Kral Salman Moskvaya təşrif gətirir– TÜRKIYƏ-İRAN İTTİFAQININ YÜKSƏLMƏSİ SƏUDİYYƏ ƏRƏBİSTANINI NARAHAT EDİR - Təhlil
Şəhab Makahlə
“Al-Arabiya” (Səudiyyə Ərəbistanı)
Yenixeber.org: Səudiyyə Ərəbistanı kralı Salman oktyabrın 4-7-də Rusiya prezidenti Vladimir Putin və yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşlər aparmaq üçün Moskvaya yollanan rəsmi nümayəndə heyətinə rəhbərlik edəcək.
Səfər vəliəhd-şahzadə Məhəmməd bin Salmanın müdafiə naziri qismində Rusiya prezidenti Vladimir Putinlə Rusiyaya ilkin uğurlu səfərlərindən sonra bir neçə dəfə təxirə salındığından əhəmiyyət kəsb edir.
Kralın Rusiyaya səfəri zamanı bir sıra mühüm paktların imzalanması gözlənilir ki, bu da əsasən Moskvanın İslam dünyasında öz siyasi imicini daha da gücləndirməyə yönəlib. Moskva, Saddam Hüseynin Küveytdən çəkilməsinə razılıq, keçmiş Liviya lideri Müəmmər Qəddafiyə məsləhət verməklə, onilliklər ərzində bir çox Yaxın Şərq münaqişələrində vasitəçi olmağa cəhd edib.
Rusiya – qütb növbələşməsi
Kral Salmanın Moskvaya səfəri göstərir ki, Səudiyyə Ərəbistanı iki supergüc – ABŞ və Rusiya ilə münasibətləri balanslaşdırmağa çalışır.
Səfərin əhəmiyyəti Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskovun bu bəyanatından irəli gəlir ki, "Səudiyyə Ərəbistanı ərəb məsələlərində əsas rol oynayan ölkədir. O, Ərəb Dünyasında liderdir. Rusiya rəsmi Riyadla ortaq narahatlıq doğuran, o cümlədən Yaxın Şərqdə və xüsusilə Suriyada mövcud vəziyyətlə bağlı dialoqun gücləndirilməsini istəyir".
Siyasi baxımdan, Səudiyyə Ərəbistanı Bəşər Əsədə qarşı Suriya müxalifətini dəstəkləyib. Səudiyyə hökuməti Suriya müxalifətini ölkəsini xilas etmək və barışıq prosesini başlamaq üçün düşünməsini istəyir. Rusiya inanır ki, Suriya ordusuna hərbi dəstək güc balansını dəyişib və o, dörd hərbisizləşdirilən zonanın yaradılması ilə müharibəni sona çatdıra biləcəyini düşünür.
Bu müvəffəqiyyət amerikalıların siyasi-hərbi varlığının azaldıldığı bir zamanda, səudiyyəlilər tərəfindən rusların Yaxın Şərqin gələcəyində oynaya biləcəyi rolun göstəricisi kimi nəzərdən keçirilib. Üstəlik Yaxın Şərqdəki dövlətlərin şərqə – Çin və Rusiyaya doğru yola almasına səbəb olub.
Bundan başqa, Səudiyyə kralı Moskvanın Qətər və İranla əlaqələrinə toxunacaq. Moskva öz köhnə müttəfiqlərini yeniləri ilə əvəz etməyi düşünməsə də, Rusiya və Səudiyyə Ərəbistanı iqtisadi əlaqələri yaxşılaşdırmağa çalışır.
Qətər məsələsinin digər Körfəz Əməkdaşlığı Şurası (KƏŞ) ölkələri ilə əlaqəli olmasına baxmayaraq, Rusiya bu münaqişədə də vasitəçi olacaq. Ancaq rusların fikrincə, səudilər bölgədə hər səviyyədə faydalı olacaq böyük bir dəyişikliyə yol açır.
Gündəmdəki məsələlər arasında İranın Yəmən, İraq, Suriya və Qatar kimi ərəb bölgələrində təsiri də var.
Səudilər hesab edir ki, İranı strateji tərəfdaş etdikləri üçün ruslar bir gecədə Tehrana qarşı mövqeyini dəyişdirməyəcək. Türkiyə-İran ittifaqının yüksəlməsi də Səudiyyə Ərəbistanının narahat olduğu bir məsələdir.
Suriya ssenarisi
Digər tərəfdən, ruslar Səudiyyə hökumətinin İraq, Suriya və Yəməndən başlayan bəzi regional məsələlərə dair mövqeyinin daha aydın olmasını istəyir.
Moskva hesab edir ki, Cenevrə və Astan konfransları sonrasında konsensus əldə etmə üçün Suriya məsələsinin ən yaxşı həlli keçid orqanıdır. O, demokratik mərkəzdən kənarlaşdırma və ya plüralist mərkəzsizləşmə formulları vasitəsilə Suriya xalqının, Suriya dövlətinin və prezidentinin gələcəyinə dair qərar verəcək. Bu, Rusiya səlahiyyətlilərin Səudiyyə səlahiyyətlilərinə çatdırdığı mesajdır.
Son iki il ərzində Moskva bir çox ərəb liderləri, yəmənlilər, iraqlılar, kürdlər, türklər və Şimali Afrika səlahiyyətliləri ilə Yaxın Şərq məsələlərini həll etmək üçün vasitəçilik məsələlərində siyasi mərkəzi halına gəlib.
Putin və vəliəhd-şahzadə
Mayın 30-da Putin şahzadə Məhəmməd bin Salmanı Kremldə qəbul edib. Həmin görüşdə hər iki ölkə rəhbəri öz hökumətlərinə neft, habelə bərpa olunan enerji və infrastruktur layihələri daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığı dəstəkləmək üçün yaşıl işıq yandırıb.
Vəliəhd-şahzadənin Moskvaya səfəri 30-dan çox ərəb və müsəlman liderlə görüşən ABŞ prezidenti Donald Trampın mayın 21-də Riyada səfəri ilə ahəngdar idi.
Bu bir neçə gün əvvəl isə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr “Sputnik” xəbər agentliyinə verdiyi müsahibəsində təkrarlayıb ki, kral Salmanın səfəri tarixi olacaq. "Çünki bu, iki ölkə arasında əlaqələrin və məsləhətləşmələrin dərəcəsini simvollaşdırır. Hər iki ölkə bir-birinə analitiklərin düşündüyündən daha çox diqqət yetirir". Bu bəyanat Səudiyyə hökumətinin Riyad və Moskva arasındakı münasibətləri nə qədər uzaqlaşdırmağa çalışdığını göstərir.
İqtisadi əməkdaşlıq
Səudiyyə naziri mədəni, təhsil, elmi əlaqə əməkdaşlığının inkişaf etdirilməsindən başlayaraq iki ölkənin iqtisadiyyatına maliyyə investisiyalarının artırılmasına, eləcə də regionda ekstremizm və terrorizmə qarşı mübarizə sahələrini genişləndirilməsinə qədər səfrin məqsədlərini vurğulayıb.
İqtisadi cəbhədə Rusiya şirkətləri ilə bir sıra anlaşma memorandumları imzalanacaq. "Saudi Aramco" və "Saudi Basic Industries Corp" (SABIC) Rusiyanın ən böyük neft-kimya şirkəti olan CIBOR ilə ortaq memoranduma imza atacaq və iki ölkədə neft-kimya zavodlarının qurulması imkanlarını müzakirə edəcəklər.
Səudiyyə Ərəbistanı və Rusiya – dünyanın ən yaxşı neft istehsalçısı keçən il OPEK və qeyri-OPEK istehsalçıları arasında qlobal hasilatı azaltmaq və qiymətləri artırmaq üçün sıx şəkildə çalışıb. Səudiyyə Ərəbistanı ilə Rusiyanın ən böyük qeyri-dövlət qaz istehsalçısı arasında digər sazişlərin imzalanması gözlənilir. Həmçinin qaz sektorunda investisiya imkanları müzakirə olunacaq.
Moskva və Riyad neft-kimya sənayesində və LNG-lərdə (maye qaz) birgə layihələr keçirməyi planlaşdırırlar ki, bu səfərlə “Rosneft” və “Aramco”nun böyük layihələrə imza atacağı gözlənilir. Rusiyanın federal fondu, energetika və infrastruktur sektorlarında yeni investisiya platformasının qurulması daxil olmaqla, Səudiyyə Ərəbistanındakı əsas rus layihələri ilə bağlı Riyadla danışıqların son mərhələsində iştirak edir.
Səudiyyə Ərəbistanı 2015-ci ildə Rusiya ilə nüvə əməkdaşlığı üçün ön razılaşma imzalayıb. Səltənət yaxınlarda 2.8 GW gücündə ilk nüvə elektrik stansiyası qurmağı planladığını açıqlayıb.
Rusiya liderləri Yaxın Şərqdə hər hansı qütbləşmənin qarşısını almaq üçün strateji alət qazanmağı hədfləyirlər. Baxmayaraq ki, Suriya istisna olmaqla, bir çox ərəb ölkələri ötən əsrdə müstəqillik əldə etdikləri üçün qərbpərəstdir və onların qısa müddətdə siyasi mövqe dəyişməsi çox çətindir.
Kralın bu böhranlı dövrdə Moskvaya səfəri göstərir ki, Rusiya Yaxın Şərqdəki mövcudluğunu sübut edib və özü də Rusiya-Ərəb əlaqələrində Riyadın siyasi və strateji statusuna əhəmiyyət verir.
Tərcümə: (Strateq)