Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vyana görüşünün sirləri: Təhlükəli status-kvo ilə yola davam?

Vyana görüşünün sirləri: danışıq başladı, müharibə bitmədi...

Aprel döyüşlərindən sonra prezidentlərin ilk təması Qarabağ konfliktinin dinc həll perspektivinə aydınlıq gətirmədi; iyun kritik ay olaraq qalır; Lavrovun “mərhələli həll” anonsunun pərdəarxası; Putinin müşaviri: “Hər şey Rusiyanın planı üzrə gedir...” 

 

Xeberinfo.com:   Apreldəki 4 günlük müharibədən sonra Qarabağ dair ilk sülh danışıqları baş tutdu. Mayın 16-da Vyanada ATƏT-in Minsk Qrupu həmsədrləri və həmsədr dövlətlərin - ABŞ, Rusiya, Fransanın xarici siyasət idarələrinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan bir araya gəldi.
Vyana görüşü format etibarilə əvvəlkilərdən daha geniş olması ilə fərqlənsə də, onun nizamlama prosesində dərhal və hansısa mühüm nəticəyə gətirəcəyi barədə gözləntilər əslində böyük deyildi. Bu da onunla bağlı idi ki, aprel döyüşlərindən sonra münaqişə tərəfləri arasında etimad atmosferi daha da zəifləmişdi və bir gündə dinc danışıqlarda sıçrayışlı irəliləyişə nail olmaq real deyildi (Vyanada İlham Əliyevlə Sərkisyanın bir-birinin əlini sıxmaması özlüyündə çox şey deyir). 
Əsas dıqqətin münaqişə zonasında yeni müharibənin qarşısını almaq və etimad tədbirlərini gücləndirməyə  yönəldiləcəyi deyilirdi və elə də oldu. 
Görüşdən sonra ATƏT-in Minsk Qrupunun verdiyi bir neçə cümləlik bəyanat bunu təsdiq edir. “Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduqlarını bildiriblər. Tərəflər aqressiyanı azaltmaq üçün qısa müddətdə ATƏT-in istintaq mexanizmləri üzərində işi başa çatdırmaq barədə razılaşıb” - bəyanatda bildirilir. Sənəddə həmçinin Azərbaycan və Ermənistan rəhbərliyinin iyunda növbəti danışıqların yerini və vaxtını müəyyənləşdirmək barədə razılığa gəldiyi qeyd olunur.
*    *    *
Görüş qapalı keçirildiyindən, detallar açıqlanmadığından onun yekunu ilə bağlı qəti fikir söyləmək sözsüz ki, çətindir. Ola bilsin, detalları açıqlamamaq haqda ümumi razılıq da mövcuddur. Həmin detalların nədən ibarət olduğunu yəqin ki, önümüzdəki həftələrdə və ya ayda biləcəyik. 
Şübhə yox ki, Azərbaycan tərəfi, prezident İlham Əliyev Vyana təmaslarında aprel döyüşlərinə gətirən əsas səbəb - erməni işğalı haqda ətraflı şəkildə  görüş iştirakçılarını bir daha məlumatlandırıb, konfliktin 22 ildir çözülməmiş qalmasında təcavüz faktını xüsusi qabardıb, status-kvonun əbədi qalmasının yolverilməzliyini və mümkün fəsadlarını qeyd edib. Bununla belə, görüşlə bağlı müəyyən qənaətləri sadalamağa dəyər. 
 
Əvvəla, prezidentlərin budəfəki görüşündə də yazılı heç bir sənəd qəbul olunmayıb. Bu, o deməkdir ki, nə Bakı, nə də İrəvan öz üzərinə yeni heç bir öhdəlik götürməyib. Başqa sözlə, status-kvo hazırda yerində qalır. Demək, müharibə riskləri də dəyişməyib. Bəyanatda heç olmasa, ümumi şəkildə Azərbaycanın ərazilərinin işğal altda qalması faktının qeyd edilməməsi Vyana görüşünün müharibə risklərini azaltmayacağı qənaətini gücləndirir ki, zəiflətmir. 
Doğrudur, insidentlərin monitorinqi ilə bağlı ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kasprşikin fəaliyyətini genişləndirmək nəzərdə tutulur. 
Ancaq aprel olayları göstərdi ki, indiyədək həyata keçirilən bu cür fəaliyyət böyük hərbi toqquşlmaların qarşısını almaqda acizdir və Ermənistan işğal elədiyi torpaqlardan çıxmaq iradəsi ortaya qoymayınca, almaq gücündə olmayacaq. 
 
İkincisi, prezidentlərin iyunda bir araya gəlməklə bağlı ilkin razılığı da şəksiz ki, vasitəçi dövlətlərin müharibə riskini azaltmaq istəyi ilə bağlıdır. Hər halda əksər analitiklər məhz iyun ayında münaqişə zonasında yeni və genişmiqyaslı hərbi toqquşma barədə xəbərdarlıqlar eləməkdə idilər.  

Üçüncüsü və ən önəmlisi, Azərbaycan Vyanada müəyyən şifahi öhdəlik götürsə də - görüşün formatı bunu diktə edirdi - savaş haqqını özündə saxlayır, yəni heç də öz əl-qolunu bağlamayıb. Hər halda, Bakının güzəştə gedəcəyi bir şey yox. Güzəşt etməli yeganə tərəf Ermənistandır. Əgər işğalçı ölkə iyunda da əraziləri boşaltmaq yönündə hərəkətlilik göstərməsə, həmişəki kimi, vaxt uzatmağa çalışsa, o zaman Bakı “əsas silahı” təzədən işə salmaqda tam haqlı görünəcək - yetər ki, Azərbaycan təmas xəttində ermənilərin istədiyi monitorinq mexanizminin tətbiqinə imkan verməsin, yaxud buna şərtlə, müvəqqəti razı olsun. 
O zaman bu müharibəyə Rusiya, ABŞ və Avropanın Suriya və Ukraynadan sonra yeni bir müharibə ocağı istəməməsi kimi ortaq marağı da mane ola bilməyəcək. Yeri gəlmişkən, Vyana görüşündə üç həmsədr dövləti birləşdirən, onları XİN başçıları səviyyəsində bir araya gətirən tək maraq bu idi. Ancaq bu, əsla o anlama gəlmir ki, Azərbaycan öz maraqlarını həmin marağa qurban verməli və işğal rejiminə əbədi dözüm göstərməlidir. BMT-nin, Avropa Şurasının, Avropa Parlamentinin, digər mötəbər təşkilatların Ermənistanı təcavüzkar kimi tanıyan qətnamələrini hələ ki heç kim ləğv etməyib.
Başqa sözlə, Vyana danışıqları Azərbaycan əsgərinin müqəddəs missiyasını əlindən almadı. Bu missiya qalır və Qarabağ məsələsində son sözü də yəqin ki, o deyəcək. Təbii ki, işğalçı tərəf tezliklə konstruktiv mövqeyə vadar edilməsə...        
                              
*    *    * 
Vyana görüşü ilə bağlı digər şərhlər də var. “ATƏT-in Minsk Qrupu həmsədrlərinin ortaq bəyanatı münaqişənin həlli ilə bağlı əsas məsələnin mahiyyətindən daha çox detallarla zəngindir”. Bu sözləri politoloq Elxan Şahinoğlu deyib (axar.az). Siyasi şərhçi görüşün yekunu ilə bağlı bəzi məqamları açıqlayıb: “Birincisi, Ermənistan danışıqları əvvəlki tək uzadarsa, Azərbaycanın qarşı tərəfə apreldə olduğu kimi gücünü göstərməkdən başqa alternativ yolu qalmayacaq. İkincisi, vasitəçilər insidentləri araşdırmaq istəyirlər. İnsidentlərin araşdırılması Ermənistanın status-kvonu uzatmaq siyasətinə uyğundur. Məsələ də ondadır ki, biz işğalçı Ermənistan ordusunu Ağdam, Füzuli və digər istiqamətlərdə daim təzyiq altında saxlamasaq, İrəvan öz xoşu ilə işğal altındakı torpaqları boşaldarmı? Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər insidentlərin araşdırılmasına razılaşmaq olmaz. Necə ki, işğal ortadan qaldırılmayana qədər snayperləri və ağır hərbi texnikanı da geri çəkə bilmərik. ATƏT-in bəyanatı imzalanan sənəd deyil, üzərimizə məsuliyyət qoymur. Ona görə də bəyanata riayət etmək kimi öhdəliyimiz yoxdur”.
Politoloq Lavrovun açıqlamasına da toxunub: “Lavrov deyib ki, çox güman, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, münaqişənin nizanlanmasını mərhələli şəkildə həll etmək lazım olacaq. Bu cümlə o deməkdirmi ki, vasitəçilər Ermənistanı status məsələsini qabartmadan Dağlıq Qarabağ ətrafındakı ilkin olaraq 5 rayonun azad olunmasına razı sala bilərlər? Yaxın iki ayda bu cümlənin arxasındakı məntiqi görməliyik. Əgər əvvəlki tək Ermənistan hakimiyyəti ilkin olaraq 5 rayonun boşaldılmasını Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendum tarixinə bərabər tutacaqsa, Lavrovun sözlərinin əhəmiyyəti olmayacaq, danışıqlar apreldən əvvəlki vəziyyətinə qayıdacaq”. 
E.Şahinoğlu hesab edir ki, bütün hallarda Vyana görüşü bizə lazım idi: “Bütün dünya gördü ki, Azərbaycan nəticəsiz danışıqlardan bezib və işğal altındakı torpaqları azad etmək əzmindədir. Vyana bu əhval-ruhiyyənin daşıyıcısına çevrilməli idi. Ancaq Vyanadan sonrakı müddətdə Ermənistan heç bir addım atmazsa, növbəti görüşlər bizim əleyhimizə işləyə bilər. Çünki münaqişənin həllində konkret addımlar atılmadan görüşlərin davamı, dövlət başçısı İlham Əliyevin dediyi kimi, imitasiya xarakteri daşıyacaq. İmitasiya isə status-kvonun davamı deməkdir. Ona görə də səngərdəki hərbçimiz silahı əlində apreldə olduğu kimi möhkəm tutmalıdır”.
***
Politoloq Şahin Cəfərliyə görə, Vyana görüşü göstərdi ki, cəbhədə aprel döyüşlərinin nəticələri masadakı diplomatik prosesə təsir göstərməyib: “Yeganə təsiri odur ki, proses intensivləşib, amma intensivləşən dialoq bizim maraqlarımız çərçivəsində getmir. Təmas xəttində beynəlxalq müşahidə mexanizminin qurulması Azərbaycan Silahlı Qüvvələrinin əl-qolunu bağlayaraq son aylarda qazanılan taktiki üstünlüyün və işğalçı üzərindəki mühüm basqı vasitəsinin əldən verilməsinə səbəb olacaq. Bu pressinqdən qurtulacaq işğalçının masa başında güzəştlərə meylli olacağını düşünmək sadəlövhlük olardı. Məsələnin başqa bir tərəfi acı beynəlxalq reallıqların bir daha ortaya çıxmasından ibarətdir. Qərb bu məsələni Rusiyanın öhdəsinə buraxıb. Bunun əsas səbəbi odur ki, Ermənistan Rusiyanın vassalıdır, Azərbaycan isə Qərbyönlü seçim etmir və Rusiyadan hələ də mədət umur. Yəni hər iki münaqişə tərəfi Moskvanın bu məsələdə dominantlığını tamamilə qəbul etmiş durumdadır. Kobud ifadə etsək, Qərb riyakarcasına deyir ki, madam hər ikiniz Rusiyaya bu qədər güvənirsiniz, qoy probleminizi ruslar həll etsin, biz kənardan bunu yalnız alqışlaya bilərik”.
***
Bu arada Sərkisyan Vyana görüşlərinin bəzi detallarını açıqlayıb. Ermənistan prezidenti deyib ki, Azərbaycan prezidenti aprelin əvvəllərində baş vermiş toqquşmalara görə Ermənistan tərəfini günahlandırıb (Virtualaz.org).
“Əliyevlə 20 görüşümüz olub, razılaşmalar əldə edilib, ancaq Bakıya qayıdanda tamam başqa bəyanatlar verib. Bundan əlavə, Əliyev görüşdə mənə və həmsədrlərə göz gəzdirib əmin etməyə çalışdı ki, aprel təxribatının təşəbbüskarı Ermənistan olub. Ancaq bu bizim nəyimizə lazım idi? Bizim hədəfimiz odur ki, həmsədrlər əmin olsunlar - biz nə status-kvonu saxlamaq istəyirik, nə əbədi müharibə” - Sərkisyan bildirib. 
Lakin onun iddiasına görə, Azərbaycan təmas xəttində monitorinq vasitələrinin yerləşdirilməsinə razılıq verərkən erməni qoşunlarının çıxarılması şərtini irəli sürməyib. Sərkisyan deyib ki, çox qısa zamanda ATƏT-in monitorinq missiyasının tərkibi genişləndiriləcək. Avadanlıqlara gəldiksə isə onun sözlərinə görə, bu, növbəti görüşə qədər quraşdırılmalıdır.
Xatırladaq ki, təmas xəttində atəşkəsə nəzarət etmək üçün videomüşahidə kameralarının yerləşdirilməsini əvvəlcə ermənipərəst amerikalı konqresmenlər irəli sürüb. Amerikadakı erməni lobbisi bu ideyanın Dövlət Departamenti tərəfindən rəsmən ortaya qoyulmasına nail olub. Azərbaycan indiyədək təmas xəttində insidentlərin araşdırılması mexanizmini qəbul etmirdi və bildirirdi ki, belə mexanizm ancaq status-kvonu saxlamağa xidmət edir.
 
*    *    * 
Rusiyalı tanınmış politoloq, prezident Vladimir Putinin etibarlı şəxsi Sergey Markov isə prezidentlərin görüşünü “Kazan formulu”nun reallaşmasına doğru uzun yolda proloq adlandırıb. “Əldə olunan anlaşmalardan biri təmas xəttində baş verənlərlə bağlı monitorinq sisteminin yaradılmasıdır. Bu addım qoşunların qarşı-qarşıya durduğu yerlərdə hərbi gərginliyin azalmasına imkan verəcək. Ancaq bunun ardınca başqa addımlar, yeni danışıq raundları gəlməlidir. Hansı danışıqlar zamanı ki, əvvəlcə çox kiçik anlaşmalar olacaq, amma 5-6-cı görüşdə ehtimal ki, ”Kazan formulu" üzrə razılığa çıxmaq üçün qətiyyətli səyləri görə biləcəyik. Bu planın mahiyyətini isə - Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsinin Ermənistan və Dağlıq Qarabağın blokadasını götürməyə dəyişmək təşkil edir. Hər şey elə buna doğru gedir. Odur ki, bu görüş olduqca vacib idi - hətta heç bir razılaş əldə olunmasa belə: çünki Vyana görüşü danışıqları bərpa eləməyə imkan yaratdı", - deyə politoloq görüşün yekunlarını “Vestnik Kavkaza” nəşrinə şərh edərkən bildirib. 
Bununla belə, o, müharibə risklərinin hələ ki yüksək olduğunu da qeyd edib. “Aydındır ki, əgər bunun ardınca heç bir ciddi irəliləyiş əldə olunmasa, təmas xəttində hərbi əməliyyatlar bərpa olunacaq. Hələ ki münaqişə zonasında situasiya dəyişməyib” - Putinin müşaviri vurğulayıb.
Musavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam