Kürdüstandan sonra Kataloniya, növbədə haradır?
Avropanın iri dövlətləri separatizm təhlükəsi ilə üz-üzə; ard-arda keçirilən referendumlar erməni separatçılarını da həvəsləndirə bilər...
Yenixeber.org: İspaniyanın Kataloniya bölgəsində oktyabrın 1-də keçirilən referendumda müstəqillik tərəfdarları qalib gəlib. Səsvermə hüququ olanların 42 %-i referendumda iştirak edib və onların da 90%-i müstəqilliyin lehinə səs verib. İspaniya hökuməti isə referendumu qeyri-qanuni hesab edib, polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün tədbirlər görüb.
Azərbaycan Xarici İşlər Nazirliyi dünən Kataloniya bölgəsində keçirilən referenduma münasibət bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir: “Biz mövcud vəziyyətin İspaniyanın Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq”.
Kataloniyadakı referendumun hansı siyasi nəticələr doğuracağı hələ bəlli deyil. Lakin İspaniya mətbuatı ölkə daxilində parçalanma yaratmaq istəyən xarici qüvvələrin mövcudluğuna əmindir. Mətbuat Rusiyanın Kataloniyadakı situasiyanı qızışdırmaq üçün əlindən gələni etdiyini, bunun üçün sosial şəbəkələrdə təbliğat vasitələrini işə saldığını yazır.
“Kataloniya böhranında Rusiyanın başqa ölkələrin işlərinə qarışmaq mexanizmləri tam gücü ilə çalışıb”, - “El Pais” qəzetinin jurnalisti David Alandete araşdırma yazısında qeyd edib. “Rusiya ABŞ və Avropa Birliyini daha da zəiflətmək istəyir. Buna görə də Kataloniya böhranından əməllicə istifadə etmək niyyəitindədir”, -məqalədə bildirilir.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev isə bildirib ki, əgər İspaniya hökuməti əvvəlki kimi katalonları separatçı saysa, tərəflər arasında konflikt dərinləşəcək.
Rusiya rəsmisi Kataloniyaya dəstək verməklə yanaşı, Dağlıq Qarabağ məsələsi barədə də separatçıların xeyrinə danışıb: “Eyni formada öz müqəddəratını müəyyən etmək haqqına Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya xalqları malik olublar. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiyaya münasibətdə hərbi güc tətbiq edilib. Saakaşvilinin 2008-ci ildə hərbi avantürası Cənubi Osetiya və Abxaziya xalqlarının öz müqəddəratını təyinetmə haqqını geridönülməz etdi. Bu məsələni Kişinyov və Bakıda da xatırlamalıdırlar.
Nə qədər ki, gec deyil, İspaniya və digər analoji problemlərlə üz-üzə qalan ölkələr cəld şəkildə xatırlamalıdırlar ki, öz xalqı ilə savaş dövlətin möhkəmlənməsi çox, onun süqutu ilə nəticələnəcək. Dövlət öz vətəndaşları ilə danışmağı bacarmalıdır. Bunu bizim Rusiyada etdiyimiz kimi etmək lazımdır".
Göründüyü kimi, ölkələrin daxilində parçalanma və müstəqil dövlət yaratmaq kimi güclənən tendensiyaya Rusiya tərəfindən faktiki dəstək ortaya qoyulur. Ekspertlər hesab edir ki, separatçıları və separatizmə dəstək verənləri son bir həftədə İraqın Kürdüstan bölgəsində, ardınca isə İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumlar həvəsləndirib.
Elşən Mustafayev bildirdi ki, başqa xalqların öz müqəddəratlarını həll etməsi Qarabağ ermənilərini haqlı etmir: “Çünki ermənilər öz müqəddəratlarını bir dəfə həll edib, Ermənistan dövlətini qurublar. Odur ki, onların qondarma ”DQR"i müstəqil dövlət kimi tanıtdırmaq istəməsi “müqəddərat həll etmə” qrafasına girmir. Ona qalsa, dünyanın harasında ermənilər kompakt yaşayırsa, məsələn, Cavaxetiya, Stavropol, Kaliforniya və digər bölgələrdə “öz müqəddaratlarını həll etmək” istəyə bilərlər. Bu baxımdan, Qarabağ separatizmi ilə digər ölkələrdəki separatizm hərəkatlarını eyniləşdirmək olmaz. Son 1 həftədə həm İraqın Kürdüstan bölgəsində, həm də İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumların mahiyyəti eyni olsa da, fərqli-fərqli coğrafiyada yaşayan fərqli insanların referendumu kimi dəyərləndirilir. Amma hər iki referendum İraqın və İspaniyanın iradəsindən kənar keçirildiyinə görə və konstitusiya məhkəmələrinin bu addımın qanunsuz olduğu ilə bağlı qərarlar verdiyi üçün hüquqi cəhətdən heç bir qüvvəyə malik deyil. Buna baxmayaraq, baş verən hadisə İraq və İspaniya daxil olmaqla, bir çox dövlətləri ciddi narahat edib. Bu presedent digər dövlətlərdə də separatçı meyllərin güclənməsinə səbəb ola bilər. Qarabağla bağlı məsələ də məhz bu şəkildə qanunsuz referendumun keçirilməsindən sonra yaranıb və bu günə qədər həll olunmamış qalıb. Ona görə də son hadisələr Avropa dövlətlərini separatçı güclərlə, o cümlədən Dağlıq Qarabağla bağlı mövqelərini qəti olaraq ortalığa qoymağa məcbur etməlidir. Konstantin Kosaçevin dediklərinə isə təəccüb etmirəm. SSRİ dağılandan sonra postsovet məkanında bütün qaynar nöqtələrin yaranmasında, separatçı qüvvələrin dəstəklənməsində Rusiya həmişə öndə olub. Bunu artıq dövlət siyasətinə çeviriblər. Amma onlar odla oynayırlar. Rusiya ərazisinə görə dünyanın ən böyük dövləti olmaqla yanaşı, həm də bu ərazidə kompakt şəkildə yaşayan çoxlu sayda millətlərin məskunlaşdığı federasiya subyektlərinə malikdir. Bu gün Rusiyanın dəstəklədiyi separatizm istənilən vaxt, istənilən subyektində baş qaldıra bilər. 90-cı illərdə 10 ildən artıq müddətdə Şimali Qafqaz xalqlarının Rusiyanı hansı hala saldıqlarını unutmasınlar. Bütün dünyanın gözü qarşısında Kremldə Çeçenistan rəhbərinin prezident Yeltsini necə aşağıladığını da görmüşük. Bu gün vəziyyət dəyişibsə, bu, nisbidir. Gələcəkdə belə halların baş verməyəcəyini heç kim, xüsusilə Rusiya deyə bilməz. Hesab edirəm ki, ağıllı dövlət nəinki separatçı qüvvələrin yaradılması ilə məşğul olmalıdır, əksinə, dünyada bu hallara qarşı mövqeyini dərhal ortaya qoymalıdır".
Konfliktoloq Əvəz Həsənov isə bildirdi ki, Kürdüstan və Kataloniya münaqişələri dövlətlərin onlara münasibəti baxımından fərqlidir: “Bu münaqişələri Qarabağ münaqişəsi ilə eyniləşdirmək olmaz. Kürdüstan referendumuna ABŞ və digər ölkələr açıqda razı olmasalar da ona üstüörtülü dəstək göstərirlər. Ona görə də Kürdüstan referendumu region ölkələrini yeni siyasi xətt ilə üz-üzə qoymaq üçün maraqlı dövlətlər üçün ”yaxşı" strategiyadır. Kataloniya problemi də demokratik Avropada belə birmənalı qarşılanmır. Əvvəla, Kataloniya İspaniyanın ən zəngin və sənaye bölgələrindən biridir. Kataloniyanın muxtar vilayət statusunun islahatının aparılması ilə bağlı hazırlanan təklif 2005-ci ildən bu yana Madrid tərəfindən gecikdirilir. Bu arada Kataloniya Avropa Birliyi ilə də dialoqa girərək bu prosesi tezləşdirməkdə Madridə təzyiq göstərilməsini istəyirdi. İndi İspaniyanın zəiflədiyi və ölkədə korrupsiya nəticəsində yaranan krizis fonunda avropalıların də mövqeyi birmənalı olmayacaq. Lakin onlar Avropa Birliyinə üzv olan ölkənin dağılmasında maraqlı deyillər. Kataloniya referendumundan çox Kürdüstan referendumunun Dağlıq Qarabağ probleminə təsiri böyük ola bilər. Kürdüstan öz müstəqilliyini işğal olunmuş torpaqlar üzərində qurub. Ermənilər də Azərbaycan ərazilərini işğal ediblər. Kürdlərin müstəqilliyinin tanınması Dağlıq Qarabağ ermənilərinə ona görə sərf edir ki, onlar keçmiş SSRİ ölkələrində mövcud olan konfliktlərdən başqa digər bölgələrdə də müstəqillik qazanan subyektlərlə əməkdaşlıq edə bilərlər. Kürdlərlə əlaqələrin qurulması onlara çətin olmayacaq. Kürdüstan məsələsi separatçı rejimlərə yeni nəfəs verib. Kataloniyanın ardınca yaxın günlərdə ola bilsin ki, Basq ölkəsi və Kanadanın Kvebek bölgəsində də referendumlar keçirilsin".
Etibar SEYİDAĞA