ABŞ müttəfiqləri ilə birlikdə bir ildən sonra Suriyada yeni hava əməliyyatı keçirdi. ABŞ prezidenti Donald Tramp bildirib ki, Bəşşar Əsəd rejimi Dumada kimyəvi silahdan istifadə etdiyindən Suriyaya hava zərbələri endirilməsinə göstəriş verib
Yenixeber.org: Yeri gəlmişkən, kimyəvi silahların Suriyadan çıxarılması məsələsi 2013-cü ilin avqustunda Dəməşq yaxınlığında yüzlərlə insanın ölümündən sonra gündəmə gəlmişdi. Onda Qərb ölkələri tələb edirdi ki, kimyəvi silah hücumunu yalnız hökumət qoşunları həyata keçirə bilər. Hətta ABŞ-la Rusiya arasında Suriyadan kimyəvi silahların çıxarılmasına dair razılıq əldə olunmuşdu. Qrafikə görə, kimyəvi silahlar Latakiya limanına 2014-cü il dekabrın 31-nə qədər çatdırılmalı idi. Ancaq ölkədəki hərbi əməliyyatlar bu daşınmanı bir qədər gecikdirib. Həmin il Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilat Suriyadan kimyəvi silah cəbbəxanasının sonuncu partiyasının çıxarılaraq məhv edilməyə hazır olduğunu bildirmişdi. Danimarkaya məxsus “Ark Futura” gəmisi Latakiya limanından zəhərləyici maddələrin çıxarılması, kimyəvi silahların ABŞ-ın “Keyp Rey” gəmisinə çatdırılması barədə məlumat yayılmışdı. Bildirilirdi ki, həmin gəmidə yerləşən laboratoriyada zəhərləyici maddələr utilləşdiriləcək.
Məlum olduğu kimi, 2016-cı ilin avqustunda Suriyada kimyəvi silahın tətbiqinə dair qətnamə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmışdı. ABŞ tərəfindən hazırlanan qətnamə layihəsində qeyd olunurdu ki, kimyəvi silahdan istifadə edən şəxslər, qruplar və təşkilatlar məsuliyyətə cəlb olunmalıdırlar. Sənədə Rusiya da daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının üzvləri müsbət rəy vermişdi. Donald Tramp 2016-cı ilin dekabrında Suriyanı nəzərdə tutaraq bildirmişdi: “Biz barəsində heç nə bilmədiyimiz dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq. Bizim belə dövlətlərdə nə işimiz var? Tanımadığımız dövlətlərdəki rejimləri devirməyin əvəzinə İŞİD və başqa terrorçu qruplaşmaları məhv etməliyik. Bu hədəfi bizimlə bölüşən istənilən dövlət tərəfdaşımızdır”. D.Tramp həmin çıxışında dağıdıcı müdaxilə və xaosa, nəhayət, son qoyulmasının vacibliyini də vurğulamışdı. Həmin vaxt Trampın Suriyadakı rejimlə bağlı Rusiya ilə anlaşmaq niyyətində olduğu başa düşüldü. Hətta keçmiş dövlət katibi Reks Tillersonun Bəşşar Əsədlə görüşəcəyi ehtimalına dair xəbərlər də yayılmışdı. Ancaq 2017-ci aprelin 4-də vəziyyət kəskin dəyişdi. Bəşşar Əsədə bağlı Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib əyalətinin Xan Şeyxun şəhərinə endirdiyi hava zərbələri nəticəsində 27-si uşaq olmaqla, 100-ə yaxın insan öldü, 300-dən çox insan yaralandı. Bəşşar Əsəd rejiminin tərkibində xlor qazı olan kimyəvi silahdan istifadə etdiyi haqqında məlumatlar yayıldı. Tramp Xan Şeyxun hadisəsindən sonra çox sarsıldığını bildirmişdi: “Bu, Suriya və Əsədə münasibətimi kəskin dəyişdirdi”. 2017-ci il aprelin 7-də səhər saatlarında ABŞ-ın Aralıq dənizindəki gəmilərindən "Tomahawk" tipli 59 raket Bəşşar Əsədin Humus əyalətindəki Şaryat hərbi hava bazasına buraxıldı. Şaryat bazası Livan "Hizbullah"ı və İranyönlü silahlıların yerləşdiyi ərazi sayılırdı.
ABŞ prezidenti Donald Tramp
Orada Əsədin 4-cü tank diviziyası, 300-dən artıq tankı və özünümüdafiə artilleriya qurğuları, habelə 7000-10000 hərbçisinin yerləşdirildiyi barədə məlumatlar var idi. Bu baza ölkənin cənubunda Şaryat şəhəri yaxınlığında yerləşirdi. Orada Rusiya istehsalı olan “Miq-23” və “Su-22” qırıcı təyyarələri xidmətdə olub. Məlumata görə, bazada, ümumilikdə, 30 döyüş təyyarəsi yerləşdirilmişdi. Şaryatın bombalanması nəticəsində də isə 9 təyyarənin məhv edildiyi haqqında xəbər yayılmışdı. 2018-ci il aprelin 7-də isə müxalif qüvvələrin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edildi. Hücum nəticəsində azı 80 nəfərin öldüyü, 1000-dən çox adamın zəhərləndiyi bildirildi. Zərərçəkənlərin əksəriyyətinin körpə və azyaşlı uşaqlar olduğu deyilir. ABŞ başda olmaqla, Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini vurğuladılar. Fransa prezidenti kimyəvi silahdan istifadəyə dair əllərində təkzibedilməz dəlillərin olduğunu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bununla bağlı video-yazını rusiyalı həmkarı Vladimir Putinə göndərdiyini bildirdi. Tramp hadisədən sonra hava zərbəsinin cavabsız qalmayacağını açıqladı. Düzdür, o, hava zərbəsi endirilən günədək konkret fikir söyləmişdi. Trampın həmin günlərdə yazdğı “Twitter” mesajlarından zərbələrin qəflətən endiləcəyini anlamaq olardı və belə də oldu. Rusiya məsələylə bağlı məlumatlandırılmadığını bildirdi. Beləliklə, bu il aprelin 14-də Bəşşar Əsəd rejiminə aid 3 hədəf vurulub: Birinci hədəf Dəməşq bölgəsində yerləşən Berzah Elmi Araşdırma Mərkəzi (bu hərbi obyekt Suriyanın kimyəvi, bioloji silah texnologiyasını araşdırma, inkişaf etdirmə və istehsal mərkəzi olub, Bəşşar Əsəd rejiminin kimyəvi silah istehsalının “ürəyi” sayılırdı), ikinci hədəf Humusun qərbində yerləşən kimyəvi silah anbarı (Suriyada zarin qazının istehsal olunduğu əsas hərbi obyekt), üçüncü hədəf isə ikincinin yaxınlığındakı kimyəvi silah və silah anbarı ilə birlikdə olan komandanlıq mərkəzidir. Əməliyyatda ABŞ, Britaniya və Fransanın hərbi gəmiləri, sualtı qayıqları və hərbi təyyarələri iştirak ediblər. Ümumilikdə, 105 raket endirilib, Əsəd rejiminin kimyəvi silah sahəsinin “ürəyi” sayılan Berzaha isə 76 raket atılıb. Pentaqon nəzərdə tutduqları bütün hədəfləri vurduqlarını bildirdi. Raketlərdən heç biri Rusiya Hava Müdafiə Birliyinin cavabdehliyi altında olan Tartus və Hmeymimdəki bazalara düşməyib. Raketlər Britaniyanın yunan Kiprindəki Akrotiri hərbi bazasından atılıb.
Əslində, ABŞ-ın başçılığı ilə keçirilən əməliyyat Suriya ilə bağlı vəziyyətin daha da gərginləşəcəyini göstərir. Birincisi, bu əməliyyat ABŞ-a və onu dəstəkləyən müttəfiqlərə nə verdi, yaxud nə verəcək? Son zamanlar ABŞ-ın başının Suriyada daha çox terrorçu PKK/YPG-PYD silahlılarının təlimatlandırılmasına qarşışmış kimi görünürdü. Moskvanın apardığı təbliğata inananlar Suriya probleminin açarının Kremlin əlinə keçdiyini hesab edirdilər. ABŞ, Fransa, Britaniya və bu əməliyyatı dəstəkləyən müttəfiqləri Moskvanın liderliyi ilə münaqişənin həllinə ümid bağlayanlara özlərini raket səsləri ilə xatırladırlar. Belə məlum oldu ki, Qərb Suriyada Bəşşar Əsəd rejiminin saxlanılmasını arzulamır, yaxud onu tamamilə tərk-silah etmək niyyətindədir. Bu əməliyyat İran və Rusiyaya ciddi xəbərdarlıq sayıla bilər. Məsələn, 2017-ci ilin aprelində Suriyaya atılan "Tomahawk"lar həm də Rusiyanın Xəzər üzərindən Suriyaya atdığı raketlərə cavab sayılırdısa, budəfəkini Kremlin bölgədə güclənmək niyyətinin qarşısının alınmasına hesablandığını ehtimal etmək olar. Ağ ev sübut etmək istəyir ki, bölgədə hadisələr yalnız onun iştirakı ilə həll oluna bilər. Bu arada Suriyaya raket atılan ərəfədə Rusiyanın maliyyə bazarında qarışıqlıq yarandı. Rubl dollara nisbətdə ucuşlaşdı. Başqa sözlə, ABŞ Suriyanı raket, Rusiyanı isə dollarla vurdu. Bu əməliyyatdan sonra diqqətin daha çox Cenevrə görüşlərinə yönələcəyi ehtimalı böyükdür. Bu aksiya ilə ABŞ Rusiyanı həm də fakt qarşısında qoydu. Rusiyanın etibarsız təminatçı olduğunu dünyaya göstərdi. Çünki KremlSuriyadan kimyəvi silahların çıxarılmasında Bəşşar Əsədin vəkili rolunda çıxış edirdi. Eyni zamanda Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızının kimyəvi silahdan zəhərlənməsi və bundan sonra Kremlə qarşı sanksiyalar Moskvanı çətin vəziyyətə saldı. Belə çıxır ki, Rusiya və Suriyadakı rejim kimyəvi silahdan istifadəyə dair anlaşmalara məhəl qoymurlar. Bununla da Qərb Rusiyaya inananları ciddi düşünməyə çağırdı. İkincisi, Rusiya və İranla bağlıdır. Moskva və Tehran Suriyaya Bəşşar Əsəd rejimi tərəfindən çağırıldıqlarını iddia edirlər. Habelə Əsədi legitim hakimiyyət sayırlar. Ancaq hadisələr Bəşşarın beynəlxalq təhlükəsizlik üçün təhdid mənbəyi olduğunun təsdiqlənməsi müdafiəçiləri üçün də ciddi problem yaradacaq. Başqa sözlə, Dumada tətbiq edilən kimyəvi silahla bağlı İran və Rusiya əlavə sanksiyalarla üzləşə bilər. Üçüncüsü, Türkiyənin mövqeyi və Ankaranın Moskva və Tehranla Suriya ilə bağlı əməkdaşlığıdır. Sanki bu əməliyyatla Türkiyə-İran-Rusiya üçlüyünə alternativ olaraq, ABŞ-Britaniya-Fransa üçbucağı çıxarılır. İran və Rusiya Əsədi dəstəkləyir, onun rejiminin qalması üçün hər cür yardım edirlər. Rəsmi Ankara isə ilk gündən Bəşşarın öz xalqının qatili olduğunu və aprelin 14-dəki əməliyyatı alqışladığını bildirdi. Beştepe Suriyadakı terrorçuların Türkiyənin təhlükəsizliyini təhdid etdiyini, habelə sərhədlərinin bütövlüyünü qorumaq üçün hərbi əməliyyatlar keçirdiyini bildirir. Onun bu addımları isə NATO-dakı müttəfiqləri, Rusiya və İran tərəfindən dəstəklənir. Həmçinin Türkiyə Suriya ilə sərhədi olan yeganə dövlətdir. Bu isə onu apardığı antiterror əməliyyatında, habelə Bəşşar Əsədlə bağlı tutduğu mövqedə haqlı olduğunu göstərir. Ankara Dəməşqdəki rejimə, terrorçu PKK/YPG-PYD-yə münasibətini də heç vaxt ABŞ, Britaniya, Fransa, İran və Rusiyadan, habelə beynəlxalq ictimaiyyətdən gizlətməyib. Deməli, Suriya məsıləsində ən səmimi Türkiyədir. O öz ərazi bütövlüyünü qorumaqla yanaşı, həm də terrorçulara qarşı mübarizə aparır.
Beləliklə, baş verən hadisələr onu deməyə əsas verir ki, böyük güclər arasında Suriyada silahlı qarşıdurma çox böyük fəsadlara yol aça bilər. Çünki hamıya gün kimi aydındır ki, Suriyada iki qüvvə arasında nüfuz mübarizəsi gedir. Hərbi əməliyyatların genişlənməsi isə perspektivdə ABŞ-ın başçılıq etdiyi birliklə Rusiyanın bloku arasında toqquşmanı kəskinləşdirə bilər. Ona görə də ehtimal etmək olar ki, bu qüvvələr itkidən, uzunmüddətli münaqişədən qaçmaq üçün Suriya probleminin siyasi yolla həllinə razılıq verəcəklər. Əks halda, bölgədə yeni münaqişə ocaqlarının yaranacağı da istisna edilmir.