Müxalifətin seçki taktikası -ABŞ səfirliyi məsləhət bilsə, AXCP və Müsavat seçkilərə qatılacaq
Prezident seçkilərini boykot edən müxalifət birgə mitinqlərə qərar verib.
Yenixeber.org: Milli Şura Müsavat partiyası və ReAL hərəkatı ilə birgə mitinqlər təklif edib. Müsavat partiyası bu təklifə müsbət reaksiya verib. ReAL hərəkatı isə mitinqlərə təşkilatçı kimi qoşulmayacağını bəyan edib.
Hər seçki dönəmində Müsavat partiyası ilə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP arasında bu tip birliklərin olması və sonradan bir-birilərinə ittiham səsləndirməsi müşahidə edilir.
Müxalifətin boykot taktikası və mitinqlər elan etməsi barədə politoloq Elşən Manafov Yenicag.az-a danışıb:
“Prezident seçkilərinə qatılıb-qatılmamaq hər bir siyasi partiyanın müstəsna hüququdur. Partiyalar belə bir qərarın qəbul edilməsində müstəqildirlər. Əvvəlki seçkilərdə də bu partiyalar prezident seçkilərini boykot etmişdilər. Ancaq o dönəmdə də bu boykot baş tutmamışdır. İki partiyanın cəmiyyətə belə bir müraciəti heç də Azərbaycanda keçiriləcək prezident seçkilərinin legitimliyini, hüquqiliyini şübhə altına almayacaq. Düşünürəm ki, boykot taktikası seçkilərə xələl gətirməyəcək. Yalnız ATƏT-in İnsan haqları bürosunun bu seçkilərlə bağlı bir qayda olaraq qərəzli, sifarişli qərarları olur. İstər beynəlxalq güclər, istərsə də region dövlətləri tərəfindən bu seçkinin legitimliyi tanınacaq. Azərbaycan qanunvericiliyinə görə, hakimiyyətin mənbəyi xalqdır. Bu və ya digər dövlətin seçkiləri şübhə altına alması, seçkilərə fərqli münasibəti əslində, bu məsələdə ciddi əhəmiyyət kəsb etmir. AXCP və Müsavat partiyasının seçkilərə qatılmamasının əsas səbəbi kifayət qədər maliyyə resurslarının olmamasıdır. Bundan başqa, Azərbaycanda narazı elektaratın bu partiyalara etimadı əvvəlki gücdə, səviyyədə deyil. Bu partiyaların zaman-zaman boykot qərarı heç bir nəticə verməyib”.
ReAL hərəkatının seçki ilə bağlı mövqeyinə gəldikdə isə politoloq bildirib ki, ReAl Hərəkatının konkret hansı gücə malik olması barədə fikir söyləmək çətindir:
“ReAL hərəkatı əvvəllər heç bir seçkidə iştirak etməyib. Buna görə də ReAL-ın hansı gücə malik olmasını heç kim bilmir. Əgər ReAL seçkilərə qatılsaydı, ortaya hansısa nəticə qoysaydı, o zaman Hərəkat haqqında hansısa fikir söyləmək olardı. ReAl hərəkatı siyasi partiya deyil. O, nə ictimai təşkilat, nə də siyasi partiya kimi Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməyib. Bu mənada ReAL lideri seçkilərə qatılsaydı da belə, bunu fərdi şəkildə edəcəkdi. ReAl hərəkatı sistemdən kənar müxalifətdir”.
Müsavat və Milli Şuranın birgə mitinqləri barədə danışan Elşən Manafov qeyd edib ki, Müsavat və AXCP Azərbaycanın siyasi həyatında kifayət qədər nüfuzu olan partiyalardır:
“2003-cü ilin prezident seçkilərində Müsavat lideri İsa Qəmbər rəsmi rəqəmlərdə 22% səs qazanmışdı. Milli Şuranın təmsilçisi Cəmil Həsənli ötən seçkidə 200 mindən yuxarı səs qazanmışdı. Bu iki partiya Azərbaycanda narazı elekteratın əhəmiyyətli hissəsini özündə cəmləşdirə bilirlər. Faktlar var, seçkilərdə iştirak ediblər. ReAl isə mifik bir qüvvədir. Seçkidə iştirak etməyib. ReAl hərəkatı mitinqə hansı qüvvə ilə qoşulacaqdı? ReAl-ın Avropa İttifaqının nəzər-diqqətində olan liderinin imkanları və gücü Müsavata, AXCP-yə lazım idi, əks halda, ReAl-a müraciət ünvanlanmazdı. Yaxşı halda Milli Şura və Müsavat mitinqlərə 20 mindən çox adam toplaya bilməyəcəklər. Azərbaycan müxalifətinin ən ciddi uğuru 2003-cü il prezident seçkilərində olub. O zaman Müsavat lideri Qələbə meydanına 150 mindən çox adam toplaya bilirdi”.
Seçki ərəfəsində birləşib, seçkilərdən sonra yola getməyən Müsavat və AXCP-nin bu addımı atmasına gəldikdə isə politoloq qeyd edib ki, bu addımın səbəbi gündəmdə qalmaqdır:
“Müsavat partiyasının və Milli Şuranın seçki ilə bağlı məlum qərarı Azərbaycan reallıqlarına söykənmir. Əminəm ki, adıçəkilən qüvvələr ABŞ-ın Azərbaycandakı səfirliyinə dəvət alsalar, qısa zaman kəsiyində seçkilərə qatılmaqla bağlı qərar qəbul edəcəklər”.
Səxavət Məmməd