Gəncə Dövlət Universitetində nələr baş verir?
Dekan İldırım Qasımovun etdikləri kütləvi narazılığa səbəb olub
"xeberinfo.com": Redaksiyamızın elektron ünvanına Gəncə Dövlət Universitetində baş verən narazılıqla bağlı müraciət daxil olub. Həmin müraciəti olduğu kimi təqdim edirik.
Hörmətli "xeberinfo.com" informasiya agentliyi, biz sizə Gəncə Dövlət Universitetindəki anarxiya və buradakı korrupsiya ilə baglı məlumat vermişdik.İndi daha maraqlı məlumatlar əldə etmişik.Çox etibarlı mənbələrdən verilən ilkin məlumatlarda bildirilir ki, Prezident Administrasiyasında Siyasi analiz və informasiya şöbəsinin müdiri olmuş Elnur Aslanovla Gəncə Dövlət Universitetinin indiki rektoru Yusif Yusifov arasında ideya cəhətdən qırılmaz əlaqələr mövcuddur.Aldığımız çox dəqiq məlumatlarda Gəncə Dövlət Universitetinin indiki rektoru Yusif Yusifoun da nurçu oldugu iddia edilir.Məlumatlara görə Yusif Yusifovun bu vəzifəyə gətirilməsində onun qardaşı Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusifov, Maliyyə nazirinin müavini Azər Bayramov , Təhsil nazirinin 1-ci müavini Ceyhun Bayramov,nazir Mikayıl Cabbarovla bərabər Prezident Administrasiyasında Siyasi analiz və informasiya şöbəsinin sabiq müdiri Elnur Aslanovun xüsusi rolu olmuşdur.Yusif Yusifov adı nurçuluqda hallanan Gəncə şəhəri YAP idarə heyətinin sədri Naqif Həmzəyevin yaxın qohumudur.Yusif Yusivovun bütün maliyyə maxinasiyalarını nənələri erməni olan Vasif və Asif Həsənov qardaşları həyata keçirir.Vasif Həsənov isə Naqif Həmzəyevin qaynıdır.Yusif Yusifovun digər köməkçisi Elsevər isəTürkiyədə Fətullah Gülənə məxsus ali məktəblərdəh birində təhsil alır və Yusif müəllimlə Türkiyədəki nurçular arasinda əlaqələndirici rolunu oynayır.Elsevər Nagıyev bir ayda 2-3 dəfə Türkiyəyə ezam olunur.Yəqin ki aidiyyəti orqanlar bu məsələni araşdiracaqlar.
***
Siz heç İlya İlf və Yevgeni Petrovun əsəri əsasında Mark Zaxarovun ssenari yazdığı və məşhur Sovet kinorejissoru Leonid Qaydayın ekranlaşdırdığı “12 stul” filminə baxmısınızmı? Baş rolun ifaçısı olan Andrey Mironovun yaratdığı fırıldaqçı Ostap Süleymanoviç Bender obrazını necə, xatırlayırsınızmı? Əminliklə deyirəm, bu filmi seyr edən və bu cümlələri oxuyan hər bir şəxsin beynində yaranan ilk fikir bu olacaq: Anatoli Papanovun canlandırdığı İppolit Matveyeviç Vorobyaninov (qısaca Kisa) obrazı olmasaydı, Ostap Bender heç kim olardı... Razılaşmaq olar. Çünki Ostapla Kisa ayrılmaz cütlükdür, bir-birini tamamlayan fərddirlər, partnyordurlar, nəhayətdə isə fırıldaqlarını birgə həyata keçirirlər və biri olmasa (məsələn, Kisa) o biri (yəni ki Ostap) dələduzluğu təkbaşına edə bilməz. Sübut? ...İndi də Politmatveyiçin, yəni Kisanın Rusiyanın ucqar bir qəsəbəsində Ostap Bender üçün hazırladığı şahmat üzrə kütləvi seansı göz önünə gətirin. Kisa qəsəbəyə elanlar yapışdırır, şahmat həvəskarlarını Moskvadan gələn qrossmeysterlə oyuna dəvət edir, başlıcası isə bu yarışa tamaşa etmək üçün kifayət qədər bilet satır. Halbuki qrossmeyster kimi təqdim etdiyi Ostap Bender şahmat fiqurlarının yalnızca... gedişlərini bilir, bu oyun haqda başqa bir təsəvvürü yoxdur. Bu seans isə bu fırıldaqçıların quramasından başqa bir şey deyil, çünki onlara məlum qızıl axtarışını davam etdirmək üçün yol, yataq, yemək pulu lazım idi. Nəticəsi də məlum: Ostap Bender saxta seans zamanı bir gözü kor olan rəqibinin topunu oğurlayır, fırıldağın üstü açıldığından qarışıqlıq düşür və “aferist”lər satılan biletlərin pulunu da götürüb aradan çıxırlar...
Aylar öncə Gəncə Dövlət Universitetinə (GDU) yeni rektor təyin olunur. İndi sabiq olan rektor Yadigar Əliyev işə başlayan kimi toplantı keçirir və Universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün bütün neqativ hallara son qoyulacağını, başlıcası da rüşvətxorluğun qarşısının qətiyyətlə alınacağını elan edir. Eyni zamanda bəyan edir ki, o, ilk növbədə işə Universitetdə davamiyyətin yoxlanılmasından başlayacaq və daha sonra bütün kafedra müdirlərinin, dekanların fəaliyyəti araşdırılacaq. Universitetin bütün əməkdaşlarına da çağırış edir ki, bu işdə ona yardımçı olsunlar.
İndi köhnə, onda isə təzə rektor olan Y.Əliyev bu Universitetin əməkdaşı olduğundan niyə məhz tələbələrin davamiyyətindən başlayacağını təbii ki, bilirdi. O, onu da yaxşı bilirdi ki, özündən əvvəlki rektor Elman Məmmədovun mədəsi boş yerə şirə ifraz etməmək üçün Universitetin beş min tələbə kontingentinin az qala yarısı aylıq rüşvət müqabilində “istirahətə” buraxılıb. Yəni ki, tələbələr auditoriyaya gəlmir, dərsdə olmur, əvəzində hər ay üçün qoyulmuş nırxı ödəyirdi (deyilənə görə, hər tələbə illik “istirahətə” imtahanları da əlavə etməklə 2500 manata qədər rüşvət verirmiş).
.Bəli, rektorun tərs şilləyə bənzəyən bu xəbərdarlığından və tələbindən sonra fakültə dekanları aylığa, illiyə buraxılan tələbələrin auditoriyaya qaytarılması üçün bölgələrə, necə deyərlər, cıdır göndərmək zorunda qalırlar Amma...
Amması bu ki... tək bir nəfər – Gəncə Dövlət Universitetinin fizika və texniki fənnlər fakültəsinin dekanı İldırım Qasımov rektorun bu tələbini həzm edə bilmir. Daha doğrusu, tamahının girovuna çevrilən bu adam nə aldığı və ya aacağı puldan keçə bilir, nə də rektorun hədə dolu xəbərdarlığından. Həm də “Samsunq” firmasının işçisi olan (yəni ki həm də ticarətçi olub tacirlik edən) fakültə dekanı (bu faktor əsas verir deyək ki, İldırım Qasımov tacir xarakterini Universitetə daşıyıb, nəinki əksinə-müəllif) dilemma qarşısında qalsa da, papağını qabağına qoyub yüz ölçüb bir biçir, düşünüb-daşınır, çox fikirləşir, çox götür-qoy edir və labirintə düşüb qaranlıqda yolunu azmış adam işıq ucu axtaran kimi hey axtarır və nəhayət tərəddüdünə son qoyur. Tacir-dekan və ya dekan-tacir İldırımın başı ildırım sürətilə işlədiyindən nəhayətdə çıxış yolu tapdığını zənn edir və mühüm bir kəşf etmiş adam kimi az qalır “evrika” qışqırsın. Deyilənə görə, elə həmin günün səhərisi yuxudan kal oyanıb yollanır Bərdə rayononun mal bazarına - eynən “12 stul”un ölməz qəhrəmanları Ostap Benderin və Kisa Vorobyaninovun kombinatorluğuna bənzər planını reallaşdırmaq üçün. Sual oluna bilər: Əcəba, bu nə oyun imiş ki, böyük bir Universitetin sayılıb-seçilən fakültəsinin dekanını çəkib gətirir mal bazarına? Planın detallarına varaq: “Samsunq”un Gəncətəmsilçisi və eyni zamanda GDU-nun dekanı İldırım Qasımov rektoru neytrallaşdırmaq üçün (həm rüşvət müqabilində aylığa, illiyə buraxdığı tələbələrin auditoriyaya qaytarılmasını əngəlləmək və bununla da yığdığı pulları qorumaq, həm də fakültədə yoxlamanın qarşısını almaq, həmçinin rektorla üz-göz olmamaq-müəllif) mal bazarında dana alveri ilə məşğul olub bir tikə çörək pulu qazanan köhnə tanışı Eldəniz Alıyevlə görüşür. Çox baş sındırandan sonra gəldiyi qərarı Eldənizə açıqlayır: Sənə bir dəst bahalı paltar-kostyum, köynək, ayaqqabı, üstündən də zər-zibalı bir qalstuk alır, bir sözlə, bəy balası kimi bəzəndirirəm. Qoltuğuna alacağın meşin papka da öz yerində. Üstəlik də 3000 manat pul verirəm, 1500 manatını indi, 1500 manatını da əməliyyat bitəndən sonra. Üzərinə düşən iş isə alacağın məbləğin müqabilində heç nədir: Gəlirsən Gəncə dövlət Universitetinə, səni özüm qarşılayıram, aparıram rəhbəri olduğum dekanlığa. Müəllimlərin yanında elan edirəm ki, sən Təhsil Nazirliyinin əməkdaşısan, gəlmisən fakültəmizi yoxlamağa. Sən də özünü həm “obrazovannı”, həm də yuxarıdan, yəni bir az yekəxana aparırsan. Sonra da auditoriyanı gəzirsən, guya tədris prosesi ilə tanış olursan. Daha sonra isə... aparıram səni kabinetimə, haqq-hesabını verib yola salıram. Qalanı mənlikdir.
Yatsa yuxusuna da girməyən bu təklifdən dana alverçisi Eldənizin gözləri bərəlir. Sevincindən hətta az qalır İldırımın ayaqlarına sarıla. Bəs necə, bir var iki-üç həftədə, ayda bir dana alıb-satasan və 50-100 manat qazanasan, ya qazanmayasan, bir də var bircə gündə 3 mini qatlayıb qoyasan cibişdana, üstəlik də ömrü boyu həsrətində olduğun, əyninə dəyməyən geyim-kecim. Odur ki, bu təklifi özünə Tanrının bəxşişi sanır və heç düşünmədən razılığını bildirir...
...İki gün sonra GDU-nun fizika və texniki fənnlər fakültəsinin dekanlığında İldırım Qasımov şıq geyinmiş, zərli qalstuklu, qoltuğu meşin papkalı, oxlov kimi dik durmuş bir nəfəri müəllimlərə təqdim edir: buyurun tanış olun, Təhsil Nazirliyinin əməkdaşıdır, fakültəmizi yoxlamağa gəlib...
...Az sonra muzdlu “müfəttiş” artıq auditoriyaları gəzir, dərs prosesi ilə tanış olurdu. İnsafən, özünü də İldırımın təlimatına tam uyğun aparırdı. Amma... su səhəngi suda sınar - deyiblər. Hər necə olsa da, nə qədər təlim görsə də bazarda formalaşmış xarakteri özünü büruzə, bazar leksikonu isə Eldənizi ələ verdi - auditoriyaların birində İldırımın anlatdığı “özünü yuxarıdan, bir az da yekəxana aparmağın” barıtını qədərindən çox elədiyindən müəllimin sərt reaksiyasına və onun birbaşa rektorun yanına getməsinə səbəb oldu.
Rektor Yadigar Əliyev “yoxlamaya gələn nazirlik əməkdaşı”nın olduqca qaba danışığından, ədəbsiz rəftarından, özünü yekəxana aparmağından şikayətlənən müəllimə heç vəchlə inanmır: Nə nazirlik, nə yoxlama, bu, ola bilməz, axı mən yenicə rektor təyin olunmuşam... Rektor təyin edib arxamca da yoxlama göndərirlər?..
Müəllimin dekanlıqda gördüklərini nəqlindən və israrından sonra naəlac qalan rektor müəmmaya son qoymaq üçün Təhsil Nazirliyinə zəng edir. Oradan bildirirlər ki, nazirlikdən Gəncəyə nəinki yoxlamaya, ümumiyyətlə heç bir əməkdaş-filan ezam olunmayıb. Rektorda şübhə yarandığından polisə zəng edir...
...Bu qısa zaman kəsiyində isə dana alverçisi Eldəniz (yəni ki, Ostap Bender) özünü verir dekan İldırım Qasımovun (yəni ki, Kisa Vorobyaninovun) yanına. Hadisəni nəql edər-etməz İldırımı sanki ildırım vurur və nəfəsi bircə kəlmə qışqırığa çatır: Qaç!!!
...Amma artıq gec idi, polislər Universitetin həyətini kəsdirmişdilər və Eldənizi də elə həyətdən qaçarkən yaxalayırlar...
...Qoluna qandal vurulacağını görən fırıldaqçı, polis əməkdaşlarını fikirlərindən daşındırmaq üçün əvvəl-əvvəl hiylə və hədəyə baş vurur: -Siz mənim kim olduğumu, nə üçün buraya gəldiyimi bilmirsiniz, bu dəqiqə məni buraxmasanız sonra peşman olacaqsınız...
Polis əməkdaşlarının boz üzü, daş reaksiyası və sərt inadkarlığı ilə qarşılaşan dana alverçisi onları yumşaltmaq üçün bir az da üstünə qoyur və bu dəfə baltanı kökündən vurmaq qərarına gəlir: - Mən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşıyam...
...Dələduzun bu sözü onun qollarını burmuş polis əməkdaşlarının qulağında ucuna səsboğcu taxılmış tapança səsi kimi küt bir cingilti yaradır və... bayaqdan bəri az qala qladiatorluq edən qanun keşikçilərinin qolu boşalır... Universitet rəhbərliyi, müəllim və tələbələr, hətta bu kombinasiyanın qurucusu olan dekan İldırım da bu məşum mənzərənin tamaşaçıları arasında idi. O an, yəni aferistin son cümləsi ilə daş kimi polislərin birdən-birə mum kimi yumşalmasından, məzlum görkəm almasından sonra o məzhəkənin ayıq və sərraf gözlü bir seyrçisi olsaydı, Ostap Benderin prototipi olan dana alverçisi Eldəniz Alıyevin gözünün dərinlyində bir təbəssüm, onun tərəf-müqabili, bu oyunun ssenari müəllifi və Kisa Vorobyaninovun prototipi olan tacir-dekan İldırım Qasımovun üzündə aşkar sevinc görərdi. ...Amma tandemin bu sevinci də çox çəkmir. Rektorun MTN-in Gəncə şöbəsinə zəngindən sonra hadisə yerinə gələn təhlükəzlik əməkdaşları yerindəcə müəyyənləşdirirlər ki, Eldəniz Alıyev əvvəllər məhkum olunmuş şəxsdir və indi də özünü MTN işçisi kimi qələmə verməklə dələduzluq edir. Bundan sonra polis əməkdaşları yenidən... “qladiatora” çevrilirlər...
Gəncənin Nizami rayon Polis İdarəsinə gətirilən fırıldaqçı isə hadisəni əvvəldən axıradək nəql etməklə hər şeyi boynuna götürmək məcburiyyətində qalır. Səmimi etiraf edir ki, bütün bu məzhəkənin qurucusu, yəni baş fırıldaqçı tacir-dekan İldırım Qasımovdur... O, sövdələşmənin bazarda baş tutduğunu, məhz İldırımın təlimatı ilə hərəkət etdyini, İldırımın məqsədinin isə bu “yoxlamanı” təşkil etməklə rektorun yoxlamasının qarşısını almaq, rəhbərlik etdiyi fakültədə hər şeyin düppədüz yerində olduğu görüntüsünü yaratmaq və bununla da illiyə buraxdığı tələbələrdən yığdığı külli miqdarda pulu qaytarmamaq olub. Eldəniz bu sadalananların əks olunduğu prosesi məhz İldırımın düşünüb qurduğunu polis idarəsində yazdığı ifadəsində də təsdiqləyir.
...Sizcə, “12 stul” filminin macərə dolu süjetinə bənzər bütün bu olaylardan - cinayət məcəlləsində dələduzluq, yəni cinayət kimi təsbit olunan hadisədən sonra nə olsa yaxşıdır? Nə olacaq, yəqin sadəlövh oxucu (indi sadəlövh oxucu tapmaq müşkül olsa da) düşünür ki, tacir-dekanla dana alverçisini danaboynu eləyib qoyublar dama. Bir az gözüaçıq, günümüzün reallıqlarını dəyərləndirib dərk etməyi bacaran oxucu isə (cəmiyyətdə belələri şəksiz üstünlük təşkil edir) yəqin əlini yellədir: Əşi, nə olasıdır ki... bir az sıxma-boğmaya salıb da tərlədib buraxıblar...
...Çox təəssüf və yazıqlar olsun ki, dələduzun faktları konstatasiya etdiyi ifadəsindən sonra... hə, hə, nə qədər qəribə və təəccüblü olsa da fırıldaqçı tacir-dekanın, necə deyərlər, duzuna gedən fırıldaqçı dana alverçisini... sərbəst buraxıblar! Yəni gözlənildiyi kimi, ikinci oxucunun təxmiləri doğrulub. Hələ bu harasıdır... Dana alverçisinin izahatı alınıb sərbəst buraxılandan sonra guya ki, o... “yoxa çıxıb”. Dovşanın araba ilə tutulduğu bir zamanda belə sərsəm məntiq sahibi olan kütbeyinlərə adamın yazığı gələr, gəlməz? Əgər söhbət “yoxa çıxmaq” yox, yoxa çıxarılmaqdan getsəydi... Nə isə, bu “Cırtdan” nağılını hələlik qoyaq bir qırağa. Daha qəribəsi və təəccülüsü odur ki,BU BİABIRÇILIĞIN İDEYA MÜƏLLİFİ, TƏŞKİLATÇISI, NƏHAYƏTDƏ İSƏ BAŞ ROLUN İFAÇISI OLAN UNİVERSİTET DEKANININ CİNAYƏTİNƏ NƏ SƏBƏBDƏNSƏ(Məlum səbəbdən “səbəb” yazdım, səbəblər yox, çünki bunun məhz bir səbəbi ola bilər-M.Ə) GÖZ YUMULUB. Belə görünür ki, ona heç “gözün üstə qaşın var” deyən də olmayıb. Yox, əgər hüquq-mühafizə orqanlarında bunun əksini düşünən varsa, əlinə bir qırmızı qələm alıb yazdıqlarımızın üstündən xətt çəkə bilər. Təbii ki, Əlahəzrət Fakta istinad etməklə. Varmı?!
Göründüyü kimi, baş rolda özünün oynadığı film kimi olayın ssenarisi buraya qədər tacir-dekanın, yəni İldırım Qasımovun qələmindən çıxmışdır... Yox, yox, ölü nöqtədə qalmış prosesdən bəlli olur ki, nəinki buraya qədər, hətta hadisədən keçən aylarda baş verənlərin, daha doğrusu, baş verməyənlərin ssenari müəllifi də möhtərəm İldırım əkədir. Əks təqdirdə... əgər hüquq-mühafizə orqanları bir azca təpərli olub qanun naminə nəfslərinə güc gəlsəydi, indi yəqin ki, Kisa Vorobyaninovun və Ostap Benderin prototipləri olan İldırım Qasımovun və Eldəniz Alıyevin cinayət əməlinin kulminasiyasını onlar yazardı. İndi məhz o dələduzluq əməlinin ört-basdır edilməsinin nəticəsidir ki, bu gün Gəncə Dövlət Universitetinin tacir-kombinator dekanı İldırım Qasımov Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru və kirvəsi olan Orucəli Rzayevə güvənərək (Yeri gəlmişkən bir mühüm faktoru qeyd edək ki, İldırım Qasımov vaxtilə, yəni uzun illər televizor təmirçisi işləyib və təhsil sisteminə də məhz Orucəli Rzayevin sayəsində televizor təmiri ustalığından ayaq açıb. Bu gün dekan kreslosuna məhz onun proteksiyası sayəsində otursa da, İldırım əkə indinin özündə belə köhnə şakərindən əl çəkməyib-müəllif) yuxarılara bağlılığından və o işə (haqqında bəhs etdiyimiz dələduzluq faktına) çoxdan xitam verildiyindən qürrələnərək, az qala döşünə döyərək danışır və təhsil sistemində daha yekə iddialar haqqında düşünür - güman ki, daha yekə kombinasiyalar qurmaq üçün(Qeyd edək ki, GDU-da hər dəfə rektor yeri boşalanda İ.Qasımov kirvəsinə borclu qalmamaq üçün GDU-ya məhz Orucəlinin gətirilməsi üçün çalışıb, Universitetdə onun təbliğatı ilə məşğul olub. Təsəvvür etmək heç də çətin deyil ki, bu adamın iddiaları doğrulsa, o, daha hansı kombinasiyaları qura, daha hansı dələduzluq və fırıldaqlara imza ata bilər. Və həm də təsəvvür edin ki, bu boyda oyundan çıxan bu adam bu gün Universitetin fizika və texniki fənnlər fakültəsində hələ də dominantlıq edir.
Redaksiya: Yazıda adları hallanan şəxslərin mövqeyini dinləməyə hazırıq