABŞ İranı çökdürmək üçün deyil, neft bazarında hasilatçı dövlətlərin bugünkü amansız rəqabətini tətikləmək üçün sanksiyalar tətbiq edir və 8 dövlətə bu qərarın tətbiq olunmaması da bunu göstərir. Çünki neft ixracatını davam etdirmək üçün İrana əslində 8 dövlət kifayətdir. Görünür, digər hasilatçı dövlətləri daha çox neft çıxarmağa və ixrac etməyə həvəsləndirmək üçün ABŞ-a sanksiya nağılları lazım idi. ABŞ-a İranı yox, neft qiymətlərini aşağı salaraq, Rusiyanı iqtisadi cəhətdən zəiflətmək lazımdır”.
Elçin Qurbanovun fikrincə, Rusiyanın əlaqədar qurumları da bu siyasətin fərqindədirlər: “Bu yaxınlarda Rusiya Milli Tədqiqat Universitetinin Enerji Siyasətləri Mərkəzinin direktoru Vitaliy Yermakovun bir analizi ilə tanış olmuşdum. Yermakov həmin analizində dünya neft qiymətlərinin müəyyənləşməsində 3 ölkənin – ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının mühüm rol oynadığını bildirməklə yanaşı, son zamanlar bütün inisiativlərin ABŞ-a keçdiyini etiraf edirdi. Qlobal neft bazarında oynanan oyunların Rusiyanı zəiflətməyə hesablandığına eyham vuran rus neft strateqi fikirlərini belə tamamlayırdı: "Rusiya bəlkə indi göründüyü qədər güclü deyil, ancaq heç vaxt göründüyü qədər də zəif olmayacaq". Bu etiraf sübut edir ki, Rusiya bütün oyunların onun üzərində qurulduğunun fərqindədir. Amma onun bu oyunları pozmaq gücü artıq tükənmişdir”.
Bəs, ABŞ-ın məkrli siyasəti bu qədər aydın ikən, neft hasilatçı dövlətlər niyə ortaq məxrəcə gələ bilmirlər? Ümumiyyətlə, bu böhrandan çıxmaq mümkündürmü?
İqtisadçı ekspertin sözlərinə görə, bohrandan çıxış yolu hasilatı azaltmaqdır: “Həm Rusiya, həm də OPEK ölkələri bu istiqamətdə müəyyən mesajlar verirlər. Amma hər bir dövlətin öz maraqları və zəif nöqtələri var. Başlıca zəif nöqtə bazarı itirmək təhlükəsidir ki, bu, bütün neft hasilatçılarının ortaq dərdidir. ABŞ-ın şist nefti hesabına istehsalı durmadan artırması və sürətlənən ticarət müharibəsi nəticəsində dünya neft bazarında tələbin azalması digər hasilatçıları ciddi narahat edir və onları bu addımı atmaqdan çəkindirir. Əks halda, qlobal bazardakı paylarını itirə biləcəklərindən qorxurlar. Hasilatın azalmasını son vaxtlar ən çox istəyən Rusiyadır ki, bu da onun məcburiyyətlərindən irəli gəlir. Zira qış aylarında Rusiyanın bir çox quyularında donma baş verdiyindən onsuz da hasilat azalır. Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri isə regional təhlükə qarşısında ən yaxın müttəfiqləri olan ABŞ-ı itirmək istəmirlər. İran və Venezuella kimi dövlətlər isə onsuz da obyektiv səbəblərdən hasilatı azaldıblar. Odur ki, tərəflərin neft istehsalında kəsintilərə gedəcəyinə inanmıram”.(ovqat)