Qarabağ münaqişəsi 2017-ci ildə– RƏY
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan tərəfindən uğurlu siyasi addımlar atılıb
Yenixeber.org: Bu barədə “2017-ci il Dağlıq Qarabağ məsələsinin həllinin yekunları” ilə bağlı sorğusunu şərh edərkən Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov bildirib.
“Bildiyimiz kimi, 2017-ci ilə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Kazan prinsipi, Madrid prinsipi, BMT-nin 4 qətnaməsi və s. ibarət bir neçə paket olub. Bu prinsiplər kontekstində 2017-ci ildə bir aktivləşmə başladı ki, bu da dövlət başçısının həyata keçirdiyi düzgün siyasətin bəhrəsi idi. Bu baxımdan, cari ili Qarabağla bağlı dövlət siyasətimiz üçün uğurlu hesab etmək olar.
Etiraf etmək lazımdır ki, Ali baş komandan, prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən 2016-cı il aprel döyüşlərinin nəticələri olaraq, Azərbaycan həm xarici siyasətində, həm danışıqlar masası arxasında bir avantaj əldə edib. Faktiki olaraq, cənab prezidentin timsalında Azərbaycan xalqının iradəsi göstərilib. Azərbaycan tərəfi Qarabağ məsələsinin istənilən formada həllinə hazır olduğunu nümayiş etdirib”, - deyə politoloq vurğulayıb.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində məhz ABŞ-ın aktivliyinin daha güclü müşahidə olunduğunu qeyd edib.
“2017-ci il Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ xüsusi aktivlik göstərib. Qeyd edim ki, ABŞ-ın mövqeyinin Rusiyanın mövqeyini üstələməsi üçün ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Qarabağ məsələsinin həlli istiqamətində kifayət qədər aktivlik göstərib. Hoqland vəzifəsini tərk edərkən, özündən əvvəlki həmsədrin - Ceyms Uorlikin hazırladığı prinsiplərə bir az “əl gəzdirmək” lazım olduğunu açıqlayıb. Hoqlandın açıqladığı variantın ermənipərəst olmasına baxmayaraq, Ermənistan tərəfi onu qəbul etmədi.
Xatırladaq ki, 2009-cu ildə həmsədr ölkələrinin prezidentləri Nikolya Sarkozi, Dmitri Medvedyev və Barak Obama tərəfindən imzalanmış yenilənmiş Madrid prinsipində birinci maddə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması idi. Lakin 2014-cü ildə Ceyms Uorlik statusun müəyyən olunması maddəsini ərazinin qaytarılması məsələsindən qabağa çıxardı. Hoqland da bu variantı açıqladı, lakin ritorikanı elə etdi ki, yeni variant Azərbaycanın xeyrinə oldu.
Hoqlanddan sonra ABŞ Endrü Şeferi yeni həmsədr təyin etdi. Yeni həmsədr də öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xüsusi aktivlik göstərməklə, ABŞ-ın mövqeyini ön plana çəkdi. Beləliklə də, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya ilə ABŞ arasında rəqabət başladı.
ABŞ-ın göstərdiyi bu aktivlik ilin sonlarında özünü göstərdi. Avropa İttifaqının Brüssel sammitində noyabrın 24-də “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin hamısının ərazi bütövlüyü, dövlət suverenliyi, sərhədlərinin toxunulmazlığına dəstək bəyannaməsi imzalandı. Azərbaycan da “Şərq Tərəfdaşlığı proqramına üzvdür. Bu, o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü qədər qiymətlidir.
Bu sammitdən cəmi 2 həftə sonra Avstriyanın Vyana şəhərində ATƏT-in Nazirlər Şurasının iclası baş tutdu. ATƏT həmsədr ölkə nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ayrıca sənəd qəbul etdilər. Sənədə əsasən, prezidentlərin Cenevrə görüşü dialoqların bərpa edilməsi deməkdir. Bu da Azərbaycan prezidentinin birbaşa mövqeyinin ATƏT-in Minsk qrupunun nümayəndə heyəti başçılarının Vyana görüşündə imzaladığı sənədə salınması deməkdir”, - deyə M.Əhmədoğlu bildirib.
Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sözlərinə görə, cari ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş qeydə alınmayıb
“2016-cı il aprel döyüşlərindən sonra böyük dövlətlərin, nəhayət ki, Ermənistan hakimiyyətinə təzyiq edib danışıqlar prosesində müsbət nəticələrə nail olacağı ilə bağlı gözlənti vardı.
Lakin bu ümidlər özünü doğrultmadı. Nə bu il, nə də ötən il bu istiqamətdə baş tutan görüşlər nəticə verdi. Beləcə, 2018-ci ilə daxil oluruq. Cəbhə bölgəsində gərginlik davam edir.
Düşünmürəm ki, gələn il də xüsusi bir dəyişiklik olsun. Belə ki, böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq etmək istəmirlər”, - deyə politoloq bildirib.