Fransa prezidentinin Azərbaycana səfəri başa çatdı
Fransua Olland müxalifət liderləri və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşdü
Azərbaycan və Fransa prezidentləri Bakıda mühüm mesajlar verdilər...
Vəfa Quluzadə: “Fransa çox arzu edir ki, Azərbaycan Qərbin həqiqi tərəfdaşı olsun”,
İsa Qəmbər: “Bu, demokratik qüvvələrə, seçkilərə və müzakirə olunan digər məsələlərə diqqətin artacağından xəbər verir”
"xeberinfo.com": Fransa prezidenti Fransua Ollandın Azərbaycana iki günlük səfəri başa çatıb. Azərbaycan səfərində ilk olaraq Bakı Fransız Liseyinin açılış mərasiminə qatılan ali qonağın öz çıxışlarında bir sıra mühüm mesajlar verməsi, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etməsi diqqət çəkib.
Mayın 12-də səhər Azərbaycan və Fransa prezidentləri İlham Əliyevlə Fransua Ollandın təkbətək görüşü olub. Görüş zamanı ölkələr arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Bu barədə dövlət başçısının saytı açıqlama yayıb. F. Ollandın ölkəyə rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmi vurğulanıb. Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Daha sonra prezidentlər Fransa-Azərbaycan biznes forumunda iştirak və çıxış edib. İki ölkə arasında bir sıra kommersiya müqavilələri imzalanıb. Fransa prezidenti əslən fransız olan, İmişlidə yaşayan İvonna Botto-Şirməmmədova ilə də görüşüb.
“Biz Azərbaycanın hər hansı ölkə ilə əməkdaşlığına qarşı deyilik. Bəzi qıcıq doğuran məsələlər var, Dağlıq Qarabağ münaqişəsi də bu sıradadır. Gürcüstanda da belə problemlər var”. Bunu mayın 12-də prezidentlərin birgə mətbuat konfransında Olland deyib. APA-nın xəbərinə görə, Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən Fransa prezidenti 20 il ərzində münaqişənin həlli prosesində irəliləyişlərin olmadığını qeyd edib: “ATƏT-in Minsk Qrupunun üzvü kimi Fransanın da üzərinə böyük məsuliyyət düşür. Biz bu danışıqları Ermənistanda da davam etdirəcəyik. Fransa mərhələli yolla münaqişənin həllinə səy göstərir”. Oland deyib ki, qarşıdakı günlərdə Ukrayna böhranı ilə bağlı qəti qərar qəbul edəcəklər.
Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu vurğulayan prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladıb: “Avropa Şurası və digər beynəlxalq qurumlar da sənədlər qəbul edib, ancaq işğal davam edir. ATƏT-in faktaraşdırıcı missiyasının iki səfərinin də yekununda bildirilib ki, həmin ərazilərdə yaşayış məntəqələri, abidələr dağıdılıb. Biz öz müqəddəratını təyinetmə prinsipinə hörmətlə yanaşırıq, ancaq ermənilər öz müqəddəratlarını bir dəfə təyin ediblər. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. İnanıram ki, Fransa və Minsk Qrupunun digər həmsədrləri münaqişənin həlli ilə bağlı səylərini davam etdirəcək və münaqişə tezliklə həll olunacaq, insanlarımız torpaqlarına qayıdacaqlar”.
Fransa prezidenti Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramına da diqqət çəkib. Azərbaycan prezidenti Azərbaycanla Avropa Birliyi arasında dialoqun olduğunu bildirib: “Avropa Birliyi ilə siyasi-iqtisadi əlaqələrimiz var. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı irəli sürdüyü layihələr Avropa Birliyi tərəfindən dəstəklənir. Daxili və xarici siyasətlə bağlı addımlarımıza heç bir kənar dövlət təsir edə bilməz. Azərbaycan müstəqil siyasət yürüdür. Biz siyasi və iqtisadi islahatlar aparırıq”.
Fransa və Azərbaycan prezidentləri “Frans-Press” agentliyinin Leyla Yunus və Rauf Mirqədirovla bağlı sualını cavablandırıb. Olland bildirib ki, həmişə görüşlərində insan hüquqları məsələsinə də toxunur. O, prezident Əliyevlə görüşündə yaxşı münasibətləri qorumaq üçün bütün məsələlər barədə müzakirə apardığını deyib. Azərbaycan prezidenti bildirib ki, insan hüquqları ilə bağlı Azərbaycanda vəziyyət müsbətdir, heç kim siyasi baxışlarına görə təqib edilmir: “Azərbaycanda internetə qadağa yoxdur, əhalinin 70 faizi internetdən istifadə edir. Azərbaycan müasir demokratik inkişaf yolunu seçib. Fransa ilə Azərbaycan əlaqələri də çoxşaxəlidir”.
***
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyir ki, Fransa kimi böyük, qüdrətli bir dövlətin prezidentinin Azərbaycana səfər etməsi tarixi hadisədir: “Ollandın açıqlamalarında da bir şeyi şəksiz etiraf etmək lazımdır ki, Azərbaycanın Qərb üçün böyük əhəmiyyəti var. Qərb Fransua Ollandın dili ilə çox arzu edir ki, Azərbaycan qərbyönlü və Qərb tipli bir dövlət olsun. Ona görə də Olland bir tərəfdən Azərbaycanın suverenliyini dəstəkləyir və bunu dilə gətirir, digər tərəfdən, Fransa çox arzu edir ki, Azərbaycan Qərbin normaları və prinsipləri əsasında Qərbin həqiqi tərəfdaşı olsun. Məsələn, Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür və bir çox beynəlxalq müqavilələrə imza atıb. Təbii ki, Qərb çox arzu edir ki, Azərbaycan ortaya qoyulan tələbləri tamamilə əhatə etsin və buna yönəlik siyasətini qursun”.
Fransa prezidentinin Azərbaycan səfərində bir ilkə də imza atıldı. Belə ki, Olland ölkəsinin Bakıdakı səfirliyində Azərbaycan müxalifətinin liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü. Görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, REAL Hərəkatının Məclis sədri Erkin Qədrili, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və araşdırmaçı jurnalist Xədicə İsmayıl iştirak ediblər.
Adətən Azərbaycana səfər edən dövlət başçıları rəsmi şəxslərlə, ən uzağı isə ictimaiyyət nümayəndələri və gənclərlə görüşüb geri dönürdü. Dünyanın aparıcı dövlətinin və Avropa Birliyinin əsas söz sahiblərindən olan ölkənin rəhbəri ilk dəfə Azərbaycanın ictimai-siyasi qüvvələri ilə bir araya gəlməsi ciddi jest olaraq dəyərləndirilir.
***
Müsavat başqanı İsa Qəmbər görüşlə bağlı təəssüratlarını bizimlə bölüşdü. Bildirdi ki, Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlətin prezidentinin Azərbaycanda siyasi partiya liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirməsi Azərbaycanın demokratik qüvvələrinə, müxalifətə çox böyük önəm verilməsinin təzahürü kimi qiymətləndirilə bilər: “Görüşdə bütün ənənəvi mövzular - insan haqları, demokratiyanın inkişaf səviyyəsi, seçkilərin saxtalaşdırılması, həmçinin siyasi məhbus mövzusu və Rusiyanın ekspansionist siyasəti nəticəsində son dövrdə yaranmış vəziyyət və təhlükələr, təhdidlərlə bağlı danışdıq. Azərbaycanın Avroatlantik məkana inteqrasiya meylliliyi, bizim mövqeyimiz barədə fikir mübadiləsi oldu. Eyni zamanda Qarabağ məsələsinin həlli ilə bağlı mövqeyimizi izah etdik, məsələnin ədalətli həllinə dəstək verilməsinin də önəmini qeyd etdik”.
Müxalifət lideri görüşü həm də beynəlxalq birliyin Azərbaycandakı demokratik qüvvələrə, siyasi müxalifətə diqqətinin mesajı sayır: “O mesaj hakimiyyətə və cəmiyyətə də verilib. Bu, demokratik qüvvələrə, seçkilərə və müzakirə olunan digər məsələlərə diqqətin artacağından xəbər verir”.
Görüşdən sonra həbsdəki ictimai-siyasi fəalların əfvi ilə bağlı gözləntilərin artmasına gəlincə, İ.Qəmbər qeyd elədi ki, məsələ Fransa prezidentinin keçirdiyi mətbuat konfransındakı suallarda da səslənib: “O da bu məsələyə münasibətini bildirib. Təbii ki, bu problemə diqqət artacaq. Ancaq bunun nə şəkildə olacağı ilə bağlı bir söz demək çətindir”.
Əli Kərimli: “Görüşdə xüsusi olaraq vurğuladıq ki, Avropa Şurası Azərbaycanda ona
olan etimadı itirib”
AXCP sədri Əli Kərimli “Azadlıq”a bildirib ki, regionda gedən proseslər görüşdə əsas müzakirə mövzularından biri olub: “Biz Ukraynadakı vəziyyəti, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə olan təhlükəni, Qarabağ mövzusunu, bütövlükdə Azərbaycan xalqı üçün aktual olan məsələləri müzakirə etdik. Görüşdə xüsusi olaraq vurğuladıq ki, təəssüf ki, Avropa Şurası Azərbaycanda müəyyən mənada ona olan etimadı itirib. Xüsusilə siyasi məhbuslar mövzusuna biganə münasibətinə görə. Bildirdik ki, Azərbaycan cəmiyyətinin Avropa Birliyinə ciddi ümidləri var, cəmiyyətimizin Avropaya inteqrasiya meylləri hələ də çox güclüdür və biz bu meylləri dəstəkləyirik. Ona görə də çox istərdik ki, Azərbaycan cəmiyyəti Avropa Birliyindən məyus olmasın. Avropa təşkilatlarının Azərbaycanda insan haqlarına, demokratik dəyişikliklərə daha diqqətli yanaşmalı olduğunu vurğuladıq”.
Mehman Əliyev: “Olland bildirdi ki, yaxın gələcəkdəki seçkilərlə bağlı danışıqlar aparıblar, bu məsələ diqqətdədir”
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, görüş zamanı Azərbaycanda siyasi durum, demokratiyanın vəziyyəti, söz, ifadə azadlıqları, insan haqları, sərbəst toplaşma, siyasi məhbuslar, partiyaların, azad KİV-lərin və QHT-lərin problemləri, onların fəaliyyətinin məhdudlaşdırılması, seçki qanunvericiliyi müzakirə olunub: “Qeyd olundu ki, Azərbaycan cəmiyyəti Avrointeqrasiya və Azərbaycanda demokratik dövlətin bərqərar olunmasının tərəfdarıdır, bu, xalqın iradəsi, istəyidir. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti tamam başqa istiqamətdə hərəkət edir, bunu istəmir. Buna nümunə kimi assosiativ sazişin imzalanmaması, Beynəlxalq Ticarət Təşkilatına girməməsi, başqa sahələrdə əməkdaşlığın zəifləməsindən danışıldı. O cümlədən qeyd olundu ki, Fransanın Avropada nüfuzunu nəzərə alaraq rəsmi Parisdən orada daha Azərbaycanla bağlı daha aktiv hərəkət görmək istəyirik”. M.Əliyev F.Ollandın reaksiyası barədə də danışdı: “O dedi ki, Azərbaycanda gedən proseslər həmişə rəsmi Parisin diqqətində olub və Fransa çox maraqlıdır ki, Azərbaycan demokratik dövlət kimi inkişaf etsin, Avropa Birliyi ilə münasibətlər daha sıx olsun. Bildirdi ki, yaxın gələcəkdəki seçkilərlə bağlı danışıqlar aparıblar, bu məsələ diqqətdədir və seçki qanunvericiliyinə dəyişiklikləri gözləyirlər. Dedi ki, bu il Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrlik edəcək. Bu da Azərbaycandakı problemlərin həlli istiqamətində hərəkət etmək imkanı yaradır. Onu da dedi ki, bu görüş və bütövlükdə səfərin özü də imkan yaradır ki, Fransa Azərbaycanla münasibətlərini daha da gücləndirsin. Qeyd elədi ki, problemlərin aradan qaldırılması istiqamətində ikitərəfli, o cümlədən Avropa Birliyi səviyyəsində birgə çalışılması imkanı yaranır”. M.Əliyevin sözlərinə görə, Olland Azərbaycan prezidenti ilə görüşün nəticələri barədə konkret bir söz deməyib.
“Turan”ın rəhbəri qeyd etdi ki, hüquq müdafiəçisi L.Yunusla bağlı hər hansı təltif olmayıb: “Ancaq Leyla Yunus özü ilə bağlı baş verənlərdən danışdı. Həmçinin siyasi məhbuslarla bağlı problemlər haqda məruzə etdi. Olland da qeyd etdi ki, hər şeyi bilir və diqqətdədir. Görüşün sonunda Fransa prezidenti onunla sağollaşdı və ümid etdiyini bildirdi ki, məsələ həllini tapacaq”.
Bəzi ekspertlər Fransa prezidentinin Azərbaycan müxalifəti ilə görüşünü ölkənin demokratik qüvvələrinə nəfəs verilməsi kimi qiymətləndirirlər.
Fransa prezidenti Bakıdan İrəvana uçub.