İslahatlar və vitse-prezidentlərin təyinatı niyə yubanır?
NATİQ ƏMİROVUN "KÖLGƏYƏ" ÇƏKİLMƏSİNİN SİRRİ
Xeberinfo.com: Neftin qiymətinin düşməsindən sonra ölkədə başlayan və hələ də davam edən iqtisadi böhran, maliyyə problemləri hökuməti müəyyən islahatlar həyata keçirmək zərurəti ilə üz-üzə qoydu. Həm birinci devalvasiyadan, həm də ötən ilin dekabrında reallaşdırılan ikinci devalvasiyadan sonrakı ilk aylarda hakimiyyət mənsublarının ictimaiyyətə yönəlmiş açıqlamalarında geniş və təsirli iqtisadi islahaların aparılacağına dair vədlər əsas yer tuturdu.
Bu istiqamətdə müəyyən addımlar da atıldı. Ölkədə oxşar funksiyaları icra edən bəzi qurumlar ləğv edildi, bəziləri isə vahid qurumda birləşdirildi. Milli Bank, Tələbə Qəbulu üzrə Dövlət Komissiyaı, bir neçə qurumun birləşdirilməsi ilə yeni yaradılan Maliyyə Nəzarət Palatası publik şəxsə çevrildi. Təhsil, Mədəniyyət nazirliklərinin rayon şöbələri ləğv olunaraq, regional idarələr yaradıldı. İdarəetmədə şəffaflığın təmin olunması yönündə addımlar atıldı, fəaliyyət üçün lisenziya tələb olunan sahələrin sayı azaldıldı. Bir cox sahələrdə lisenziyaların verilməsi “Asan Xidmət”ə tapşırıldı. Sahibkarların maliyyələşdirilməsini sadələşdirmək və şəffalığı təmin etmək məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradıldı və sair.
Bundan əlavə bəzi dövlət qurumlarında, o cümlədən gömrükdə şəffaflığın təmin olunması, “paket”lərin ləğvi, yüksək çinli məmurların nəzarətində olduğu üçün vergidən yayınan obyektlərin vergiyə cəlb olunması və sair istiqamətlərdə müəyyən addımlar atıldı.
Hakimiyyət islahatları dərinləşdirməkdə maraqlı olduğunu göstərmək üçün bu ilin yanvarında Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi postunu təsis etdi. Bu vəzifəyə həmin vaxtadək vergilər nazirinin birinci müavini olan, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov təyin edildi.
N.Əmirov vəzifəsinin icrasına gözlənildiyindən daha səs-küylü başladı. Bir sıra məsələlərlə bağlı ciddi açıqlamalar verən N.Əmirovun fikirləri də, hakimiyyətin bəzi sahələrdə kardinal dəyişikliklər həyata keçirmək niyyətində olduğu qənaətini formalaşdırdı.
Məsələn, onun “The Financial Times” qəzetində dərc olunan “İlham Əliyev gömrükdə korrupsiyanın kökünü necə kəsdi” başlıqlı məqaləsi ölkədə böyük səs-küy, komanda daxilində isə açıq qıcıq yaratdı. Natiq Əmirovun müsahibəsi əsasında hazırlanan həmin məqalədə prezidentin yeni köməkçisi ölkədəki əsas iqtisadi strukturlardan birində böyük miqyaslı korrupsiyanın olduğunu etiraf etdi. O, ilk yüksək rütbəli Azərbaycan məmuru idi ki, belə bir faktı açıqlayırdı. Üstəlik bunu xarici KİV-ə müsahibəsində açıqlamaq cəsarəti göstərməsi N.Əmirova həm də ciddi səlahiyyətlər verildiyindən xəbər verirdi.
Natiq Əmirov həmin müsahibəsində gömrükdəki “qara kassa”nın ləğv olunduğuna, idxal-ixrac əməliyyatlarının tam olaraq rəsmiləşdirildiyinə işarə vuran, həmçinin dövlət orqanlarının şirkətlərdə yoxlamalarının kəskin azaldıldığına dair açıqlamaları hakimiyyətin radikal islahatlar aparmaq niyyətində olduğuna dair fikrlərin artmasına səbəb oldu. Bu gözləntiləri N.Əmirovun “hökumət hazırda vergi sistemində radikal islahatlar üzərində işləyir” fikri də gücləndirirdi.
Elə onun “Dövlət müəssisələrinin gələcəkdə səhmlərinin müəyyən hissəsinin azad bazara çıxarılması baş tuta bilər …SOCAR səhmlərinin müəyyən hissəsini satışa çıxara bilər. Lakin digər şirkətlər hələlik buna hazır deyil” fikrini də gözlənilən radikal islahatların bir istiqaməti kimi qəbul edənlər də az deyildi.
Düzdür, həm Gömrük Komitəsinin, həm də SOCAR-ın rəhbərliyi Natiq Əmirovun fikirlərini təkzib etdilər. Hətta Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev prezidentin köməkçisini yanlış fikirlər səsləndirməkdə də ittiham etdi.
Bununla belə prezidentin köməkçisinin “biz hər gün, hər həftə baş verənlər haqda prezidentə məruzə edirik” deməsi gözlənilən islahatlarda əsas söz sahiblərindən birinin də məhz Natiq Əmirov olacağı fikrini yaradırdı.
Bu fikri eyni zamanda Prezident İlham Əliyevin bu ilin martında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin hazırlanmasını Natiq Əmirova tapşırması da təsdiqləyirdi.
Xatırladaq ki, Prezidentin sərəncamında Natiq Əmirovun başçılığı ilə yaradılan İşçi Qrupuna 6 ay ərzində yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatlar cəlb olunmaqla 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini; 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini və 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini hazırlamaq tapşırılmışdı.
Prezident Administrasiyasından verilən məlumata görə, artıq “Strateji Yol Xəritəsi” adlanan sənədin hazırlanması müvafiq İşçi Qrupunun rəhbərliyi altında yekunlaşıb. Hazırda sənədin hüquqi və linqvistik ekspertizası həyata keçirilir. Eyni zamanda sənədlə bağlı bütün dövlət orqanlarından müvafiq rəylərin alınması prosesi gedir. Sənədin ilin sonuna qədər təsdiqi və ictimaiyyətə açıqlanması planlaşdırılır. Bu öz yerində.
Ancaq maraqlıdır ki, vəzifəyə təyin olunduğu ilk günlərdə gündəmi silkələyən açıqlamalar verən Natiq Əmirov, uzun müddətdir görünməz olub. Əvvələr, hələ ortada real iş, sənəd olmadığı halda, gözlənilən islahatlar barədə geniş açıqlamalar verən N.Əmirovun, xeyli vaxtdır ki, bu istiqamətdə hər hansı açıqlamasına rast gəlinmir. Halbuki, məntiqlə indi daha fəal olmalıdır – iqtisadi vəziyyət daha da pisləşib və ortada gözlənilən islahatları nəzərdə tutan sənəd mövcuddur.
Hökumətə yaxın mənbələrdən “AzPolitika.info”ya daxil olan məlumatlarda N.Əmirovun kölgəyə çəkilməsinin təsadüfi olmadığı bildirilir. Belə ki, məlumatlara görə, hakimiyyət daxilində radikal qərarlara, addımlara qarşı çox ciddi müqavimət var.
Belə ki, hakim komanda daxilində ciddi söz sahibi olanların böyük əksəriyyəti neftin yenidən bahalaşacağına ümid edərək, hansısa sahədə radikal islahatlar aparılmasına ehtiyac olmadığı, müəyyən müddət (ən azı yeni prezident seçkilərinə qədər) gözləməyi təklif edirlər.
Eyni zamanda komanda daxilində islahatların iqtidarı zəiflədə, hakim düşərgəni parcalaya biləcəyi fikri ilə çıxış edərək, mövcud status-kvonun dəyişilməsinə qarşı çıxanlar da az deyil. Belələri, böhranlı situasiyalarda belə idarəetmədə hansısa sistem dəyişikliyinə gedilməsinə qarşı çıxırlar.
İslahatlara qarşı çıxanların belə mövqe tutmasının əsas səbəblərindən biri kimi də prosesin Natiq Əmirovun başılığı ilə yaradılan İşçi Qrupunun təklifləri əsasında həyata keçirilməsi göstərilir. Məlum olduğu kimi, Natiq Əmirov da uzun illər Vergilər Nazirliyində çalışıb, Fazil Məmmədovun müavini, hətta “sağ əli” olub. O, eyni zamanda Fazil Məmmədovun da təmsil olunduğu “yeni iqtisadi komandanın” nümayəndəsi hesab olunur. Elə Natiq Əmirovun rəhbərliyi ilə islahatların “Strateji Yol Xəritəsi”nı hazırlayanların da əksəriyyəti (İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini; Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini; Alim Quliyev – Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini; Vilayət Vəliyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi islahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru; Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru; Emin Hüseynov – ADA Universitetinin prorektoru) məhz “yeni iqtisadi komandanın” nümayəndələri sayılır.
Bu da idarəetmədə hansısa islahatların əleyhinə olan “köhnə qvardiyanın” prosesə müqavimət göstərməsini stimullaşdıran əlavə arqumentə çevrilib. “Köhnə qvardiya” və onların ətrafında cəmləşənlər “yeni iqtisadi komandanın” nümayəndələrinin rəyi ilə həyata keçirilən islahatların istənilən halda onların maraqlarına cavab verməyəcəyini düşünərək prosesə müqavimət göstərirlər. Bu üzdən də “Strateji Yol Xəritəsi” xeyli müddətdir hazır olsa da, islahatlarla bağlı hansısa qərar qəbul etmək mümkün olmur. Və yaxın müddətdə qəbul ediləcəyi ehtimalı da azdır.
Eyni zamanda bütün dövlət qurumlarının fəaliyyətində tam şəffaflığı təmin edəcək bir sistemə keçilməsi ilə bağlı da ciddi tərəddüdlər var. Bəzi inhisarçı məmurlar şəffaf sistemə keçidin qəti əleyhinə çıxış edir, buna qarşı müqavimət göstərirlər. Xüsusən oliqarxiq sistemin aradan qaldırılması istiqamətində ən kiçik addımların atılmasını belə qəbul etmirlər. Hətta bəzi kiçik dəyişikliklərə görə, incik düşüb kənara çəkilən nazirlərin olduğu da bildirilir…
Hökumətə yaxın mənbələrdən “AzPolitika.info”ya daxil olan məlumatlarda bildirilir ki, hakimiyyət hazırda islahatlarla bağlı kritik qərar vermə mərhələsindədir: müqavimətə baxmayaraq, ciddi islahatlara getmək, yoxsa bir müddət də islahatlardan imtina edərək, mövcud status-kvonu saxlamaq.
Seçimlər arasında görüntü xarakterli islahatlar həyata keçirilməsi təklifi də var ki, bu halda da vəziyyət dəyişməyəcəyindən, əvvəlki status-kvonun saxlanması deməkdir.
Müşahidələrə görə, hakimiyyət daxilində ciddi və real islahatlara müqavimət böyük olduğundan ölkənin siyasi rəhbərliyi hələlik qərar verməyə tələsmir. “Mümkündür ki, bu səbəbdən Natiq Əmirov və digərlərinə hələlik islahatlarla bağlı hər hansı çıxış etməmək məsləhət görülüb. Qərar verilənədək onlardan sükunəti qorumaları istənilib” – deyə mənbə bildirir. Konstitusiya dəyişiklikləri üzrə referendumun nəticələrinin təsdiq olunmasına baxmayaraq, vitse-prezidentlik institutunun tətbiq olunması və vitse-prezidentlərin təyinatı məsələsinin qeyri-müəyyən vaxtadək ertələnməsi də bununla izah oluna bilər. Hər halda aparıcı fikir bundan ibarət idi ki, köklü iqtisadi-siyasi islahatların startı məhz vitse-prezidentlərin təyinatı ilə veriləcək.
Sonda hansı qərarın veriləcəyini söyləmək çətin olsa da, radikal və real islahatların həyata keçirilməməsinin ölkəni sürətlə uçuruma yuvarlayacağı şübhəsizdir. Bu baxımdan ölkə rəhbərliyinin radikal islahatlardan imtina edəcəyi ağlabatan görünmür. Ölkə başçısının qəflətən, hətta komandasında belə şok effekti yaradan qərarlar almaq təcrübəsi məlumdur. İslahatlarla bağlı da belə bir addımın atılacağı istisna deyil…