Gömrük və vergi orqanlarında “nurçu” kabusu
Fətullah Gülənin “Hizmət” hərəkatı və azərbaycanlı məmurlar
Dövlət aparatındakı “nurçu” şəbəkə zərərsizləşdiriləcəkmi?
xeberinfo.com: Ötən ilin sonlarında Türkiyədə iqtidarı silkələyən həbslər baş nazir Rəcəb Tayyib Ərdoğanla “Hizmət” hərəkatının və ya sadəcə olaraq “nurçu” deyilən siyasi-dini təriqətin lideri Fəatullah Gülən arasında savaşa səbəb oldu. Tezliklə bu savaş Azərbaycana sıçrayaraq hakimiyyət daxilində yeni mübarizyə səbəb oldu. Bu da təsadüfi deyil və Türkiyənin bizə qardaş və strateji müttəfiq dövlət olması ilə də bağlı deyil.
“Nurçu”ların Azərbaycanda da şəbəkələşməsi barədə saysız-hesabsız iddialar var. Bu şəbəkənin başında yüksək çinli məmurların dayandığı deyilir. Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun vəzifədən kənarlaşdırılması da Azərbaycan hakimiyyəti daxilindəki “nurçu” şəbəkənin zərərsizləşdirilməsinin başlanğacı sayıldı. Məlumatlara görə, “nurçu”ların Azərbaycanda şəbəkələşməsi barədə Türkiyə xüsusi xidmət orqanlarının hazırladığı siyahı diplomatik yolla prezident İlham Əliyevə təqdim edilib.
Bu dosyeninin Azərbaycan prezidentinə fevral ayının 7-də Soçidə Qış Olimpiya Oyunlarının açılışına gəlmiş Türkiyənin baş naziri Ərdoğan tərəfindən şəxsən təqdim edilməsi haqqındakı iddilar isə sadəcə jurnalistlərin fantaziyasıdır. Səfirliklərdə bu cür işləri həyata keçirmək üçün fəaliyyət göstərən məmurlar var. Azərbaycandakı “nurçu” şəbəkə haqqında məlumatı da diplomatik toxunulmazlıq çətiri altında fəaliyyət göstərən həmin diplomatın verdiyinə heç bir şübhə ola bilməz.
Əslində “nurçu”ların Azərbaycandakı şəbəkəsi haqqında məlumatın prezident İlham Əliyevə kimin vasitəsilə və necə çatdırılması müzakirə mövzusu olmamalıdır. Bütün müzakirələr bu dini-siyasi təriqətin Azərbaycan iqtidarına necə sızması və bu şəbəkədə kimlərin təmsil olunması haqqında olmalıdır. Çünki mediada “nurçu”larla bağlılığı olan bir çox məmurun adı çəkilir. Bu adlar arasında nazirlər və dövlət şirkətlərinin prezidentlərinin də adı yer alır. “Nurçu”ların Azərbaycan Dövlət Neft Şirkətinin himayəsi altında olması barədə sensasion məlumat da var. Aslanovun vəzifədən çıxarılandan sonra Türkiyə baş nazirinin Azərbaycan prezidentinə zəng etməsi, “nurçu”ların neytrallaşdırılması prosesinə başlandığına görə İlham Əliyevə təşəkkür etməsi haqqında məlumat yayıldı. Məlumata görə, Ərdoğan telefon danışığı zamanı bildirib ki, “nurçu”ların Türkiyədə qanuni hakimiyyətə qarşı basqılarında Azərbaycandakı şəbəkəsinin imkanlarından geniş istifadə edir. Hətta Azərbaycandakı “nurçu” şəbəkənin maliyyə imkanları hesabına Türkiyədə bir neçə güclü QHT, araşdırma mərkəzi, institut yaradılıb, media orqanları təsis edilib.
Azərbaycandakı “nurçu” şəbəkənin Türkiyədə müəyyən layihələri maliyyələşdirmək gücündə olması bu dini-siyasi təriqətin ölkəmizdəki maliyyə imkanlarının geniş olmasından xəbər verir. Bu maliyyə imkanlarının “nurçu”ların nəzarətində olan geniş ticarət və xidmət şəbəkəsi vasitəsilə qazanıldığına diqqət çəkmək isə medianın diqqətindən kənarda qalır və əsas diqqət tamamilə başqa səmtə yönəlir.
Belə ki, “nurçu”ların ayrı-ayrı dövlət qurumlarındakı şəbəkəsindən danışılarkən konkret adlar çəkilsə də, ancaq nədənsə gömrük və vergi orqanlarındakı himayəçilərinin adları çəkilmir. Azərbaycanda bütün idxal-ixrac əməliyyatlarının sərt nəzarət altında olması, bir çox gəlirli biznes sahələrinin inhisara alınmasını nəzərə alsaq “nurçu”ların Azərbaycanda bizneslə məşğul olmasının arxasında gömrük və vergi orqanlarında çalışan yüksək rütbəli məmurların dayandığı qənaətinə gəlmək olar.
Gömrükdəki “nurçu” kimdir?
Adının çəkilməsini istəməyən mənbənin “xeberinfo.com”ya verdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan ən azı iki general “nurçu”lara bağlıdır. Bu şəxlərin kimlər olması haqqında redaksiyamızı bilgiləndirən şəxs onların adlarını açıqlasa da, hələlik gərəkən dəqiqləşdirmələri apara bilmədiyimiz üçün həmin adları açıqlamırıq. İndilik isə onu bildirək ki, məhz həmin məmurların himayəsi “nurçu”lara bir neçə adda malın idxalını öz nəzarətlərinə və tam inhisarlarına almağa imkan verib. Bu isə “Hizmət” hərəkatı və yaxud da “nurçu” dini-siyasi təriqətinə hər il bir neçə yüz milyon manat qazanmaq imkanı yaradıb. Bu pulların bir hissəsi Türkiyə xüsusi xidmət orqanlarının hazırladığı iddia olunan dosyeyə görə Türkiyədə bir neçə güclü QHT, araşdırma mərkəzi, institut yaradılıb, media orqanları təsis edilməsinə xərclənsə də, digər hissəsi Azərbaycanda məmurların ələ alınmasına, sıravi vətəndaşların “nurçu”ların şəbəkəsinə daxil edilməsinə səbəb olub. “Nurçu”lara hər il bir neçə yüz milyon dollar qazanmaq imkanı verən biznesi himayə edən gömrük məmurları haqqında məlumatlarımızı tam dəqiqləşdirdikdən sonra oxucularımızla tanış edəcəyik.
Hələlik isə qeyd etmək istərdik ki, gömrük orqanları ilə yanaşı vergi orqanlarında da “nurçu”ların bizneslərini himayə edən məmurlar var. Hər kəsə məlumdur ki, vergi məmurlarının himayəsi olmadan ölkə daxilində ticarət şəbəkəsi qurmaq faktiki olaraq mümkün deyil. Eyni zamanda ayrı-ayrı xidmət sahələrinin də efektiv fəaliyyət göstərməsi üçün vergi məmurlarının himayəsinə ehtiyac var. Mənbəmizin məlumatına görə, Vergilər Nazirliyinin rəhbərliyində olduğu kimi, paytaxt üzrə Vergi Departamentinin də rəhbərliyində “nurçu”lara bağlı məmurlar var. Onların himayəsi altında isə “nurçu”ların ticarət və xidmət sahələri günü-gündən genişlənir. “Nurçu”ların ticarət və xidmət sahələrini himayə edeən vergi məmurları ilə bağlı məlumatı da dəqiqləşdirməyə çalışırıq və tam hazır olduqdan sonra oxucularımıza təqdim edəcəyik.
Hələlik isə qeyd edək, martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) qalib gəlməsi “nurçu”lara qarşı mübarizənin daha da güclənəcəyindən xəbər verir. Bu isə onu deməyə imkan verir ki, istər Türkiyədə, istərsə də Azərbaycanda “nurçu”lara qarşı mübarizə yeni vüsət alacaq. Ekspertləri düşündürən məsələ isə dövlət aparatının “Hizmət” hərəkatı adlı dini-siyasi təriqətin nümayəndələrindən təmizlənib, təmizlənməyəcəyidir. Çünki, bir neçə nəfərin vəzifəsindən çıxarılması bu qüdrətli təriqət üçün böyük zərbə ola bilməz.
Atilla