Hakimiyyət daxilində növbəti “atışma”
«Naxçıvan qruplaşması»ndan Paşayevlərə «Elmar Məmmədyarov atəşi»
"Xeberinfo.com": “Mən prezident seçkilərində də söyləmişdim, təəssüf ki, xarici işlər naziri bu hökumətin tərkibində ən bacarıqsız nazirlərdən biridir. Bu gün də bunu bir daha təkrar edirəm ki, onun davranışından tutmuş verdiyi açıqlamalara və səfirlikləri idarəetmə qabiliyyətinə qədər heç nə yerində deyil”.
Bu sözləri deputat Qüdrət Həsənquliyev diplomatların Bakı toplantısı, Azərbaycanın diplomatiyası və Xarici İşlər Nazirliyinin fəaliyyəti barədə moderator.az saytının suallarına cavab verərkən deyib. Deputat xarici işlər naziri Elmar Məmmədyarovu tənqid atəşinə tutmaqda davam edərək bildirib: “Məsələn, o, erməni həmkarı Nalbəndyanla yan-yana duranda düşmən ölkə diplomatı çox ciddi görkəm alır, elə poza verir ki, sanki Ermənistanın torpaqları işğal altındadır, amma bizim nazir gülür və səbəbsiz yerə çiyinlərini yellədir. Hər halda onun davranışları qıraqdan müşahidə edən heç kimə yaxşı görsənmir. Yəni bu adamın sifətinin ifadəsindən tutmuş açıqlamalarınadək heç nə yerində deyil.
Sadəcə olaraq söyləmək istəyirəm ki, onu Bakıda başqa bir işə keçirmək olar. Amma bu sahədə hökumətin ən uğursuz nazirlərindən biri kimi o əvəzlənməlidir".
Qüdrət Həsənquliyev Azərbaycanın səfirlərini də hədəfə də alıb: “Səfirlərimizin də böyük bir qismi elə nazirin özü kimi yerində olmayan adamlardı. Həm ATƏT Parlament Assambleyasında, həm AvroNest çərçivəsində xaricə çoxsaylı səfərlərim olur, mən bunu görürəm və bir çox səfirlər sanki səfirliklərin binalarını öz bizneslərini qurmaq istiqamətində kommersiya məqsədləri üçün istifadə edirlər. Hətta onların bir çoxu Azərbaycan haqqında kiçik bir həqiqəti fəaliyyət göstərdikləri ölkənin heç aparıcı mediasında demirəm, orta səviyyəli mətbu orqanında dərc etdirmək imkanında deyillər...
Bizim səfirlər əgər Bakıdan xüsusi bir tapşırıq olmasa onların faktiki fəaliyyəti sıfıra bərabər olur, yalnız ildə bir dəfə Respublika Gününü müəyyən adamları çağırıb qeyd etməkdən başqa əllərindən bir iş gəlmir, əksəriyyətinin işi də bununla məhdudlaşır. Bunlar nəinki fəaliyyət göstərdikləri ölkə ilə, heç öz diasporlarımızla normal əlaqə qura bilmirlər. Baxın, əksər diaspor təşkilatlarıyla səfirliklərimizin münasibətləri münaqişə həddindədir".
Qüdrət Həsənquliyev əlavə edib ki, onun Elmar Məmmədyarovla şəxsi mənada heç bir problemi yoxdur. Bu sadəcə nazir haqqında onun mövqeyidir. Lakin ekspertlər hesab edir ki, Qüdrət Həsənquliyevin Elmar Məmmədyarovu hədəfə alması hakimiyyət komandasında qruplararası savaşın tərkib hissəsidir. Onlar hökumətyönlü Qüdrət Həsənquliyevin müstəqil şəkildə Ilham Əliyevin xarici siyasətini bu sayaq sərt şəkildə tənqid etməsini inandırıcı saymırlar. “Elmar Məmmədyarov 2004-cü ildən xarici işlər naziridir. Ölkə başçısı 10 ildir bu şəxsə etimad göstərir. Deməli, Elmar Məmmədyarovu, onun fəaliyyətini tənqid etmək, Ilham Əliyevi və onun xarici siyasət kursunu tənqid etmək anlamına gəlməlidir. Bu əslində hakimiyyətin, daha konkret Ilham Əliyevin xarici siyasətində uğursuzluğunu açıq şəkildə bəyan etməkdir. Qüdrət Həsənquliyevin müstəqil şəkildə belə mövqe sərgiləməsi, özfəaliyyətlə məşğul olması ağlabatan deyil”, deyə ekpertlər bildirir.
Qüdrət Həsənquliyev və Elmar Məmmədyarov hakimiyyət komandasında bir-birinə əks qruplarda təmsil olunurlar. Elmar Məmmədyarovun Paşayevlərin komandasını təmsil etdiyi bildirilir. Qüdrət Həsənquliyev isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxildir və deməli, “Naxçıvan qruplaşması”nın təmsilçisidir. Bu qruplar arasında zaman-zaman ziddiyyətlər baş qaldırıb. Indinin özündə də Paşayevlərlə “Naxçıvan qruplaşması” arasında münasibətlər gərgindir. “Naxçıvan qruplaşması”nın konkret olaraq “Elmar Məmmədyarov atəşi”nin səbəbi dəqiq bəlli deyil. Belə ehtimallar var ki, Azərbaycanın seçim qarşısında olduğu bir ərəfədə “Naxçıvan qruplaşması” hakimiyyətin xarici siyasətinə nəzarəti də öz əlinə keçirmək istəyir.
Son olaraq qeyd edək ki, Qüdər Həsənquliyevin Elmar Məmmədyarov və səfirlər haqqında səsləndirdiyi tənqidlərlə bağlı XIN-in mövqeyini öyrənmək mümkün olmayıb.
Azadlıq