Jurnalist dövlət sirrini necə yaya bilər?
Müzəffər Baxış: “Peşəsindən asılı olmayaraq hər kəsə bu ittiham irəli sürülə bilər, amma...”;
Ələsgər Məmmədli: “Jurnalist dövlət sirrini mühafizə edən şəxslə əlaqəyə girir və...”
"xeberinfo.com": Jurnalist Rauf Mirqədirovun dövlətə xəyanət etmə ittihamı ilə həbsi bu faktoru araşdırmağı zəruri edir. Söhbət “dövlət sirrinin yayılması”, “dövlətə xəyanət” deyərkən hansı halların nəzərdə tutulmasından gedir.
Nə dövlətə xəyanət sayılır və qanunvericilikdə nələr qeyd olunub? Həmçinin o da sual olunur ki, jurnalist dövlət sirrini yaya bilərmi?
Öncə kiçik bir arayış şəklində dövlətə xəyanət maddəsinin açması barədə məlumat verək. Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bəs bu sadalanan əməllərdən hansınısa jurnalist törədə bilərmi, jurnalist dövlət sirrini necə yaya bilər? Hüquqşünas Müzəffər Baxış deyir ki, jurnalist və ya başqa peşə sahibinin kimliyindən asılı olmayaraq törətdiyi əməli sübuta yetirilməlidir. Onun sözlərinə görə, Baş Prokurorluğun R.Mirqədirovun həbsi ilə bağlı yaydığı rəsmi açıqlamada heç bir dəlil-sübuta rast gəlinmir.
M.Baxış jurnalist dövlət sirrini yaya bilməz anlayışının olmadığını qeyd etdi: “Guya Mirqədirov Azərbaycandakı ictimai-siyasi vəziyyət barədə Ermənistana xəbərlər verib. Azərbaycanda ədalətsiz məhkəmə sistemi, əsassız həbslər, qanunsuz hökmlər barədə hamı danışır, məlumat yayır. O halda gərək Müzəffər Baxışı da həbs etsinlər. Mirqədirovun əməli sübut olunmayıb, ona qarşı qondarma ittiham irəli sürülüb. Sadəcə, hakimiyyət belə istəyib ki, həbs olunsun. Ona görə də bu maddə ilə cinayət işi açıblar. Vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəsə bu ittiham irəli sürülə bilər. Amma sübuta yetirilməlidir. Mirqədirova qarşı irəli sürülən ittiham isə sübut olunmayıb”.
Hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyir ki, jurnalist dövlət sirrinin yayılmasına görə birbaşa məsuliyyət daşıyır.
Ekspert bildirir ki, Mirqədirovun həbsində irəli sürülən ittihamın mahiyyəti tam açıqlanmayıb: “Biz bilmirik ki, Mirqədirov hansı informasiyaları harada və necə ötürüb, hardan bu məlumatları əldə edib. Bunlardan məlumatsızıq. Hər jurnalist dövlət sirrini yaya bilərmi? Ya gərək dövlət sirri ilə işləmək üçün müraciət etsin, arxivdə işləsin, o halda üzərinə öhdəlik götürsün. O halda dövlət sirrini qorumaq üzrə mükəlləf sayılır. Yaxud jurnalist dövlət sirrini mühafizə edən şəxslə əlaqəyə girir və qanunsuz şəkildə həmin informasiyaları əldə edib sızdırır. Məsələn, siz redaksiyada oturmusunuz və bir məktub gəlir. Burada yaydığınız məlumat qanunsuz fəaliyyət deyil. Bir misal deyim, asanca ötürülən materiala görə özünə yox, sirri ona verən şəxsə cinayət işi açıldı. Mirqədirovun işində isə bildiyimiz bu qədərdir ki, ona 274-cü maddə ilə cinayət işi açılıb, mahiyyəti açıqlanmır”.
Ə.Məmmədli Ruslan Bəşirli həbs olunarkən onun videosunun yayıldığını yada saldı, ancaq Mirqədirovun işində hansısa görüntü, maddi sübut təqdim olunmayıb.