Elnur Aslanovun biznes şəbəkəsi
“Gülən şəbəkəsi”nin Bakıdakı “vergi imamı” kimdir?
"Xeberinfo.com": Türkiyədəki məlum hadisələrdən sonra “Hizmət” hərakatının lideri Fətullah Gülənin Azərbaycandakı şəbəkəsi ilə bağlı çoxsaylı faktlar, iddialar ortaya çıxdı. “Gülən şəbəkəsinə” bağlı şəxslərin Azərbaycada yüksək vəzifələr tutduğu sirr olmasa da, onların nə qədər ciddi bir GÜCƏ çevrildəklərini, hakimiyyətin bütan qollarında təmsilçilərini yerləşdirdiklərini ictimaiyyət bu hadisələrdən sonra öyrənildi. Rəsmi Bakı bu şəbəkənin malik olduğu gücü zəiflətmək üçün müəyyən addımlar atsa da (bəzi şəxsləri vəzifədən götürdü, şəbəkənin əsas kadr bazası olan türk litseylərini dövlətin nəzarətinə keçirdi və sair-red.), “Gülənçilər” hələ də böyük imkanlara malikdir.
Xüsusən, onların Azərbaycanda böyük iqtisadi dayaqlarının olduğu, iri biznes strukturları qurduqları bildirilir. Bu haqda zaman-zaman mətbuatda da məlumat verilib. “Yeni Çağ” qəzeti də son sayında “Gülən şəbəkəsi”nin Azərbaycandakı fəaliyyətinə həsr olunmuş yazısında “Hizmət” hərakatının Bakıdakı önəmli şəxslərindən biri kimi tanınan Prezident Adminstrasiyasının sabiq şöbə müdiri, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan Elnur Aslanovun iri biznes strukturlarına malik olduğunu iddia edib. Yazının həmin hisəsini qısa ixtisarla təqdim edirik:
“Millət vəkili Rəbiət Aslanova oğlu haqqında danışarkən, bu cümlələrdən istifadə etmişdi: “Bilirəm ki, ona qarşı yönələn təhdidlərə sinə gərə bilən güclü siyasətçidir. Ona görə də onun işinə qarışmıram”. Güclü siyasətçinin arxasında maliyyə kapitalı olmasa, onun iddialarını reallaşdırması da imkansızdır.
Gülənin gənc imamlarından Elnur Aslanovun arxasında isə zəngin gənclərlə yanaşı ciddi maliyyə kapitalı da dayanmaqdadır. Əgər kimsə onu Prezident Aparatından uzaqlaşdırmaqla zərərsizləşdirdiyini düşünürsə, yanılır. Çünki onun itirdiyi sadəcə vəzifəsidir. Vəzifədəykən sahib olduqları onun yenə də gücünə güc qatmaqdadır.
Elnur Aslanovun biznes fəaliyyəti ilə bağlı yazan Azərbaycan mətbuatının iddiasına görə, onunla və deputat Ceyhun Osmanlı ilə biznes ortağı olan Fərid Novruzi “Novco” Şirkətlər Qrupunun, eyni zamanda Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidentidir.
Mətbuatda yayılan məlumatlara görə, 1994-cü ildə yaradılan “Novco” Şirkətlər Qrupu Azərbaycanda, Rusiyada, Gürcüstanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir. Şirkət genişləndikcə müxtəlif sahələrdə fəaliyyət göstərən törəmə qurumlarını təsis edilib və nəticədə holdinq yaranıb: “Novco Construction” (1994), “Novco Trade” (1999), “Novco Group” (2001), “MYBRAND”S (2005), “Novco Sport” (2007), “Novco Manufacturing” (2007). Şirkətin beynəlxalq miqyasda bir neçə investisiya layihələri var. “Al Adiyat Company” (BƏƏ) və “Hotnet” (2008) şirkətin əsas investisiya layihələridir.
Camaatın Vergilər Nazirliyindəki “imamı”
Şirkət özündə “United Colors of Benetton”, “United Colors of Benetton 012″, ”Sisley Tommy Hilfiger”, “Puma”, “Nike”, “Adidas”, “Accessorise”, “Bebe”, “Aftershock”, “Coast”, “Liu Co”, “Nine West”, “Pablosky”, “Monnalisa”, “Antony Morato”, “Mexx”, “Mango”, “Xx by Mexx” kimi tanınmış brendləri birləşdirir.Hazırda şirkəti 32 brend mağaza təmsil edir. Bunların 24-ü Bakıda, 8-i isə Gürcüstanda yerləşir. Bu mağazalar “MYBRAND”S mağazalar şəbəkəsi adlanır. Bir sözlə, ən az 32 brend mağazadan gələn gəlir Elnur Aslanovun cibinə axmaqdadır.
Bu firmaların vergi məsələlərinin həllində Camaatın Vergilər Nazirliyindəki “imam”ı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Şaiq İsfəndiyar oğlu Xəlilovun müstəsna xidmətləri vardır. Məhz Şaiq Xəlilovun yardımı ilə Elnur Aslanov və digər fətullahçılar vergi boşluqlarından yararlanaraq, “qaz vurub, qazan doldururlar”.
Bundan başqa Gənclik və İdman Nazirliyi, SAM və digər yollarla silinən milyonlarla dollarlardan Elnur Aslanova o qədər pay çatıb ki, o, bu pulla bundan sonra 50 il də rahat fəaiyyət göstərə bilər. Maliyyə maxenasiyaları ilə silinən pulların böyük bir bölümü Camaatın Azərbaycandakı və xaricdəki fəaliyyətlərinə yönləndirilsə də, Elnur Aslanov və Ceyhun Osmanlı “bal tutan barmaq yalayar” misalında olduğu kimi az pay sahibi olmayıblar. Bu gün də yeni gənclər imamı İxtiyar Hüseynli vasitəsi ilə bu məsələ control altında saxlanılır.
Elnur Aslanovun özünü hakimiyyə içindəki qərbpərəst qanadın lideri kimi təqdim edib, valideyni vasitəsi ilə də Rusiya ilə əlaqələr qurmağa çalışmasına dəfələrlə toxunulub. Və bunun müqabilində sadəcə Aparatdakı vəzifəsini itirib.
Yenə də dövlət içində böyük bir şəbəkə olaraq qalmaqdadır. Onun zamanında həyata keçirdiyi “Gənclər Parlamenti” və digər proyektləri isə əslində Azərbaycan dövlətini klonlamaq istəyən Aslanovun dövlətin pulu ilə dövləti içəridən ələ keçirmək üçün sınaq oyunlarından başqa bir şey deyildi.
Elnur Aslanovun İstanbuldakı emissarı: Kənan Məmmədov
Dövləti içəridən ələ keçirməyi hədəfləyən Fətullah Gülən Şəbəkəsinin fəaliyyətindən bəhs edərkən, onların arxasınca gedən gənclikdən bəhs etməmək olmaz. Bir dövlətin ən böyük sərvəti onun zəkasıdır. Təəssüf ki, Gülən tərəfdarları o zəkalı gəncliyin mühüm bir hissəsini özlərinə itaət etdirməyə nail olublar. Belə ki, Gülən liseyləri 2000-ci illərə qədər çox az təhsil haqqı ilə hamının oxuya biləcəyi bir müəssisə idi. Lakin 2000-ci ildən sonra ancaq cəmiyyətdə güc sahibi olan insanların övladlarını ələ keçirmək planlarını reallaşdırmaq səbəbindən təhsil haqqı aşağı və orta təbəqə insanının ödəyə bilməyəcəyi qədər artırıldı. Sadəcə yüzdə 30-luq bir ödənişsiz hissə saxlanıldı ki, bu da yüksək zəka sahibi gəncləri ələ keçirmək üçün idi. Doğrudur, hər lisey məzunu bunların müridi olmasa da, bir çoxları işinin xatirinə, bir qism isə inandığı üçün “Hizmət”ə bağlı çalışmaqdadır. Və bu gün Gülən müridi sayılan gənclərin əlindən keçən maliyyə heç də kiçik bir məbləğ deyil.
Elnur Aslanovun qrant və brend biznesi ilə yanaşı SOCAR-ın Türkiyə Nümayəndəsi Kənan Məmmədovun əlindən keçən milyonlar bir dövlətdə çevriliş edəcək qədər böyük məbləğlərdir.
Türkiyədəki Azərbaycanlı İş Adamları Dərnəyinin (TAİAD) rəhbəri vəzifəsini də daşıyan Kənan Məmmədovun atası Xalik Məmmədovun da dəstəyi ilə reallaşan projelərdən ciddi faiz aldığı da vurğulanmaqdadır. Qeyd olunur ki, hər proyektin maya dəyəri ən az 20 faiz şişirdilir və o əlavə məbləğ dövlətin büdcəsindən silinib Camaatın xəzinəsinə ötürülür. Bundan əlavə lahiyəni qazanan iş adamından yüzdə 10 “komisyon” da alınır ki, bu da Kənan Məmmədovla Elnur Aslanovun İstanbuldakı ortaq fəaliyyətlərinin davamı üçün xərclənir.
Kənan Məmmədovun hazırda da Elnur Aslanovun və ya İxtiyar Hüseynlinin “dərkənarı” olmayan heç bir lisey məzununu da SOCAR Türkiyədə işə almadığı bildirilməkdədir”.
Azpolitika.info